15 Fevral 2022 15:44
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 16-dan etibarən ali məktəblərdə 2022/2023-cü tədris ili üzrə yaz sessiyası başlayır. 2020-ci ildən etibarən ali təhsil pillələri üzrə dərslər pandemiya rejimi qaydalarına uyğun tədris olunur. Bəs bu mövsümdə dərslər hansı qaydada davam edəcək? Epidemioloji göstəricilər tədrisə təsir göstərəcəkmi?

Teleqraf.com mövzu ilə bağlı Azərbaycan universitetləri arasında sorğu keçirib.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən bildirilib ki, ali məktəbdə yaz sessiyası hibrid formada təşkil olunacaq. Payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla tədrisin hibrid formada təşkil edilməsi barədə qərar verilib.

Azərbaycan Texniki Universitetində də (AzTU) tədris bu semestrdə hibrid formada təşkil olunacaq. Belə ki, tələbə sayı 30-dan çox olan qruplarda (kiçik qruplar istisna olmaqla) mühazirələr onlayn keçiriləcək. Məşğələ və laboratoriya dərsləri isə ənənəvi formada təşkil olunacaq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ikinci semetrdə tədrisin təşkili ilə bağlı dəyişiklik və ya yenilik yoxdur. Universitetdən bildirilib ki, dərslər ötən semetrdəki kimi keçiriləcək. Nəzəri fənlərin mühazirəsi onlayn, seminarı isə ənənəvi qaydada olacaq. Xüsusi qabiliyyət tələb edən fənlər isə ənənəvi qaydada, canlı şəkildə tədris ediləcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) də bildirilib ki, dərslər ötən semestrdəki kimi təşkil olunacaq. Tələbələr sosial məsafənin gözlənilməsi şərtilə tədrisdə iştirak edəcəklər. Həmçinin bu semestrdə IV kurslar istehsalat təcrübəsinə gedəcəklər. Birinci semestrdə olduğu kimi hər mərtəbədə təcrid otaqları yaradılıb.

Artıq hazırlıq prosesləri yekunlaşmaq üzrədir. Universitetin elektron sistemində mövzular, təqdimatlar və ədəbiyyat əks olunub.

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) isə yaz semestrində bakalavrların tədrisi hibrid formada - həftədə 2 gün onlayn (mühazirə), 3 gün oflayn (seminar), magistrların isə ənənəvi qaydada təşkil olunacaq.

Fakültələr üzrə dərs cədvəlləri hazırlanaraq, tələbələrin şəxsi kabinetlərinə göndərilib. Bakalavriat səviyyəsi üzrə imtahanlar test üsulu ilə, magistraturada isə yazılı qaydada təşkil olunacaq. İmtahanlar akademik təqvimdə göstərilən tarixlərdə ara və yekun imtahanları formasında keçiriləcək.

Azərbaycan Dillər Universitetində (ADU) dərslər sabahdan etibarən ənənəvi qaydada başlasa da, həftə ərzində tədris prosesi ilə bağlı elmi şuranın iclası keçiriləcək. İclasdan sonra tədrisin hibrid, yoxsa ənənəvi qaydada keçirilməsinə qərar veriləcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər