8 Fevral 2022 23:28
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Sosial İnkişaf Komissiyasının 60-cı sessiyası çərçivəsində "Dayanıqlı ərzaq sistemlərinin təşviqi yolu ilə qida təhlükəsizliyi probleminin həlli və yoxsulluğun aradan qaldırılması vasitəsilə hamı üçün rifah və ləyaqətin təmin olunmasında çoxtərəfliliyin gücləndirilməsi" mövzusunda Nazirlər Forumu keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, forumda çıxış edən nazir Sahil Babayev əhalinin rifahının ardıcıl olaraq yaxşılaşdırılmasının Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb.

Nazir bildirib ki, ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilib, yalnız 2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edir. Aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu 2 dəfədən çox artıb.

Nazir yoxsulluğa qarşı mübarizə tədbirlərindən biri olan ünvanlı dövlət sosial yardımı proqramını qeyd edib. Ötən il 202 min ailə üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı yardımla təmin edildiyini, bu yardımın orta aylıq məbləğinin son bir ildə 17 faiz artdığını, 2020-ci ildə COVID pandemiyası zamanı da ünvanlı yardım proqramının mühüm sosial dəstək rolu oynadığını vurğulayıb. Həmçinin keçən il ölkə əhalisinin təxminən 4,6 faizinin və ya 466 min nəfərin aylıq və birdəfəlik sosial müavinətlə təmin edildiyini, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın 60% artdığını qeyd edib.

BMT Əhali Fondu ilə birgə layihə çərçivəsində Azərbaycanda 2019-2021-ci illərdə Aktiv Yaşlanma İndeksinin hazırlandığını bildirən nazir əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası tədbirlərini də diqqətə çatdırıb.

S.Babayev 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın BMT-nin 4 qətnaməsinin icrasına nail olduğunu, öz ərazilərini Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edərək ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. Qeyd edib ki, bu müharibə və Ermənistanın əvvəllər işğalda saxladığı həmin ərazilər üzrə bütün və dəqiq mina xəritələrini vaxtında açıqlamaqdan qəti şəkildə imtina etməsi həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında əlilliyi olanların sayının artmasına səbəb olub.

Nazir Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, aktiv məşğuluq proqramları, gender bərabərliyi, məşğulluq üzrə xidmətlərin rəqəmsallaşdırılması sahəsində görülən işləri qeyd edib.

O, COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildə 4 istiqamət üzrə 12 sahəni əhatə edən “Məşğulluq və sosial dəstək” tədbirlərindən bəhs edib. Əhalinin 48 faizinin və ya 4,8 milyon nəfərin bu tədbirlərlə əhatə olunduğunu deyib. Vurğulayıb ki, ölkəmiz pandemiyanın yaratdığı sarsıntıları dəf edərək, 2021-ci ildə iqtisadiyyatın bərpası yoluna inamla qayıdıb. Ötən ilin sonuna real ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.

DOST konsepsiyası barədə məlumat verən S.Babayev Nazirliyin 173 xidmətindən artıq 110-nun e-qaydada (o cümlədən 46-nın proaktiv qaydada) həyata keçirildiyini, bu il daha 50 xidmətin rəqəmsallaşdırılması işlərinin aparıldığını, nazirlik üzrə xidmətlərin 90 faizinin elektronlaşdırılmasının hədəf olduğunu diqqətə çatdırıb.

Forumda Perunun vitse-prezidenti, inkişaf və sosial naziri Dina Boluarte, Finlandiyanın sosial işlər və səhiyyə naziri Hanna Sarkkinen, Qətər Dövlətinin sosial işlər və ailə naziri Mariam bint Əli bin Nasser Al-Misnad, Liberiyanın gender, uşaqlar və sosial müdafiə naziri Williametta E. Saydee-Tarr, Monqolustanın əmək və sosial müdafiə naziri Ariunzaya Ayuş, Yaponiya parlamentinin xarici işlər nazirinin müavini Kentaro Uesugi və b. da çıxış ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər