Sual kitabçaları vaxtilə abituriyentlərə imtahandan sonra qaytarılırdı. Elmi şəffaflığa qurban verirdik. Ancaq yemi növ buraxılış imtahanlarında sualları tərtib etmək çox çətindir. Biz artıq kitabçalarını paylamırıq. Kitabçanı qaytarmayan abituriyent bilməlidir ki, onun nəticəsi ləğv oluna bilər.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlar, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, telefon və ya hansısa qurğu ilə gələnlər imtahana buraxılmayacaq: "Niyyətin hara, mənzilin ora. Ağıllı saatla gələn ağlına qiyməti özü verir. Onun ağlının qiyməti sıfırdır".
Məleykə Abbaszadə əlavə edib ki, blogerin paylaşdığı sual kitabçasının sahibinin nəticəsi ləğv edilib: "Kitabçanı qaytarmayan abituriyent bilməlidir ki, nəticəsi ləğv oluna bilər. Bu gün blogerin kimin sual kitabçasını paylaşdığı barədə məlumat verildi. Elə bilirdi ki, onu tapa bilməzlər. Tapıldı və nəticəsi ləğv olundu. Biz hər kəsə aid məlumatı çox ciddi qoruyuruq. Çox yanlış addımlar atılır. Qanun hamı üçün qanundur".