18 Dekabr 2021 14:30
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Rəşad Hüseyn ölkənin Beynəlxalq Dini Azadlıqlar üzrə səfiri təyin edilən ilk müsəlman olub.

Teleqraf.com xəbər verir ki, prezident Co Baydenin iyulun 30-da ABŞ-ın beynəlxalq dini azadlıqlar üzrə səfiri vəzifəsinə təklif etdiyi Rəşad Hüseynin namizədliyi ötən gün Senatın Baş Assambleyasında səsə qoyulub.

Namizədliyi 5 əleyhinə 85 səslə təsdiqlənən Hüseyn bu vəzifəyə təyin olunan ilk müsəlman olub.

Hüseynin təyinatının ABŞ-ın Çin uyğur türklərinə qarşı rəftarına görə maksimum təzyiq siyasəti yürütdüyü günlərə təsadüf etməsi diqqətdən qaçmayıb.

Qeyd edək ki, ABŞ-ın Vayominq ştatında hind əsilli müsəlman ailəsində anadan olan Reşad Hüseyin siyasi elmlər, ərəb və İslam elmləri üzrə təhsil alıb və Yel Universitetində professor adını qazanıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının Tərəfdaşlıq və Qlobal Kommunikasiyalar üzrə direktor vəzifəsində çalışan Hüseyn əvvəllər Ədliyyə Departamentinin Milli Təhlükəsizlik Departamentində işləyib.

Hüseyn Barak Obama administrasiyası dövründə ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatında xüsusi nümayəndəsi və strateji terrorla mübarizə üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışıb.


Müəllif: Yeganə Oqtayqızı