8 İyul 2022 12:38
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda pensiya islahatları konsepsiyasının mühüm bir istiqaməti də vətəndaşların pensiya təminatı sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Pensiya təminatı ilə əlaqədar Azərbaycan Hökuməti indiyə qədər 12 dövlət ilə əməkdaşlıq sazişi və müqaviləsi imzalanıb və bu proses davam etməkdədir. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1999-cu ildə pensiya təminatı sahəsində əməkdaşlıq sazişi imzalansa da, bu sənədin tətbiqi mümkün olmayıb, vətəndaşlarımızın pensiya hüququ yaranmasında yalnız 1992-ci ilə qədər Sovet Rusiyası ərazisində işlədiyi dövrdəki əmək stajı nəzərə alınıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası böyük iqtisadi imkanlarına, geniş əmək bazarına və məşğulluq potensialına malik, tarixi əlaqələrimiz olan qonşu dövlətdir və burada çox sayda soydaşımız əmək miqrantı kimi çalışmaqdadır:

“Bu baxmdan Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında 26 aprel 2022-c-il tarixində Bakıda imzalanmış pensiya təminatı sahəsində yeni əməkdaşlıq müqaviləsi hər iki dövlətin ərazisində əmək miqrantı kimi çalışan şəxslərin sosial müdafiəsinin güclənməsində əhəmiyyətli rola malikdir”.

Komitə sədri əlavə edib ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə ratifikasiya olunduqdan sonra Rusiya Federasiyasında (RF) əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın pensiya hüququnun yaranması və pensiya məbləğinin yüksəlməsi imkanı artacaq:

"Eyni zamanda əmək miqrantı kimi RF-də fəaliyyət göstərmiş vətəndaşlarımızın orada topladığı sığorta stajları pensiya təyinatı zamanı tam olaraq nəzərə alınacaq. Hər iki ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmuş vətəndaşa pensiya təyinatı daimi yaşadığı tərəfin qanunvericiliyinə əsasən, qüvvədə olan şərtlərə uyğun olaraq aparılacaq. Daimi qeydiyyatda olduğu halda Azərbaycan vətəndaşları RF-də, qarşı tərəfin vətəndaşları isə Azərbaycanda pensiya təyinatı aparılmasını tələb edə biləcəklər. Bu zaman vətəndaşın hər iki ölkə ərazisindəki sığorta stajı toplam olaraq nəzərə alınacaq.

Müqavilədə nəzərdə tutulan müddəalar bu sənədin qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil ediləcək. Başqa sözlə, əgər vətəndaş pensiya yaşına çatdığına baxmayaraq RF ərazisindəki işlədiyi dövr nəzərə alınmadığına görə pensiya hüququ yaranması üçün tələb olunan 25 il əmək ştajı toplamadığı səbəbidən pensiya almaq imkanından məhrum idisə, bu müqavilə qüvvəyə minəndən sonra Rusiyadakı iş stajı da əlavə edilməklə pensiya hüququ əldə edə biləcək.

Müqavilədə əhəmiyyətli müddəalardan biri də pensiya məbləğinin ödənilməsində hər iki ölkə ərazisində qazanılmış pensiya stajına proporsional maliyyələşdirilmənin nəzərdə tutulmasıdır. Misal üçün: Tutaq ki, 600 manat pensiya təyin olunmuş pensiyaçı malik olduğu 30 il sığorta stajının 20 ilini Azərbaycanda, 10 ilini RF da əldə etmişdir. Bu halda onun pensiyasının 400 manatı Azərbaycanın, 200 manatı isə RF nın Dovlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdiriləcək.

Sığortaolunan şəxsin arzusuna əsasən pensiya ona pensiyanı təyin edən tərəfin ərazisində ödənilə, yaxud digər tərəfin ərazisinə köçürülə bilər. Bu zaman pensiyaya ödəmələrin və artımların ödənişini onu təyin edən tərəf davam etdirəcək.

Saziş Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriyadan olan işçilərə və onların ailə üzvlərinə şamil olunmayacaq.

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq olunması ilə, 1999-cu ildə imzalanmış və 2001-ci ildə ratifikasiya olunmuş "Azərbaycan Respublikası Hökuməti və RF Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zamanətləri haqqında" sazişin təsdiq edilməsi barədə AR Qanunu ləğv edilmiş olacaq”.


Müəllif: Nemət