27 May 2022 14:29
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Səhiyyə Nazirliyinin nəzdində Sağlamlıq İnstitutları Təşkilatının layihələr şöbəsinin müdiri, molekulyar genetika üzrə mütəxəssis Batuhan Yeşilyurt TURKOVAC vaksininin ölkəmizdə tətbiqi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Batuhan bəy, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında stendinizdə TURKOVAC peyvəndini gördük…

- Biz TURKOVAC üzərində 20 aydan çox müddətdə çalışdıq. Pandemiya bildiyiniz kimi ağır keçdi. Nəticədə dünyada vaksinini özü istehsal edən 9 ölkədən biri də biz olduq. Təbii ki, bu, türk dünyası üçün böyük addım oldu. Məqsədimiz vaksinə ehtiyacı olan ölkələrə ümid, xəstəliklərə şəfa olmaqdır. Türkiyədə yerli və milli sağlamlıq texnologiyalarını, elmi tədqiqatları yönləndirən tək qurumuq.

Pandemiyanın tam sona çatdığı barədə danışa bilmirik. Hazırda pandemiya Türkiyənin gündəmində deyil. Vaksin olunanların sayı kifayət qədər çoxdur. Amma bir məqam var, bu vaksinin hazırlanması ilə hər hansı pandemiya vəziyyətində türkün gücü bir daha nümayiş olundu. Çox qısa müddətdə yerli imkanlarla belə bir vaksinin hazırlanması böyük uğurdur. Süni tənəffüs aparatlarının az olması, maska qıtlığı dünyada ciddi çətinliklər yaratdı. Bir daha şahid olduq ki, hər məqamda pandemiyaya hazır olmaq lazımdır.

- TURKOVAC sınaq üçün Azərbaycandan başqa ölkələrə təqdim edilibmi?

- Elmi olaraq bir vaksinin hazırlanma müddəti 6 ildir. Bu müddəti rekorda imza ataraq 22 ayda tamamladıq. Türkiyədəki işlər başa çatdıqdan dərhal sonra sınaqlar üçün vaksini ilk olaraq qardaş ölkə Azərbaycana təqdim etdik. Təbii ki, digər ölkələrlə də əməkdaşlığımız davam edir. Pakistan, Qırğızıstan, digər türk dövlətlərindən də vaksinin sınaq mərhələsində iştirak üçün müraciət edənlər oldu. Biz də bu müddətdə ikitərəfli əlaqələri təkmilləşdirdik.

- Pandemiyanın başa çatdığına dair fikirlər fonunda insanlar vaksin olunmaqdan çəkinirlər...

- Türkiyədə vaksinasiya davam edir. Pandemiyanın başladığı müddətlə müqayisədə yoluxma sayı aşağı enib. Lakin bu, vaksinə ehtiyac olmadığı demək deyil. Əksinə, hazırlıqlı olmaqda fayda var. İki doza ilə yanaşı, üçüncü buster dozanın olması üstünlükdür. Nəzərə alaq ki, qış aylarında mövsümi xəstəliklər aktiv olur. Bu xəstəliklərin COVID-19 kimi xəstəliklərlə qarışmaması üçün vaksin olunmaq tövsiyə edilir.

Dünyada pandemiya hər zaman olub, COVID-19 pandemiyası ilk deyil. Koronavirus bu gün ilk yayıldığı gündəki kimi güclü deyil.

- Bəs ölkəmizdə TURKOVAC üçün könüllülüyə maraq necədir?

- Mart ayında Azərbaycandan vaksinin sınaq mərhələsində iştirak etmək üçün könüllülərin adlarını toplamağa başladıq. Bu insanların böyük qismi üç doza vaksin olunub. Qalan insanlardan TURKOVAC-a maraq gözləyirik. İki doza inaktiv vaksin olunan, COVID-19 xəstəliyinə yoluxmayan 18-65 yaş arasındakı şəxslər Bakı Sağlamlıq Mərkəzinə sınaqlarda iştirak etmək üçün müraciət edə bilərlər. Azərbaycandan sınaqlarda iştirak üçün 300 nəfər könüllüyə ehtiyac var.

Bununla Azərbaycanda vaksinin sınaq mərhələsini başa çatacaq. Həmçinin, TURKOVAC daha da geniş istifadə olunacaq. Türkiyədə artıq kəndlərdə də vətəndaşlar üçüncü doza olaraq TURKOVAC peyvəndi vurdurub.

- Azərbaycanda sınaq mərhələsinin tətbiqinə nə zaman başlanılacaq?

- Hələ ki, könüllülərin adlarını toplayırıq. 300 nəfər toplanıldıqdan sonra sınaq mərhələsinə start veriləcək. Əgər iyun ayına qədər bu limit tamamlanarsa, işlərə başlayacağıq.

Türkiyədə 4, 5-ci doza da TURKOVAC istifadə olunacaq.

- "TEKNOFEST" çərçivəsində vaksinə maraq necədir?

- Burada da maraqlananlar var. Müraciət edən şəxslərin adlarını Bakı Sağlamlıq Mərkəzinə təqdim edirik. Randevu təyin olunur və onlar vaksin üçün müayinədən keçirlər. Bütün müayinələr pulsuzdur.

- COVID-19 gündəmdən çıxsa da, meymunçiçəyi yayılmağa başladı. Türkiyədə bununla bağlı hər hansı tədbir görülübmü?

- Bu sualı Səhiyyə Nazirliyi cavalandırsa, daha yaxşı olar. Bununla bağlı Türkiyə Səhiyyə Nazirliyi tədbirlər görməyə başlayıb. Biz də bu məqamda üzərimizə düşəni etməyə hazırıq. Elmi araşdırmalar aparmaq öhdəliyimizdir. Eyniylə TURKOVAC-da olduğu kimi bu istiqamətdə də tədqiqatlar aparmağa hazırıq.

- Azərbaycanla bağlı planlarınız nələrdir?

- Tibb sahəsində qiymətlər yüksəkdir. Əgər biz tibb sahəsində işlərimizi inkişaf etdirsək, eyniylə Bayraktar kimi kəşflərimizi dost ölkələrlə paylaşarıq. Bu istiqamətdə laboratoriyalarımızı Azərbaycanda da açmağı planlayırıq.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov