24 İyul 2021 10:25
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyinə görə iki ildir qurbanlıq heyvanlar onlayn şəkildə sifariş olunur. Bu il respublika üzrə ümumilikdə 176 yerdə qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin fəaliyyətinə icazə verilmişdi. Ayrılan yerləri nəzərə alsaq, minlərlə qurbanlıq heyvanın satışa çıxarıldığını demək olar.

Müşahidələr göstərdi ki, bu il ötən illə müqayisədə az qurban kəsilib. Qurban bayramı zamanı nə qədər heyvanın satışa çıxarıldığı, nə qədərinin satıldığı, nə qədərinin isə satılmadığı maraq mövzusudur.

Araşdırma zamanı məlum olur ki, Kənd Təsərrüfatı Nazirliyi belə bir statistikanı aparmır. Nazirlik yalnız müraciət edən hüquqi və ya fizik şəxslərə satış icazəsi verir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə həmişəki kimi susur. Bir sözlə, qurbanlıq heyvanların sayı məsələsi dövlət sirri kimi qorunur...

Məsələ ilə bağlı Teleqraf.com-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bu il bazara çıxarılan qurbanlıq heyvanların böyük əksəriyyəti özünə müştəri tapa bilməyib:

“Artıq bayram başa çatıb. Satılan və satılmayan heyvanlarla bağlı həm Kənd Təsərrüfatı Nazirliyində, həm AQTA-da, həm də Dövlət Statistika Komitəsində məlumatlar olmalı idi. Əgər bu qurumlarda nə qədər qurbanlığın satışa çıxması, nə qədərinin satılması barədə statistika yoxdursa, hansısa konkret rəqəm bildirə bilmərəm. Amma bu dəqiqdir ki, bazara çıxarılan heyvanların ən yaxşı halda yarısı satıla bilər. Çünki əhalinin maliyyə imkanları zəifdir.

Məsələn, ətrafımda ötən il qurban kəsən kifayət qədər insanlar tanıyıram ki, bu il qurban kəsə bilmədilər. Bunu əhali özü də müqayisə etsə, aydın görə bilər. Hər il evlərə qurban payları gəlirdi. Müqayisə edəndə görmək olar ki, ötən il bir evə neçə nəfər qurban payı göndərib, bu il nə qədər olub. Məsələn, hər il bizə 15-20 nəfər qurban payı göndərirdi, bu il bir nəfərdən başqa heç kim pay göndərməyib. Hər il özüm də qurban alıb kəsirdim, amma bu il ala bilmədim”.

İqtisadçı deyir ki, pandemiya səbəbindən rəsmi və qeyri-leqal iş yerləri bağlanıb: “Əhalinin böyük əksəriyyəti iş yerlərini itirdiyinə görə gəlirləri minimuma düşüb. Müsbət xüsusiyyətdir ki, ölkəmizdə ailələr daxili valyuta ehtiyatlarını saxlamağa üstünlük verirdi. Demək olar ki, il yarımda əhalinin yığdığı həmin ehtiyatlar da tükənib. Ona görə də bu il Qurban bayramı ötən illərlə müqayisədə çox aşağı səviyyədə keçirilib və qurban kəsənlərin sayı kəskin şəkildə azalıb”.

Bazara qurbanlıq heyvan çıxaran fermerlərə rəsmi icazələrin verilməsinə gəlincə, analitik bu sahədə məhdudiyyət və bürokratiya olduğunu deyib: “Məlumdur ki, AQTA qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimini və satışını həyata keçirmək üçün icazə verməlidir. Amma Kənd Təsərrüfatı Nazirliyinin hər hansı bir icazə verməsi əngəldir. Rayonlarda bazarlara heyvan çıxarmaq üçün icazəyə ehtiyac yoxdur. Amma rayonlarda olan fermerlərin heyvanlarını Bakıya gətirilməsinə birbaşa maneə yaradılır. Bunun üçün mütləq Kənd Təsərrüfatı Nazirliyindən icazə alınmalıdır. Bu da Bakı ilə rayonlar arasındakı qiymətlərin bir-birindən kəskin fərqlənməsinə gətirib çıxarır.

Bakıya ət gətirən bir qrup adam var ki, onlar rayonlarda heyvan saxlayıb böyüdən fermerdən daha çox qazanır. Hazırda Beyləqan rayonunda quzu ətinin kiloqramı 8 manatdır, Bakıda isə 14 manatdan aşağı deyil. Eləcə rayonlarda mal ətinin kilosu 6 manatdır, Bakıda isə 10-11 manatdır. Rayonlarda əhalinin əksəriyyəti qurban kəsmək üçün heyvanı özü saxlayır. Buna görə də bölgələrdə alıcılıq qabiliyyəti aşağı düşüb.

Bakıya heyvan gətirənlər rayonlarda diri heyvan bazarında ətin kiloqramını 6-7 manatdan alır, 14 manata satır. Fermerə bir kilo ətdən 4 manat, işbaza isə 8 manat qalır. İşbazın uzaq başı 2 manat əlavə xərci çıxır, 6 manat da qazanc əldə edir. Başqa sözlə, fermer 4 manat, dəllal isə 6 manat qazanır. Onu da nəzərə almaq lazımdır ki, fermer həmin 4 manatı 6-7 aya qazanır. Çünki quzu doğulandan 6-7 ay sonra onu bəsləmək lazımdır ki, satmaq mümkün olsun. Bu cür əngəllər fermerlərin öz məhsulunu Bakı bazarına gətirib çıxarmasına mane yaradır.

Hər bir qurum 4-5 lisenziya müəyyən etməklə əslində, qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar. Məncə, dövlət qurumları vəziyyətin nə yerdə olduğundan yaxşı məlumatlıdırlar. Ət bazarına nəzarət edən monopolistlər Kənd Təsərrüfatı Nazirliyinə, AQTA-ya işləyir. Bütün əhalinin mənafeyini bir qrup inhisarçıya qurban verirlər.

Son 5-6 ildə kənd təsərrüfatı 80%-i monopoliyadadır. Kənd Təsərrüfatı Nazirliyi də onlarla bir işləyən adamlara icazə verir. Bir qrup adam ölkənin həm mərkəzi şəhər bazarlarına nəzarət edirlər, həm də öz təsərrüfatları vasitəsilə ayrılan subsidiyaları mənimsəyirlər. Yəni burada kompleks işdən söhbət gedir. Çox təəssüf ki, bu kompleks iş Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan vermir”.

Akif Nəsrlinin sözlərinə görə, 30 ildə kənd təsərrüfatına 40-50 milyard manat vəsait qoyulsa da, ortada heç nə yoxdur: “Əslində bu qədər vəsait qoyulan Azərbaycanın kənd təsərrüfatı bu gün İsrail, Hollandiya, Kanada kənd təsərrüfatı ilə rəqabətə girməli idi. Biri gedib 10 hektar ərazidə taxıl əkir, aydındır ki, subsidiyanın böyük bir hissəsi taxılçılığa ayrılır. Başqa biri min qoyun saxlayırsa, rəsmiləşmədə bunu 10 min qoyun kimi göstərir və subsidiya alır”.

Ekspertin müşahidələrinə əsasən, qurbanlıq bazarına adətən yerli heyvanlar çıxarılır: “Ümumiyyətlə, Azərbaycanda ət bazarına idxal olunmuş ət çox az hallarda çıxarılır. İnanmıram ki, bu il idxal heyvanların bazara çıxarılması halı böyük şəkildə olsun. Çünki bu il alıcılıq qabiliyyəti çox aşağı olub. Əvvəlki illərdə Gürcüstan gətirilən heyvanlar qurbanlıq bazarına çıxarılırdı. Çünki yerli istehsal çox deyildi.

Azərbaycanda illik təxminən 800 min ton ətə ehtiyac var, amma yerli istehsal cəmi 300 min tondur. Burada söhbət tək əhali qrupundan getmir, çoxsaylı şəxsi heyəti olan dövlət qurumları, hərbi hissələr var ki, onların ət ehtiyacını ödəmək üçün əsasən xarici məhsullara üstünlük verilir. Daxili bazarda isə əsasən yerli və Gürcüstandan idxal olunan heyvanlara üstünlük verilir.

Müqayisədə xarici istehsal ucuz başa gəlir. Gürcüstanda elə heyvan sortları var ki, ətinin kiloqramı 3-4 manata satılır. Dünyada kənd təsərrüfatının bütün sahələrinin intensiv inkişafı qurulub. Əgər ətlik heyvanlar nəzərdə tutulubsa, daha çox ət verən və ya südlük nəzərdə tutulubsa, daha çox süd verən sortlar yetişdirilir. Amma Azərbaycanda bu istiqamətdə də inkişaf yoxdur, əsasən cır heyvanlardan istifadə olunur ki, onların da maya dəyəri baha, xüsusi növlərin əti isə ucuz başa gəlir. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün kompleks yanaşma yoxdur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər