Əmim oğlu Kazımov Telman Mirzəcan oğlu 1993-cü ilin yanvarında itkin düşüb. Qubadlı rayonunun Səfiyalsu arası kəndlərindəndə hündür, dağlıq ərazilərdə döyüşüb. Döyüş zamanı itkin düşüb. Şəhid olduğu xəbəri bildirilsə də, meyiti ailəyə verilməyib, ölümü ilə bağlı bir sübut təqdim edilməyib.
Bunu Teleqraf.com-a Birinci Qarabağ müharibəsində itkin düşən yaxını haqqında danışan Xanəli Yəhyayev deyib.
Onun sözlərinə görə, hadisədən 30 ilə yaxın müddət keçib, amma hələ də Telman Kazımovdan xəbər ala bilməyiblər: “Aidiyyəti qurumlara müraciət etsək də, faydası yoxdur. Əmim oğlu 7 nömrəli Qubadlı briqadasının döyüşçüsü olub. Həmin saatlarda 5 adam həlak olub, əfsus ki, adları yoxdur. Aralarında Mehman Mehmanov adlı əsgər də olub.
Onlar Qubadlı Laçın arasında döyüşüblər. Vəzifələri Laçın yolunu tutmaq olub. Hücuma gedərkən pusquya düşüblər. Tabor arasında bir yaralı əsgər yoldan qayıdıb. İstəyirdim ki, əmim oğlu həlak olan tərəfə kəşfiyyata gedim.
Əmim oğlu 23 yaşında itkin düşdü. Bilmirəm, həqiqətən şəhid olubmu?Həyatda qalıb, ya yox...”