8 Fevral 2023 22:43
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələ dünyanı sarsıtdı. Azərbaycan dövləti və cəmiyyəti ilk gündən qardaş ölkənin yanında oldu, yardım səfərbərliyi başlandı. Eləcə də dünyanın bir çox ölkəsi zəlzələzədələrə kömək etmək üçün mümkün hər şeyi etdi.

Azərbaycanla Türkiyənin ötən əsrin əvvəllərindən başlayan ortaq bir qədəri var. Türkiyənin varlığı Azərbaycan üçün bənzərsiz bir nemət, gələcəyə doğru mayakdır. Buna görədir ki, sevincli və kədərli günlərdə iki ölkənin ictimaiyyəti “daha nə edə bilərəm?” deyə düşünür. Bu gün sosial mediada yayılan fotoşəkillər də buna bariz nümunədir.

Amma biz bir qədər keçmişə gedəcəyik. I Dünya müharibəsində Rusiyaya əsir düşən Osmanlı əsgərlərinə Azərbaycan əhalisinin köməyindən bəhs edəcəyik. Möhtaclara köməkdən.

***

26 noyabr 1917-ci ildə azərbaycanlıların əsas mətbu orqanı olan “Açıq söz” qəzeti “Nargində əsirlərin halı” adlı xəbər dərc edir. Xəbərdə adada təhqiqat aparan komissiyanın raportu barədə bilgi verilib: “Əmələ və soldat vəkilləri şurasının xüsusi komissiyası hərbi əsirlər ilə məskun Nargin cəzirəsi əhvalını təhqiq və təftiş etmişdir. Komissiyanın təhqiqinə görə gündə hərbi əsirlərdən 30 nəfəri ölür. Bunların çoxu qızdırmadan və ishaldan tələf olur. Odun olmadığına görə əsirlər soyuqda yaşayırlar. Yorğan-döşək olmadığına görə naxoşlar döşək üstdə yatırlar.

Cəzirədə 1200 azarlı vardır. Nargində olan xəstəxana 400 adamlıq olduğuna görə azarlıların qalanları barakalarda yatırlar. Azarlılar tuman-köynəksiz qalmışlar. Paltar yumaq üçün su olmadığına görə tuman-köynəyi olanların paltarları yuyulmamış qalır. Əsirlərə hətta kifayət qədəri içmək üçün su, çay, dərman və qeyri verilməyir. Komissiya bundan belə cəzirəyə əsir göndərilməməsini və barakalarda yatan xəstələri Bakı xəstəxanalarına köçürməyi qərara almışdır. Bundan əlavə əsirlər üçün odun, mazot, su və qeyri-şeylər göndərilməsi qət edilmişdir. Komissiyaya məlum olmuşdur ki, cəzirədə olan əsirləri cəzirə müdiriyyəti döyüb incidir”.

Qəzetin 30 noyabr sayında “Möhtaclara müavinət cəmiyyəti”nin sədr müavini Oruc Orucovun “Nargində türk əsirlərinin halı” adlı detallı məqaləsi dərc edilir. Yazıda xarici ölkə konsullarının da adadakı vəziyyəti öyrənmək üçün Narginə səfər etdikləri qeyd olunur: “... Cəzirədə yaşayan insanların ciyər-suz əhvali-dəhşət-əngizlərini görən məzkur komissiya əzaları hönkür-hönkür ağlamaqdan özlərini saxlaya bilməmişlərdir.

400 nəfər yerləşdiriləcək xəstəxanada 1200 nəfər xəstə əsir balıq kimi biri-birinin üstünə tökülmüş, kimisi can verir, kimisi “əfəndim su, əfəndim yemək” deyə zarıyır. Bir tərəfdə isə o gün ölmüş 40 nəfərin meyiti yekdigərinin üzərinə yığılıb düşmüşdür. Gündə 40 nəfərə qədər əsir acından, susuzluqdan, soyuqdan ölüb tələf olurlar. Əyinlərində libasları, yatmağa yatacaqları yox. Bir çoxları başları altına kərpic qoymuşlar. Quru taxta üstündə yatmaqdan bir çoxlarının yanlarında böyük yaralar əmələ gəlmiş, neçə aylardır ki, dillərinə ət dəyməmişdir. Bu halları görən komissiya bütün əhvalı lazım olan yerlərə teleqrafla bildirmişdir. İndi bu halda xəstə əsirlərdən 150 nəfəri şəhərə gətirilmiş və qalanları da yer olduqca gətiriləcəkdir. Əsirlər arasında 700 nəfər şikəst əsir vardır ki, bunlar da vətənlərinə göndərilməlidir. Yerdə qalan əsirlərin isə məişət və güzəranları yüngülləşdiriləcəkdir.

İştə bu kimi fəlakətzədələrə yardım etmək məqsədilə bu günlərdə şəhərimizdə İsmailiyyə binasında “Möhtaclara Kömək” adında bir cəmiyyət işə başlamışdır. Hər kəsdən ianə cəm etməkdədir. Həmin cəmiyyət keçən gün ət, noxud, soğan, lobya, makaron və ilaxır cümlətanı 2195 manatlıq azuqə alıb cəzirəyə göndərmiş və bundan sonra geniş surətdə yardım etməyə çalışacaqdır. Möhtərəm camaatımıza müraciətən rica edəriz ki, əlindən gəldiyi müavinəti müzayiqə etməsin. Cəzirədə 5 mindən ziyadə dindaş və millətdaşlarımız biəlac bir halda yaşamaqdadır. Onların bu qürbət və əsarətdə yeganə ümidləri ancaq bizlərədir. Ehtiyac böyük olduğu üçün böyük müavinətə də ehtiyac vardır... Hər cür libas, gömlək, tuman, yorğan, döşək, başaltı və s. ianələrdə bulununuz. İanədə bulunmaq istəyən zəvat hər gün səhər saat 10-dan saat 2-yə qədər Cəmiyyəti-xeyriyyə binasının həyətində Nicat idarəsinin cərgəsində təzə açılmış Möhtaclara Kömək Cəmiyyətinə müraciət buyursunlar”.

“Açıq söz” qəzeti 24 dekabr 1917-ci il tarixli sayında da həm vəziyyətlə bağlı məlumat verib, həm də əhaliyə müraciət ünvanlayıb: “Məlum olduğu üzrə Nargin cəzirəsində neçə min əsir var ki, bunlardan 3900-dan ziyadəsi türkdür. Əsirlər məzkur cəzirədə nəhayət dərəcə fəna bir hal keçirirlər. İçməyə su, yeməyə azuqə, geyməyə libas və yatmağa yorğan-döşək tapmayır və hər gün aclıqdan, soyuqdan 20-30 adam ölür. Axır zamanlar fəlakət içində qalmış bu biçarə adəm övladına yardım qəsdi ilə Bakıda bir cəmiyyət təşkil edilmişdir. Məzkur cəmiyyət müsəlmanlardan yığaraq əsirlərə (bilafərqi dini-millət) pul, məkülat və s. verir. Fəqət yalnız məkülat verməklə onları amansız əcəlin əlindən qurtarmaq olmaz. Bunları soyuqdan da hifz etmək lazım gəlir. Lakin indiki zamanda 10 min əsirə libas və yorğan-döşək hazırlamaq üçün milyonlar lazımdır. Həm də pul olsa da, vaxt yoxdur. Ona görədir ki, Möhtaclara Kömək Cəmiyyəti bu gün dekabrın 24-də evləri gəzərək əsirlər üçün əşya yığmağı təxti-qərara almışdır. Üzümüzü həmişə hümmət və həmiyyətini göstərmiş olan camaatımıza tutaraq yüzlərcə insan balası, vətən müdafii, namus və heysiyyət xadimi olan bu əsirləri ucuz baha ilə ölüm çəngəlindən qurtarmağa dəvət ediyoruz.

Qoy camaat bu gün həmiyyət addımlarını hüsnü-qəbul və əllərindən gələni ianə etsin. Qoy camaat bilsin ki, bu gün ianə edilən hər bir yorğan, bir döşək, bir paltar bir adamı ölümdən xilas ediyor. Camaat bilsin ki, Nargin cəzirəsindəki üsəra cümləsində 4000-ə qədər din və qan qardaşımız bizdən türklük, islamlıq və insanlıq naminə həmiyyət və hümmət gözləyir. Bugün Bakı camaatı qardaşlıq hissini göstərməli və əlindən gələn qədər onlara kömək etməlidir”.

Bu müraciətlər qısa zamanda əhali arasında canlanmaya səbəb olur. Xeyriyyə cəmiyyətləri, məscid icmaları, imkanlı şəxslər ianələr göndərirlər. Məsələn, “Açıq söz”ün 25 dekabr tarixli sayındakı xəbərdə oxuyuruq: “Əsirlərə yardım edən Möhtaclara Kömək Cəmiyyəti nəfiinə olaraq şirvanlı Mustafa Abdullayev cənabları 16 top bumazı, 12 şalvarlıq, 300 çift corab və 400 manat nəğd pul ki, cümlətanı 8000 manatlıq şey oluyor ianə etmişdir”. Qəzetdə müxtəlif şəxslərin adları və etdikləri ianələrin miqdarı göstərilir, təşviq edilir. 1918-ci ilin yanvar ayında da müraciətlərə davam etdirilir.

“Açıq söz”ün 19 yanvar tarixli sayında yazılır: “Heç kəs ianəsinin azlığına, çoxluğuna baxmasın. Hər kəs bir sap versə, yetimə bir köynək çıxar. Bilməlidir ki, ehsan nə qədər az olsa da, yenə bu adamları ölümdən xilas edəcəkdir.

Uzaq yerlərdən fəna şərait altında bizə minlərlə qardaşımız qonaq gəlmişdir. Mehmannəvazlıq ilə məşhur olan qafqazlılar ehsanları ilə tanınmış olan Bakı camaatı bu vaxtadək həmişə və hər dəfə böylə ianələr toplandıqda həmiyyətini göstərmiş olan qardaşlarımız bugün mənəvi borclarını əlbəttə əda etməlidirlər və edəcəklər”.
“Möhtaclara kömək” cəmiyyəti yanvar ayında “Əsirlər günü” də elan edir. Qəzetlərdə məscidlər vasitəsilə göndərilən yardımın miqdarı detallı açıqlanır. Məsələn, Hacı Hacıbaba təkyəsindən və Hacı Hüseyn məscidindən gələnlər: 269 manat, 98 qəpik; Yorğan 38 dənə, ədyal bir dənə, balış 7 dənə, döşək 3 dənə, tuman 5 dənə, köynək 11 dənə, don 6 dənə, pencək 2 dənə, jilet 1 dənə, şalvar 4 dənə, palto 1 dənə, şal 1 dənə, fəs 1 dənə, kürk 1 dənə, əncir qurusu bir balaca kisə.
O illərdə Bakıda olan türk siyasətçi Fəxrəddin Ərdoğan xatirələrində yazırdı: “Ərzurumun işğalından sonra rus cəbhəsi Ərzincana qədər irəliləmiş, burada əsir düşən zabit və əsgərləri Sibirdə deyil, Bakının qarşısında, Xəzər dənizinin ortasındakı Nargin adasında əsir düşərgəsində saxlayırdılar. Hər bazar bu düşərgədə olan əsir zabitlər izin alaraq mühafizlərlə birlikdə şəhərə gələrdilər. Biz də onları görmək üçün iskələyə getdik. Xalq yığılmış, avtomobillər sıralanmış, içində gənc qızlar yolçuların gəlməyini gözləyirdilər. Bu avtomobildəkilərin kimlər olduqlarını soruşdum. Bakı milyonçularının qızları olduqlarını öyrəndim.

Məsələn, Əlimərdan bəy Topçubaşının, Nağıyev, Tağıyev və Quliyevlərin qızları ən başda dayanırdılar. Motorlar yanaşdı, əsir türk zabitləri sahilə çıxdılar. Taksidən enən qızlar bir-bir, iki-iki zabitlərin qolundan tutub avtomobillərinə əyləşdirir, şəhərin hər tərəfini gəzdirir, zabitlərin və düşərgədəki dostlarının ehtiyaclarını mağazadan qarşılayır, pullar isə cəmiyyət tərəfindən ödənilirdi. Əsirləri evlərinə apararaq günorta yeməklərini ailələri ilə birlikdə yedikdən sonra təkrar taksilərlə aldıqları yerə apararaq təslim edirdilər. Türk ordusu Bakıya girincəyə qədər bu adət hər bazar davam etdi”.

Nargin adasındakı əsirlərin ehtiyaclarının qarşılanması, bəzi əsirlərin qaçırılması ilə bağlı dövrün şahidlərinin xatirələrində də maraqlı məqamlar var. Bütün bu mənbələrin ortaq bir xüsusiyyəti var:

Qardaş köməyi.

Bu kömək Bakını işğaldan azad etdi.
Bu kömək Qurtuluş savaşına qatılmağımıza səbəb oldu.

Bu kömək Qarabağın işğaldan azad olunmasına səbəb oldu.

Bu köməyə bu gün də ehtiyac var, sabah da ola bilər.

Əbədiyyat gününə qədər ortaq qədərimizə birgə sahib çıxmalıyıq!

P.S. “Açıq söz” qəzetindəki yazıları türkoloq Mehdi Gəncəli transliterasiya edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər