5 Mart 2022 18:44
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Teleqraf” Media Qurupu artıq 10 ildir ki, fəaliyyət göstərir. Bu 10 ildə tərkibində Teleqraf.com, Publika.az, Axar.az kimi saytları birləşdirən media qrupu jurnalistika sahəsində bir növ məktəb rolunu oynayır. Media sektorunda çalışan bir çox həmkarımız bu məktəbin məzunlarıdır.

Teleqraf.com xəbər verir ki, Medianews.az bu gün münasibətilə media qrupun rəhbəri Aynur Camalı təbrik etdi.

Həmin müsahibəni təqdim edirik:

– “Teleqraf” Media Qrupu artıq 10 ildir ki, fəaliyyət göstərir. Geriyə boylananda peşman olduğunuz anlar olubmu?

– Niyə peşman olum ki! Bu, mənim ən yaxşı bacardığım işdir. Mən media adamıyam, həyatımı mediadan kənarda təsəvvür edə bilmirəm. Gördüyümüz işdən də razıyam. Azərbaycanda tanınan, dəyər verilən və tirajına görə ilk onluğa düşən saytlar ərsəyə gətirə bilmişik. Çalışırıq ki, sosial şəbəkələrin həyatımıza bu qədər daxil olduğu, informasiya manipulyasiyalarının böyük ölçüdə aparıldığı doğru xəbəri seçib, oxucuya təqdim edək. Oxucunun inamını, güvənini qazanmaq, onun mötəbər hesab etdiyi bir media orqanı olmaq çətindir. Düşünürəm ki, biz 10 illik fəaliyyətimiz dönəmində bu güvəni qazanmışıq. Bu, məni çox sevindirir.



– “Teleqraf” Media Qrupunun Azərbayan mediasında yeri və rolu nədən ibarətdir?

– Məncə, bu yerin harda olduğunu həmkarlarımız və oxucularımız gözəl bilir. Azərbaycanın hazırkı media mühitini bizim saytlarsız tam təsəvvür etmək mümkün deyil. Şərhlər, mövzuya müxtəlif müstəvilərdən baxış, fərqli yanaşmalar, fikir toqquşmaları, xəbər arealı və geosiyasi proseslərin izlənmə ardıcıllığı, bitib-tükənməyən informasiya axınında sistemlilik və s. kimi çətin bir prosesdə “Teleqraf” Media Qurupu kollektivinin zəhməti göz önündədir. Müasir dünyada jurnalistika artıq peşə olmaqdan çıxıb, həyat tərzinə çevrilib. Bu həyat tərzi ağırdır, çətindir, gecə-gündüz informasiya yükünün altında olmaq və izləmək deməkdir: informasiya zənciri jurnalistin özü də qırılmamalıdır, əks halda yanılmaq ehtimalı çox artır. Bu baxımdan kolletivimizin gecə-gündüz zəhmətini çox yüksək dəyərləndirirəm.
Həmişə medianı futbolla müqayisə edirəm. Futbolda da belədir ki, tanınmış futbolçuları imkanı geniş olan klublar satın alır. Amma bizdə kollektiv çox doğmadır, 10 ildir bizimlə çalışan işçilər başqa yerdən daha yüksək maaş təklifi alsa belə, bir çox halda getmək istəmirlər. Buranı öz evləri, ailəsi kimi qəbul edirlər. Amma gənclər var ki, daha çox pul qazanmaq istəyirlər, bura gəlib öyrənib, yetişib bizim verdiyimiz maaşdan 3 dəfə yüksək məbləğə digər saytlara gedirlər. Bu da təbii ki, bizim üçün qürurvericidir. Demək, saytlarımı göz önündədir, burda yetişən imzalar maraqla izlənir və onların, belə deyək, “transferinə” çalışırlar. Bu, sizin bayaq dediyiniz məktəb rolunu oynamağımız, yaxud medianın kadr bazasının formalaşmasındakı rolumuz deməkdir.

– 10 il bundan qabaq qarşısınıza qoyduğunuz məqsədə çatmaq çətin olmadı ki?

– Jurnalistikada məqsəd, hədəf konkret olmur ki, ona çatıb dayanasan. Media daimi inkişafdadır, hədəflər də, məqsədlər də az qala hər keçən gün daha da böyüyür. 10 il əvvəl ilk dəfə oxucularla görüşə çap məhsulu kimi “Gündəlik Teleqraf” qəzeti ilə çıxmışdıq. Düşünürəm ki, Azərbaycanda print media məkanında “Gündəlik Teleqraf” fərqlənə və öz sözünü deyə bilmişdi. Çox təəssüflər olsun ki, indi yazılı mediaya, qəzetə əvvəlki həvəs yoxdur, insanlar hər səhər başqa ölkələrdə olduğu kimi, qəzet köşklərinə tələsmirlər. Qəzetlər sürətlə öz məşhurluğunu və aktuallığını itirib. Ona görə biz bir müddət sonra qəzet versiyamızı bağlayıb, onlayn fəaliyyətimizi genişləndirmək qərarı verdik.
Əlbəttə, hazırda arzularımız da, hədəf və məqsədlərimiz də dəyişib: daha çox vizuallaşmaq istəyirik. Dünyada media sürətlər vizuallaşmağa doğru gedir. İndi oxucular onlayn xəbəri eşitmək, görmək, canlı və isti müzakirələrə baxmağa meyillidir, nəinki oxumağa. Təəssüf ki, texniki baza baxımından bir sıra problemlərimiz var. İnşallah, onları yoluna qoyandan sonra daha fərqli xəbər siyasətimiz olacaq.

– Hər keçən gün yeni saytlar yaradılır. Sizə elə gəlmirmi ki, hər yağışdan sonra göbələk kimi çıxan bu saytların sayəsində oxucuların mediaya olan etibarı azalır?

– Mən elə düşünmürəm. Media qurumu nə qədər çox olarsa, o qədər yaxşıdır. Doğrudur, ilk günlərdə qeyri-peşəkarlıq ola bilər, müəyyən yanlışlıqlar da mümkündür, ancaq zaman keçdikcə yeni qurum da təkmilləşir, peşəkarlaşır. Əksinə, hesab edirəm ki, yeni mediaların yaranması daha sürətlə getməlidir. Ona görə ki, xəbər istehsalı ilə peşəkarlar məşğul olmalıdır. Sosial şəbəkələrin indiki imkanlarını nəzərə alsaq, qeyri-peşəkarların fərdi təşəbbüsü bəzən çox ciddi problemlərə səbəb olur. Yəni onlar hazırda medianın hansı funksiyanı yerinə yetirdiyini, az qala dövlətlərin milli siyasətinin tərkib hissəsi olduğunu, dövlətə onun ordusu qədər vacib olduğunu bilmirlər. Nəticə etibari ilə sanki milli ordunun içinə “diversant” düşür və onlar öz fəaliyyətləri ilə milli təhlükəsizliyimizə ciddi təhdidlər yaradırlar. Peşəkar media nə qədər çox olarsa, qeyri-peşəkarların media arealını işğal imkanları da əlindən almış olarlar. Əgər yeni medialar yaranmazsa və inkişaf etməzsə, onların yerini qeyri-peşəkarların informasiya təxribatları tutacaq.
Peşəkar media və peşəkar jurnalistlər mümkün qədər bütün oxucu auditoriyasını əhatə etməyə çalışmalı, müxtəlif sahələri əhatələməli, sosial medianın imkanlarından maksimum istifadə etməli və yeni-yeni saytların yaranmasına dəstək olmalıdır. Peşəkarların boş qoyduğu sahələri qeyri-peşəkarlar dərhal tuturlar.

– Azərbaycanda bu media standartlarına cavab verən neçə media orqanının adını çəkə bilərsiniz?

– Tam peşəkarlıq bir az geniş məfhumdur və bununla bağlı ciddi, ayrıca müzakirə açmaq mümkündür. Əlbəttə ki, bizim baxışlarımız var, yeni medianın inkişaf istiqamətlərini daim izləyirik və məncə, tam peşəkar standartlarda fəaliyyət göstərən qurumlarımızın sırası geniş deyil. Buna baxmayaraq, bu baxışımız yeni və daha təcrübəsiz media qurumlarının yaranmasına qarşı olmağımız demək deyil. Qeyd etdim ki, media qurumları fəaliyyət göstərdikcə, o informasiya ardıcıllığını qoruduqca peşəkarlaşır. O ayrı məsələ ki, media adından sui-istifadə halları geniş yayılıb və təəssüf ki, bəzən ciddi problemlər yaradır.

– Sizcə, media reyestrinin yaradılması mediada yaranan hərc-mərcliyi aradan qaldıra biləcəkmi?

– Sürətlə yaxşıya doğru dəyişikliyi gözləmirəm. Təbii ki, buna zaman lazımdır. Reyestr yaradılandan sonra, bilmirəm, onun işlənmə mexanizmi hansı formada təşkil olunacaq. Medianın İnkişafı Agentliyində mütəxəssislər bu yöndə işləyirlər. Bütövlükdə, düşünürəm ki, media reyesteri yaradıldıqdan sonra tamamilə olmasa da, ən azı 90 faiz burada səliqə-səhman yaradılmasının şahidi olacağıq.

– Bu gün gündəmin əsas mövzusu Rusiya-Ukrayna müharibəsidir. Dünya mediasında bu mövzu ilə bağlı ekspertlər dəvət olunur və analizlər, müzakirəlrər aparıldığı halda, yerli mediamızda yalnız xəbər verməklə kifayətlənirlər. Sizin bu mövzuya yanaşmanız necədir?

– Hesab etmirəm ki, Azərbaycanda tam xəbər üzərində qurulub və heç bir mövqe, şərh, açıqlamalar yoxdur. Əksinə, bizim media qurumlarında vaxtaşırı olaraq bu proseslərlə bağlı rusiyalı mütəxəssislərdən tutmuş, ukraynalı, amerikalı, türkiyəli, hətta hindistanlı və pakistanlı ekspertlər də açıqlamalar verirlər. O ayrı məsələdir ki, bu açıqlamaların yayımı, təqdimi, efirə daşınmasında problem var və təhlillər o qədər də çox deyil. Bunun bir səbəbi də bizim politoloq və siyasi şərhçilərin bir çox halda hadisəyə soyuqqanlı yanaşmaq imkanlarını itirməsidir. Baxın, dünya mediasında bu istiqamətdə olan xəbər və şərhlərin böyük əksəriyyəti politoloq, ekspert və müxtəlif sahələr üzrə mütəxəssislərin sosial şəbəkə hesabında vaxtaşırı olaraq paylaşımlarına istinad edir. Bizdə necədir? Politoloqlarımız bu məsələdə nə qədər strateji, soyuqqanlı düşünür və təhlilləri ilə önə çıxırlar? Bir çox halda müraciət etdiyimiz politoloqlar prosesdən xəbərsiz olurlar. Bu baxımdan ciddi problemlərimiz var və hesab edirəm ki, bu, yalnız medianın problemi deyil.

– Jurnalistika çətin bir sahədir, bu cameədə çalışmaq, kişilərlə bərabər, media kapitanlarından birinə çevrilmək heç də asan məsələ deyil. Bir xanım olaraq tərəddüd etdiyiniz zamanlar olubmu?

– Bu, mənim həyat tərzim, taleyimdir, həyatımı başqa cür təssəvür etmirəm. Daha çox diqqət mərkəzində olmağımın səbəbi ona görədir ki, yalnız media meneceri deyiləm. Media orqanlarına rəhbərlik etməklə kifayətlənmirəm. Özüm də jurnalist kimi yazıram, qələmimi yerə qoymamışam. Mənim bir ixtsasım da politoloqdur. Siyasi prosesləri də izləyir və münasibət bildirirəm.

– Bəzən deyirlər qadın jurnalistika ilə məşğul olmaz. Qadının sənəti həkimlik və müəllimlikdir.

– Əslində, o sözdə bir həqiqət var. Çünki jurnalistin iş saatı yoxdur. Bəzən elə hadisələr baş verir ki, biz gecə oyanıb kompüterin arxasına keçirik, gün ərzində kompüterin arxasından qalxmırıq. Məsələn, 44 günlük müharibədə biz demək olar ki, bütün sutkanı işləyirdik. Hadisələr o qədər sürətlə cərəyan edirdi ki… Ümumilikdə, asan iş yoxdur, elə sizin qeyd etdiyiniz həkimin, müəllimin işi də çətindir.

– Onda belə çıxır ki, “jurnalitika qadın sənəti deyil” deyənlərə haqq qazandırırsınız?

– Qətiyyən. Mən ayrı-seçkiliyin, cinsi diskriminasiyanın, seksizmin tamamilə əleyhinəyəm. Söhbət peşəkarlıqdan gedir. Məsələn, bizdə Teleqraf.com-un baş redaktoru Nərgiz gəncdir, ailəsi, körpə uşağı var, amma gecə saat 2-də də ona nə yazsam, dərhal cavab verir. Görürəm ki, bütün sutka ərzində saytın üzərindədir, orada dərc olunan bütün materiallar onun əlindən gəlib keçir. Yəni deməyim odur ki, “aslanın erkəyi dişisi olmur”…

– Qarşıdan 8 Mart – Beynəlxalq Qadınlar Günü gəlir. Azərbaycan qadınını necə görmək istəyirsiniz?

– Azərbaycan qadınını birinci növbədə güclü görmək istəyirəm. Güclü olmaq da ilk növbədə təhsildən keçir. Qızlarımız birinci növbədə keyfiyyətli təhsil almalıdır. Mən o dırnaqrası “cehizlik diplom”ları nəzərdə tutumuram. Sözün əsl mənasında qadınlarımız öyrənməli, savadlı olmalıdırlar. Savadlı qadın həm də yaxşı övlad tərbiyə edə bilər. Qadınlarımızın iqtisadi müstəqillikləri çox önəmlidir. Bəzən bizim valideynlər qızlarında tez yaxa qurtarmaq istəyirlər onları erkən yaşda evləndirirlər ki, problemdən yaxalarını qurtarsın. Amma bu, çıxış yolu deyil. Mən qadınlarımızı güclü görmək istəyirəm.
Qarşıdan gələn beynəlxalq qadınlar günü ilə bağlı xanımlarımızı təbrik edirəm. Hüquqlarını bilməyi, özlərinə hörmət etməyi və sevməyi arzu edirəm. Qadın birinci növbədə özünü sevməlidir, özünü sevməsə nə ailəsini nə də vətənini sevə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər