İbadət evləri arasında kilsələr hər zaman xüsusi diqqətimi çəkib. Dini etiqadım müsəlman olsa da, kilsə ab-havası mənə xoş təsir edib. Hələ tələbə olanda universitetimizin yaxınlığındakı kilsəyə ilk gedişimi xatırlayıram. Dostlarım kimi mən də maraq xatirinə oraya getdim və bu, məndə adət halını aldı. Lakin pandemiya səbəbilə bir sıra fəaliyyət sahələri kimi, ibadət evlərinin də qapıları insanların üzünə qapanması ilə ayağımı kilsədən kəsdim.
Bu gün isə uzun fasilədən sonra yenidən kilsəyə baş çəkdim.
Səhər saat 9:00 dua vaxtı olduğu üçün özümüzü məbədə çatdırdıq. Qapıda hərarətimiz yoxlanıb, əllərimiz dezinfeksiya edildikdən sonra içəri keçə bildik. Adətən, kilsəyə nə zaman gəlsəm, içəridə tünlük müşahidə olunardı. Lakin bu gün o qələbəliklə qarşılaşa bilmədim.
Keşiş Konstantin ata deyir ki, pandemiya səbəbilə gələnlərin sayı azalıb. Dua vaxtı olsa da içəridə barmaqla sayılası qədər adam var idi. Hər kəs duasını edib, harasa tələsirdi...
Tələsənlərin arasından qaçıb, məbəd ilə tanış olmağa başladıq. Paytaxtın mərkəzində yerləşib, memarlıq üslubu ilə seçilən bu kilsə Bakı və Xəzəryanı Yeparxiyanın baş məbədi sayılır.
Müqəddəs Jen-Mironostis kilsəsi 1907-ci ildə memar Verjivskinin layihəsi əsasında milyonçu Hacı Zeynalabdin Tağıyev tərəfindən tikilib. İbadət evinin açılışında o dövrün siyasi və görkəmli din xadimləri, o cümlədən Rus çarının Qafqazdakı canişini iştirak edib. 114 yaşlı məbəd ilk zamanlar Salyan piyada ehtiyat alayının tabeliyində olub və onların mənəvi ehtiyaclarını ödəyib. Sonralar isə Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələri hesabına inşa edilən kilsə qapılarını inanclı insanların üzünə açıb.
Müqəddəs Jen-Mironostis kilsəsi sovet hakimiyyəti illərində ilk bağlanan kilsələrdən biri olub və baş keşişi güllələnib. Məbəd kommunist rejimi vaxtı anbara çevrilib, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək idman zalı kimi istifadə olunub. Məbədin yarı dağılmış binası 1992-ci ildə Rus provaslav kilsəsinin sərəncamına verilib.
Bayaq da qeyd etdiyim ki, daha əvvəllər də vaxt tapdıqca kilsəyə gələr, arzu diləyib, şam yandırardım. Xristian dinində insanlar inanır ki, şamlar onları dua etdikləri müqəddəslərə daha da yaxınlaşdırır və dualarının qəbul olunmasına kömək edir. Sual verilsə ki, kilsədə ən çox nəyi sevirsən? Cavabım şam qoxusu olar. Həmin qoxunu ciyərlərimə çəkmək üçün içəri keçməyə tələsirdim. Hərçənd, hər şam yandıranda elə bilirəm ki, arzular yandırılır. Lakin adəti pozmayıb, məbədlə tanış olduqdan sonra, biz də digər ziyarətçilər kimi şam aldıq.
Son olaraq qeyd edim ki, hazırda Azərbaycanda altı provaslav kilsəsi fəaliyyət göstərir və onlardan üçü paytaxtda yerləşir.