2 Oktyabr 2021 09:27
2 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur.

Onunla müsahibəni təqdim edirik.

- Eyyub müəllim, mütaliə etməyə vaxt tapırsınızmı?

- Bəli. Vaxt tapıram. Demək olar ki, hər yerdə kitab oxuyuram, təyyarədə, avtobusda. Çalışıram daim mütaliə edim.

- Hansı mövzuda kitabları sevirsiniz?

- Müxtəlif mövzularda kitab oxuyuram. İlk oxuduğum roman Daniel Defonun “Robinzon Kruzonun macəraları” kitabı olub, onda altıncı sinifdə oxuyurdum. Bir müddət macəra romanlarına maarq göstərmişəm. Son on ildə tarixi, psixoloji əsərlər, işimlə - istehlakçı hüquqları ilə bağlı çoxsaylı kitabları oxuyuram.

Ümumiyyətlə, oxumaq istəyinin, oxumaq potensialının təxminən 25 faizini yerinə yetirə bilirəm. Əslində, 75 faiz tənbəllik edirəm.

Əlbəttə, ixtisasımı da sevirəm. Lakin dünyanın ən sevdiyim sahə riyaziyyatdır. Ona aid də mümkün qədər oxuyuram.

- Kitabxananızın neçə illik tarixi var? Kitablarınızın sayı neçədir?

- Təxminən 300 kitabım var. Bəzi kitabları bir neçə dəfə oxumuşam. Kitab var ki, onu dərk etmək üçün bir neçə dəfə oxumaq lazımdır. Kitablar arasında ən dərinlərindən biri Qurani-Kərimdir, onun rus variantını oxumuşam.

- Kitabı təkrar oxuyanda yeni nə qazanırsınız?

- Bəzi insanlar yaşlandıqca yaddaşlarında kütləşmə əmələ gəlir. Bəzən oxuduğum bir material, oxuduğum epizod səthi yadda qalır. Bu həyatda ona oxşar bir şey görəndə xatırlayırsan, qayıdıb təkrar oxuyursan ki, kitabda tapasan.

Ümumiyyətlə, hər bir mükəmməl əsər dəfələrlə oxunmağa layiqdir. Mükəmməl əsəri hər oxuyanda insan yeni şeylər tapır. İnsanın müdrikləşməsində kitabın çox böyük rolu var.

- Kitabxananızın ayrılmaz parçası hesab etdiyiniz kitab hansıdır?

- Kitabxanamın ayrılmaz parçası hesab etdiyim kitab istehlakçı fəlsəfəsinə dair kitablardır. Rus və digər xarici ölkə müəlliflərinin belə kitabları var. Masamın üzərində olan Yual Novah Hararinin “Bəşəriyyətin qısa tarixi” və “Sabahın qısa tarixi” kitablarını iki dəfə oxumuşam. Hər ikisi çox mükəmməl əsərlərdir.

- Gəncliyinizdə ən çox getdiyimiz kitabxana hansı idi?

- Mən demək olar ki, Milli Kitabxananı hər zaman ən sonuncu tərk edən oxuculardan idim. 1980-ci illərdə rayonda müəllim işləyirdim. İstirahət günləri Milli Kitabxanada riyaziyyat kitabları oxuyurdum. Əlavə olaraq o vaxtı Lenin kitabxanasına da gedirdim. Lakin indi Bakı Kitab Mərkəzinə tez-tez üz tuturam.

Son üç ildə ölkəmizdə açılmış, dünyanın az-az yerlərində rast gəlinən bu mərkəz son dərəcə mükəmməlidir. Ora qeyri-adidir, nəvələrimlə də gedirəm...

- Qeyd etdiniz ki, riyaziyyata xüsusi marağınız var. Bu maraq nədən qaynaqlanır?

- Mən gəncliyimdə özümü böyük bir riyaziyyatçı kimi görmək istəyirdim. Lakin kənd şəraitində yaşamağım, kənd müəllimi olmaq istəyim, savadsız kənd uşaqlarından əlindən tutub onlara riyaziyyat öyrətməyim məni sevdiyim müəllimlik peşəsinə doğru apardı. Lakin tənbəllik öz təsirini göstərir.

Baxmayaraq, mənim təyinatımı şəhərə verdilər, kənd müəllimliyini seçməyi üstün tutdum. Sabirabad rayonunun palçıqlı, işığı, qazı olmayan bir kəndində müəllimlik etdim. Heç də pis olmayan riyaziyyat müəllimi oldum.

- Maraqlıdır, kitablarda qeydlər aparırdınız?

- Kitaba çox həssaslıqla yanaşırdım. Kitabxanadakı kitablarda qeyd aparmağı xoşlamamışam. Lakin evdə, o cümlədən burada oxuduğum kitablarda qeydlər aparıram.

- Hansı dillərdə kitabları oxuyursunuz?

- Əsasən Azərbaycan və rus dillərində. Təşkilatımız haqqında ingiliscə oxuduğum kitablar da olur. Kiçik materialları çox çətinliklə ingilis dilində oxumağa çalışıram.

- Ən sevdiyiniz, sizdə iz qoyan əsər hansı olub?

- İnsanda iz qoyan əsər yaşla bağlıdır. Hər yaşın özünə uyğun sevdiyi əsər meydana çıxır. Məsələn, ilk oxuduğum roman Daniel Defonun “Robinzon Kruzonun macəraları” məni dənizçiliyə, romantikaya aparırdı. Gəncliyimdə İsmayıl Şıxlının “Ayrılan yollar” romanı məni cəzb elədi. İsmayıl Şıxlının qələmi insanı öz arxasınca aparır.

Kitab zövqü zaman ötdükcə dəyişir. Bir müddət dedektiv əsərlər oxudu. Mən həmişə paralel bir neçə kitab oxuyuram. Həmişə psixoloji ədəbiyyat, riyaziyyata aid kitabları mütaliə edirəm. Hazırda məni çox cəlb edən “Bəşəriyyətin gələcək tarixi” kitabıdır.

- Zaman irəlilədikcə, texnologiya da inkişaf edir. Elektron kitablar oxuyursunuz?

- Sosial şəbəkədən istifadə edirəm, amma elektron kitabları oxumuram. Bəlkə demək düzgün olmaz, elektron kitabların gözə çox zərəri var. 75 yaşım var, gözüm 100 faiz görür, lakin istəmirəm gözümə ziyan olsun.

- Hansı ədiblə görüşmək istərdiniz?

- İsmayıl Şıxlı ilə dəfələrlə görüşümüşük. İstərdim, onu yenidən görüm. Təxminən 1970-ci illər idi. Dedim, vaxt gələcək sovetin 100 illiyini qeyd edəcəklər. İsmayıl Şıxlı dedi ki, o vaxtı onun dağılmasını qeyd edəcəklər.

Hüseyn Arif maraqlı şəxsiyyət idi, Yusif Səmədoğlu ilə yoldaşlıq etmişik. O cür insanlarla görüşmək adamın müdirikliyini artırır.

- Hansı kitabı oxuduğunuz üçün peman olmuşunuz?

- Sonuncu dəfə çox pis bir kitab almışam. “Gecəyə pıçıldanan yalanlar” kitabını nəzərdə tuturam. Bu kitabın ilk sətirlərini oxuyanda müəllifə nifrətim aşıb-daşdı. Lakin sonadək oxudum ki, görüm, nə məna kəsb edir. Kitabın müəllifi, çap edən mətbəənin adı göstərilməyib.

Oxuduqca gördüm ki, kitabda məqsəd yoxdur. İnsana ancaq pis şeylər təbliğ edir. Çox təəssüf ki, 6 manat verib bu kitabı aldım. İnsanları çox pis yola dəvət edir, mənasız kitabdır. Onun müəllifini axtarıram.

Bu kitabı oxuyandan sonra düşündüm ki, bədii ədəbiyyata mütləq senzura lazımdır. Son bir ayda bu kitabı mağazalarda tapa bilmirəm, haradan aldığımı da unutmuşam.

- Xaricə səfərlər edəndə kitab almısınız?

- Xarici ölkələrə gedəndə mütləq kitab mağazalarına baş çəkirəm. İlk olaraq ermənilərin Azərbaycan haqqında yazdıqları kitabları axtarıram. Çox təəssüflər olsun ki, azərbaycanlıların onlar haqqında kitabları olmur. Hətta bir kitabı Amerikanın Ticarət Nazirliyində erməninin əlindən almışam.

2008-ci ildə Amerikaya ixtisas artırma kursuna getdim. Çoxsaylı dövlət orqanlarında görüşlərimiz keçirilirdi. MDB ölkələrindən hər kəs görüşlər üçün hədiyyə aparmışdı. Hədiyyələri hamının adından mən təqdim edirdim. Diqqət etdim ki, Ermənistan nümayəndəsi Amerika dövlət orqanlarına nəsə verir. Çantaya baxdım, gördüm Azərbaycan əleyhinə bir neçə kitabdır.

Çantada Qarabağın Azərbaycandan ayrı xəritəsi var idi. Səfirliyə zəng edərək şikayətimi bildirdim. 3 dəfə zəng etdim, heç kim gəlmədi. Sonda çantanı özüm aldım. O kitabı nümunə olaraq özümlə gətirdim.

- Maraqlıdır, kitablarla bağlı şikayətlər alırsınızmı?

- Əlbəttə. Kitablarla bağlı dövlətin yanlış qərarı var. Nazirlər Kabinetinin qərarına görə, bəzi məhsullar 14 gün müddətində dəyişdirilə bilən mallar siyahısındadır. Çox təəssüf ki, kitab da bu siyahıda yer alır. Kitabı oxuyan qaytarır və düşünürəm ki, bu, düzgün deyil. Çox istərdim ki, kitab bu siyahıdan çıxarılsın. Bəzi kitab mağazalarından nəşrlərdə çap zamanı ağ səhifələrin buraxılması, dərsliklərin kopyalanaraq çap olunması ilə bağlı xeyli şikayətlər alırıq.

- Kitab bağışlamağı sevirsinizmi?

- Əgər kimsə kitabımı götürüb, bağışlamağımı istəsə, şübhəsiz ki, bağışlayaram. İstənilən şeyi məndən çox asanlıqla almaq olar.

- Stolüstü kitabınız hansıdır?

- "İstehlakın fəlsəfəsi" .

- Həyat təcrübənizə aid kitab yazsanız, adını nə qoyarsınız?

- "İstehlakçını necə aldadırlar" adlı kitabı yazaram.


Müəllif: Aysel Azad, Foto: Pərviz Həşimi