5 Oktyabr 2022 14:30
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın televiziya məkanında özünəməxsus yeri olan "Xəzər TV"-nin fəaliyyətə başlamasından 15 il ötür.

Teleqraf.com xəbər verir ki, 2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayan "Xəzər TV"-də bu müddət ərzində operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanıb. Fəaliyyətə başladığı dövrdə maddi-texniki imkanlarının az olmasına baxmayaraq, zamanla peşəkar kollektivin, yaradıcı heyətin işgüzarlığı nəticəsində sevilən, rəğbət bəslənən bir telekanala çevrilib.
Telekanal müasir dövrün çağırışlarına uyğun olaraq ildən-ilə inkişaf edir, bu proses hazırda da davam etməkdədir.

“Xəzər TV”-nin yeni inkişaf strategiyasında yayımı müasir dövrün çağırışları, informasiya-kommunikasiya texnologiyalarının inkişaf tələblərinə uyğun formatda təşkil etmək prioritet təşkil edir. Bu məqsədlə telekanala müxtəlif ölkələrdən, eləcə də yerli mütəxəssislər cəlb edilir.

“Xəzər TV” ictimai, siyasi, sosial proqramların yayımını daha da artırmağı hədəfləyir. Bununla yanaşı, əyləncəli, maarifləndirici, intellektual verilişlərin formatı yenilənir.

Yeni kadrlara artan ehtiyac nəzərə alınaraq, bu yöndə ciddi addımlar atılır. Yaxın gələcək üçün TV daxilində "Media Akademiyası"nın yaradılması nəzərdə tutulur. Jurnalistikanın sirlərinə yiyələnmək istəyənlər və gələcəkdə "Xəzər TV"-də işləməyi hədəfləyənlərə bu Akademiyada təlimlər keçiləcək.

Tamaşaçıların informasiya tələbatına adekvat cavab vermək üçün TV dünyanın müxtəlif ölkələrində müxbir məntəqələri yaradır, aparıcı informasiya agentlikləri və kanalları ilə əlaqələr genişləndirilır. Bu da dünyada baş verən hadisələrlə bağlı məlumatların ən qısa zamanda tamaşaçılara çatdırılması üçündür.

“Xəzər TV” 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işini da davam etdirir. Bu baxımdan əməkdaşların dil bilgilərinin inkişaf etdirilməsi məqsədlərdən biridir. Bir sözlə, "Xəzər TV" bundan sonra da inkişaf edən Azərbaycanın, yenilənən auditoriyanın müxtəlif səpkili informasiyaya olan tələbatını daha çox ödəməyə çalışacaq.

Televiziya daxilində davam edən struktur dəyişikliyi də peşəkarlığın artırılması baxımından önəmlidir.

Texniki imkanları daha da genişləndirmək üçün maddi-texniki baza gücləndirilir. Bütün bunlar tamaşaçılara daha keyfiyyətli yayım izləmək imkanı yaradacaq. “Xəzər Media Mərkəzi”nin tərkibində olan radioların inkişafına, daha da müasir standartlara uyğun fəaliyyət göstərməsinə, musiqilərin daha zövqlə seçilməsi yönündə işlər davam etdirilir.

Elektron media platformalarında da fəaliyyətin daha da genişləndirilməsi hədəflənib.

Bir müddət əvvəl “Xəzər Media” Youtube kanalının abunəçilərinin sayı 1 milyonu keçib və bu rəqəm gündən-günə artır. Eyni zamanda “Xəzər TV” hazırda geniş vüsət alan sosial media hesabları ilə də rəqəmsal platformada fəaliyyətini genişləndirir. “Xəzər TV”nin “Facebook”, “Instagram”, “Twitter“, eləcə də “Telegram” sosial platformasında rəsmi səhifələri aktiv fəaliyyətdədir.

Mövcud vəziyyəti və şəraiti nəzərə alaraq kütləvi tədbirlər planının bu günlərdə deyil, ilboyu gerçəkləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı auditoriyamız mütəmadi geniş məlumatlar alacaq.


Müəllif: Teleqraf.com