24 May 2022 18:33
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maxi.az elektronika və məişət texnikası mağazası irqçiliyə əsaslanan reklam çəkib.

Reklamda qeyd olunur: “25 May Afrikanın Azadlığı Günü münasibətilə seçilmiş qara məhsullara endirimlərimiz var. Dostlarımızın azadlığını bizimlə qeyd et, 50%-ə yaxın endirimlərdən faydalanın!”

Qeyd edək ki, sözügedən reklam ictimaiyyətdə birmənalı qarşılanmayıb. Şirkət əvvəlcə belə bir rolikin çəkildiyini təkzib edib, daha sonra reklam rolikini yayımlanan platformadan silməklə işini bitmiş hesab edib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Teleqraf.com-a açıqlamasında sözügedən reklamın yerləşdirilməsində mütləq Dövlət Reklam Agentliyinin icazəsinin olduğunu düşünür.

O təəssüflə bildirib ki, Dövlət Reklam Agentliyi pul naminə hər şeyə icazə verir, amma reklamların elektron resurslarda yayımına diqqət yetirmir: “Bu məzmunda çəkilmiş reklamlarda “Reklam haqqında” Qanunun tələbləri pozulur. Onları Azərbaycan istehlakçıları üçün tələ hesab etmək olar.

Heç kəsə məlum deyil ki, Afrikanın azadlıq günü nədir, nə üçün azərbaycanlılar onlara həmrəy olmalıdır?! Hesab edirəm ki, çoxsaylı qanun pozuntuları var, xüsusən də elektron resurslarda. “Reklam haqqında” Qanununda qeyd olunur ki, reklamda malın adı yox, malı istehsal edən və yaxud onun distributoru olan şirkətin adı çəkilməlidir. Amma bu gün əksər televiziya aparıcıları elan edir ki, hansısa qurd dərmanları verilişin əsas sponsorudur və ya bu dərmanların adını çəkib təşəkkürlərini edirlər.

Burada həm Azərbaycan dilinin, həm də reklam haqqında qanunun tələbləri pozulur. Çox təəssüf ki, Dövlət Reklam Agentliyi bu məsələlərə diqqət yetirmir. Ümumiyyətlə, istənilən reklam istehlakçını tələyə salmaq üçün bir vasitədir. Düşünürəm ki, Azərbaycan üçün çox da uyğun olmayan bir reklama pul xərcləməyə gərək Dövlət Reklam Agentliyi icazə verməyəydi”.

Dövlət Reklam Agentliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, reklam açıq məkanda yayılmadığı üçün nəzarətə Agentlik cavabdehlik daşımır. Agentlik yalnız açıq havada rast gəlinən böyük “billboard” reklamlara, yəni restoran, dükan və digər iaşə obyektlərinin adı yazılmış reklam lövhələrinə nəzarət edir.

Teleqraf.com sözügedən məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanlasa da, cavab verilməyib.

Qeyd edək ki, Maxi.az-dan da zəngimizə cavab verən olmadı.


Müəllif: Yeganə Oqtayqızı