11 Yanvar 2022 17:28
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdeal” mağazalar şəbəkəsinin yaradıcısı və keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun anası Solmaz İsmayılova Baş Prokurorluğun qarısında etiraz edib.

Teleqraf.com-un xəbərinə görə, Solmaz İsmayılova bildirib ki, heç bir cinayət törətmədiyi halda, bir məmurun sifarişi ilə həbs olunan oğluna ağır cəza vermək planlaşdırılır: “Oğlum haqqında sifarişlə ədalətsiz hökm çıxarılsa, ölənə qədər aclıq edəcəm, intihara belə əl atacam”.

İlqar İsmayılovun anasının sözlərinə görə, 2011-ci ildə şirkətin bir hissəsini Zərifə Həmzəyeva alıb, bir müddət sonra İlqar İsmayılov özündə qalan payın 25 faizini də Zərifə Həmzəyevaya verib.

Solmaz İsmayılova deyib ki, qalan payını heç bir halda vermək istəməyən oğlu 2017-ci ildə saxta ittihamla həbs edilib, həbsdə olduğu müddətdə qalan payı da əlindən alınıb, bundan sonra azadlığa buraxılıb. Bir müddət sonra İlqar İsmayılov yenidən həbs olunub.

İş adamının anası Baş Prokurorluğun qəbul otağına getsə də, onu bu qurumun tabeliyindəki dövlət ittihamını müdafiə idarəsinə yönləndiriblər.

Qeyd edib ki, 2021-ci ilin aprelindən həbsdə olan İlqar İsmayılovun işi üzrə məhkəmə prosesi yarım ilə yaxındır davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işlə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Növbəti məhkəmə iclasında prokuror çıxış edərək, İlqar İsmayılova cəza istəyəcək.

İlqar İsmayılov Zərifə Həmzəyeva ilə şəriklikdən sonra – 2013-2016-cı illərdə “İdeal”ın kassasından 680 min manat vəsait götürüb, öz ehtiyaclarına xərcləməkdə ittiham olunur.

Onun özü isə bu ittihamı rədd edir.

Vəkilləri də iş adamının həmin müddətdə İlqar İsmayılovun şirkətin kassasına 5 milyon 800 min manat vəsait köçürməsi haqda qəbz və başqa sənədləri məhkəməyə təqdim edib.

İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər