“2020-ci ildə baş verən 44 günlük müharibə regionda yeni şərait yaradıb. Müharibədən sonra Azərbaycan öz və müttəfiqinin gücü ilə regionda sülhə, əməkdaşlığa yönələn fəaliyyət göstərir. Bu proses beynəlxalq aləmdə müsbət qarşılanır. Bu baxımdan regionda kommunikasiyaların açılması, böyük layihələrin həyata keçirilməsi əslində sülhə və əməkdaşlığa hesablanıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib.
O qeyd edib ki, dünən Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilandakı beynəlxalq hava limanının açılışını etməsi regionda sülhə və sabitliyə xidmət edir.
Deputat əlavə edib ki, Zəngilanda Azərbaycan və Türkiyə prezidentləri əlavə mesajlar da veriblər:
“Prezident İlham Əliyev qeyd etdi ki, 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yüksəlib və daha da inkişaf etdiriləcək. Azərbaycan-Türkiyə birliyi bölgədə əhəmiyyətli amildir və bizə qarşı olanlar bu amili nəzərə almalıdır. Bu mesajın kimə ünvanlandığı zənnimcə, aydındır.
Digər tərəfdən, Prezident Ərdoğan bildirdi ki, Zəngəzur dəhlizi ilə bağlı bəzi qüvvələrin qorxusu əsassızdır, bu dəhliz ticarət və əməkdaşlıq yolu olacaq”.