13 Noyabr 2014 20:22
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademiyada “Horizon-2020” çərçivəsində təlim keçiləcək

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020” çərçivəsində Şərq Əməkdaşlığına həsr edilmiş “İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində Tədqiqat və İnnovasiya” məlumat günü keçirilib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, Avropa Birliyi (AB), Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Kontent və Texnologiyalar üzrə Baş Direktorluğu, AMEA və Regional İnnovasiya Texnologiyaları Akademiyası tərəfindən maliyyələşdirilən iki layihənin dəstəyi və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Avropa komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İKT təşkilatlarının ekspertləri, təhsil, elmi-tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.

Tədbirdə “Horizon-2020” proqramı çərçivəsində Avropa Birliyi, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmin təşkilatların İKT sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub. Bildirilib ki, AB nümayəndələri ilə həyata keçirilən bu cür görüşlər elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində də böyük əhəmiyyətə malikdir. Bu əməkdaşlıq həmin ölkələr arasında elmi-texnoloji inkişaf və İKT tədqiqatları sahəsində siyasi dialoqun yaradılmasına yardım edəcək.

Tədbirdə bildirilib ki, noyabrın 14-də “EAST-HORIZON” layihəsi çərçivəsində təlim keçirilməsi də nəzərdə tutulub. Təlimdə iştirakçılar elmi ideyalarını həyata keçirmək üçün layihələrin yazılması, Avropa Komissiyasına təqdim edilməsi qaydaları və layihələrin Komissiya tərəfindən qiymətləndirilməsi meyarları ilə tanış olacaq. Təlim çərçivəsində layihə ideyası olan tədqiqatçılara layihələrin AB ekspertləri ilə müzakirə edilməsi, ilkin qiymətləndirilməsi və “Horizon-2020”nin tələblərinə uyğun olmasına dair məsləhətlər veriləcək.

NİGAR


Müəllif:

Oxşar xəbərlər