2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17 144 hüquqpozma faktı aşkar edilib. Son 5 ilə nəzər salsaq, pandemiya şəraitinə baxmayaraq, hüquqpozmaların sayında artım müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsinin 1-ci müavini Güloğlan Muradlı deyib.
O bildirib ki, 2021-ci ildə bu hüquqpozmaların içərisində cinayətlərin xüsusi çəkisinin azalmasının şahidi oluruq:
"Əvvəllər bəzi illərdə bu, 8 faiz təşkil edirdisə, 2021-ci ildə cəmi 2,4 faiz təşkil edib. İl ərzində aşkar edilmiş 418 cinayət xarakterli faktın 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat), 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub. Bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin (333 Azərbaycan vətəndaşı, 94 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb).