13 Fevral 2023 14:19
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı mühacir Hüseyn Baykara 1904-cü ildə Şuşada doğulub. O, gənclik illərindən bolşeviklər əleyhinə mübarizəyə başlayıb, buna görə də həbs edilib. 1920-ci illərin sonlarında mühacirətə gedib. İstanbula gələn Hüseyn bəy burada hüquq fakültəsini bitirib. Bir müddət Elazığda hakim işləyib, İstanbula döndükdən sonra prokuror vəzifəsində çalışıb.

Hüseyn Baykara İstanbulda Rəsulzadənin çap etdiyi “Yeni Kafkasya” jurnalı ilə əməkdaşlıq edib. Onun jurnalda “Ailə faciələri”, “Doktor Dadaş Həsənzadə” adlı yazıları çap olunub.
Baykara 1984-cü ildə Kayseridə vəfat edib. Nəşi İstanbula gətirilərək Seyid Əhməd Dərəsi məzarlığında dəfn olunub.

H.Baykaranın mühacirətdə üç kitabı işıq üzü görüb: “Azərbaycanda yeniləşmə hərəkatı. XIX əsr” (Ankara, 1966), “Azərbaycan istiqlal mücadiləsi tarixi” (İstanbul, 1975), “İran inqilabı və azadlıq hərəkatları” (İstanbul, 1978).
1967-ci ilin noyabr ayının sonlarında Hüseyn Baykara Türkiyənin Qars şəhərinə səfər edib, orada yaşayan azərbaycanlılarla görüşüb. Onların arasında vaxtilə Borçalı elində kommunistlərlə mücadilə aparan partizan İman da olub. Baykara 1968-ci ildə “Türk kültürü” jurnalında İmanla görüşündən və onun fəaliyyətindən bəhs edib.

Azərbaycan qaçaqçılıq, partizanlıq hərəkatının önəmli simalarından olan İman haqqındakı məqaləni təqdim edirik:

***

Hüseyn Baykara

Qars səfəri qeydləri

Çoxdandır sərhəd şəhərlərimizdən olan Qarsa getməyi və orada bir az Qafqaz havası tənəffüs etməyi düşünürdüm. Bu arzumu qədər mənə keçən ilin noyabr ayının sonlarında qismət etdi. Gedişim Qarsın soyuq, buzlu günlərinə təsadüf etmişdi. Buna baxmayaraq səfərimi məqsədinə yetmiş hesab edirəm.

Qarsda 1920-ci ildə tarixdə ikinci dəfə qırmızı istilaya məruz qaldıqdan sonra ayrı-ayrı bölgələrdə rus işğalına qarşı savaşmış azərbaycanlı dostlarla qarşılaşdım. Orada gənc, enerjili və simpatik doktor Çingiz Əsgəranı tanıdım. O, çox vətənpərvər davranışları ilə təmayüz edən gözəl və münəvvər həyat yoldaşı Gülçöhrə xanımla və gül kimi uşaqları ilə birlikdə özlərini Qars şəhərinin inkişafına həsr ediblər.

Qarsda enerjili bir bələdiyyə sədri olduğunu eşitdim, təəssüf ki, onunla tanışlığa fürsət olmadı. Təvazökar xalq adamı olan valinin bir axşam toyda gənc və gözəl xanımı ilə xalqla əl-ələ verərək yerli folklor oyunları oynadığını gördüm, onunla tanış oldum, Qarsın ehtiyaclarını, xalqın arzularını çox yaxşı anlamış olduğunu öyrəndim. Gənc dostum Nurəddin Kayhanın mübarizəmizlə çox yaxından maraqlanması məni sevindirdi. Daha necə belə dostluqlar, səmimi maraq məni duyğulandırdı, bəzən gözlərim yaşardı.

Qarsda ilk nəzərəçarpan mənzərə 85 il öncəki rus istilası izlərinin yavaş-yavaş itməyə doğru üz tutması oldu. Qarsda və çevrəsində rusların qaldıqları 40 il ərzində tikdikləri qalın və qaba daşdan, divardan ibarət kobud binalar yıxılmaq üzrə idi. Böyük əsgəri qışlalar yıxılmış və şəhərin içindəki qaba görünüşünü itirmişdir. Apartman tipli binalar yeni-yeni tikilməyə başlanmışdır. Bu gedişat sürətlənərsə, Qars bir neçə il içərisində gözəl bir sərhəd şəhəri ola biləcəkdir. Taşdelen suyunu geridə qoyacaq Qarsın gözəl suyu o qədər əhəngsizdir ki, həkimlər bu suyun uşaqlara içirilməsini zərərli hesab edirlər. Bütün bunlarla birlikdə 45 illik Cümhuriyyət dövründə Qarsa çox az diqqət göstərildiyini də üzülərək ifadə etməliyəm. İndi tikilməkdə olan böyük süd fabriki ilə böyük ət kombinatı üçün xalqın nə qədər sevindiyini izah edə bilmərəm. Xalqın nəzərində artıq bundan sonra bizə də baxacaqlar ümidi cücərmişdir.

1878-ci ildə Qarsın rus çarlığı tərəfindən işğalı əsnasında rus ordusunun Qars xalqına qarşı insafsızca tətbiq etdiyi qırğın və yağmadan sonra şəhərdə 8672 nəfər əhalinin olduğunu öyrənirik. Bu əhalinin 7330-u türk, 1911-i erməni, 138-i rumdur (İstanbul Xalq Evləri yayını, Qars, 1943, s. 27).
1891-ci il siyahıyaalınmasında ruslar Qars vilayəti əhalisini 200.868 olaraq göstərirlər. Rus çarlıq rejimi məlum siyasətlə “parçala, hökm et” prinsipini həyata keçirərək o çağdakı Qars əhalisini bu şəkildə sənədləşdirmişlər: Türklər 24%, azərbaycanlı tatarlar (qarapapaqlar) 14%, kürdlər 15%, türkmənlər (ələvi türklər) 5%. Buna müqabil bir-biri ilə əsla müştərək kültür və milliyyət əlaqələri olmayan və dini inancları ayrı olan aşağıdakı xalqın hamısını rus olaraq göstərmişlər: Duxobor, xoxol, malakan, rum və nemsə (alman) 7% (eyni əsər, s.48).

I Dünya müharibəsində rus ordusu Qars xalqını türk ordusu ilə əməkdaşlıq etməsi bəhanəsi ilə 1915-ci ilin ilk üç ayında sistemli bir şəkildə məhv etmişdir. Bu qırğından qurtula bilən və Qarsdan başqa yerlərə hicrət edən 22 min əhalini Bakıdakı “Azərbaycan Cəmiyyəti-Xeyriyyəsi” üç il müddətincə gərəkli yardımı edərək yaşatmışdır. 1918-ci ildə Brest-Litovsk müqaviləsi ilə Osmanlı imperatorluğuna tərk edilən Qarsa türk orduları girdikdən sonra savaş əsnasında köçən yerli xalq şəhərə qayıtmışdır. Birinci Dünya müharibəsində Osmanlı imperatorluğu yenilincə Qarsı işğal edən ingilis və ruslar şəhərin idarəçiliyini ermənilərə tərk etmişdilər. Bu fürsətdən istifadə edən ermənilər Qarsda olan bütün türk xalqını öldürmüşdülər. Bu qırğından ancaq üç yaralı türk qurtula bilmişdir.
30 oktyabr 1920-ci ildə XV kolordu ilə Kazım Qarabəkir paşa Qarsı xilas edənə qədər şəhər erməni işğalında qalmışdır. 23 fevral 1921-ci ildə gürcülərlə bağlanılan müqavilə üzərinə Ərdəhan, Çıldır və Posof barış yolu ilə ana vətənə qatılmışdır. 16 mart 1921-ci il Moskva müqaviləsi ilə Batum xaric keçmiş əlviyeyi-selasə adlanan üç vilayət ana vətənə birləşdirilmişdir. 13 oktyabr 1921-ci ildə Ermənistan, Gürcüstan və Azərbaycan şura hökumətləri bu anlaşmanı qəbul eyləmişlər.
Qırx illik rus işğalının izləri Qarsda getdikcə itərkən 1145-1174-cü illərdə Saltukoğullarının tikdikləri və 1579-cu ildə III Murad dövründə Lələ Mustafa paşa tərəfindən yeddi bəylərbəyi və 100.000 işçinin qatılması ilə ikmal edilmiş olan möhtəşəm Qars qalası yüksək bir təpənin üzərində şahlanmış və ədalı duruşu ilə şimal istilaçılarına qarşı tikilmiş şah əsər olan bir türk abidəsi kimi durmaqda və türk varlığını təmsil eyləməkdədir.

***
Yuxarıda Azərbaycanın istiqlalı üçün çarpışan keçmiş partizan dostlarla Qarsda rastlaşdığımızı qeyd etmişdim. Bu vəsilə ilə indi tarixə qovuşmuş və Azərbaycan mücahidləri tərəfindən edilmiş bu partizan savaşlarının xarakteristik bir yönünü ərz edəcəyəm. Bütün dünya hərb tarixinə görə partizan savaşını icad edən Quzey Qafqazın unudulmaz qəhrəmanı böyük İmam Şamildir. O, özünəməxsus dərin imanı, çox sərt dissiplini və bir ovuc ordusu ilə qoca rus imperatorluğuna qarşı 29 il savaşmışdır. Sonunda aradakı qüvvət bərabərsizliyi üzündən məğlub olan İmam Şamil bu 29 il içində hərb tarixinə şan və şərəflə keçmiş olan zəfərlər qazanmışdır. Bu savaşlara dair olaraq yazılmış kitablar rus və Avropa kitab rəflərini doldurmaqdadır. Bundan başqa Puşkin və Lermontov olmaq üzərə dünyanın tanınmış xeyli şairi İmam Şamilin savaşlarından dastanlara və poemalarına mövzu seçmiş və yazmışdırlar. İmam Şamilin dissiplininə bir misal göstərərək əsl mövzuya keçəcəyəm. Şamilin imamət məclisi ruslarla barışmağı istəyən və söyləyən hər dağlıya yüz dəyənək vurulması surəti ilə cəza verilməsini qərarlaşdırmışdır. Bir gün İmam Şamilin öz anası Şamilə belə qeyri-bərabər bir qüvvətlə savaşmağın mümkün olmayacağını və Şamilin mütləq ruslarla barışığa getməsi lazım gəldiyini nəsihət edir. Şamil anasına imamət məclisinin qərarını başa salır və cəzalandırılacağını bildirir. Anasının bütün etirazlarını heç dinləmədən Şamil məsələni bütün ordusuna və dağlılara elan etdirir. Təyin edilən gündə xalq və ordu mənsubları toplanır. Şamilin anasını meydana çəkirlər və dəyənəklə vurmağa başlayırlar. Üçüncü dəyənəkdə Şamilin anası bayılır. Bunu görən Şamil soyunaraq meydana atılır və anasına vurulacaq dəyənəklərin özünə vurularaq cəzanın infaz edilməsini əmr edir. Anasının cəzası bu şəkildə yerinə yetirilərək bitirilir.

Bəhs etdiyim bu əhvali-ruhiyyə içində Qarsda 1928-ci ilin başlarından 1930-cu ilin son aylarına qədər Tiflisin Borçalı elində qırmızı ruslarla partizan savaşı aparan dəstənin başçısı Təhməsqulu oğlu İman Yıldırımtürklə qarşılaşdım. İman Yıldırımtürk vaxtilə qırmızı ruslarla Azərbaycanın istiqlalı uğrunda savaşan yüzlərlə partizandan biridir. Ancaq İman Yıldırımtürkün savaşını anlatmaqla Azərbaycan partizançılığının xarakterini açıqlamaq istəyirəm. Çünki Azərbaycan istiqlalında istər yeraltı mücadiləsi, istərsə də partizanlıq araşdırılması gərəkli çox qanlı keçən hadisələrdən biridir. Bütün dünya bu gün Vyetnam partizan savaşlarını eşitməkdədir. Vyetnam savaşlarının arxasında Qırmızı Çin və Sovet Rusiyası kimi dövlətlər vardır. Halbuki Azərbaycan, Dağıstan (Quzey Qafqaz), Kazan və Türküstan bu savaşları ancaq öz zəif varlığına söykənərək etmiş, yüz minlərlə can itirmişdir. O zaman bu savaşlara biganə qalan azad dünya bu gün bu savaşları öz burnunun dibinə qədər gətirmişdir.

İman Yıldırımtürklə qarşılaşmağımız dramatik oldu... Mən 1925-ci ilin ortalarında Azərbaycanın keçmiş nazirlərindən Rüstəm xan Xoylu və keçmiş Azərbaycan Dəmiryolu Mühafizə komandanı Xanbaba bəy Sədrəddinbəyli ilə Tiflisdə Kür çayı üzərindəki Metex qalasında (türkcə Narın, gürcücə Metshet) həbsdə ikən İman da orada imiş, fəqət bir-birimizi tanımamışıq. 1928-ci ilin əvvəllərində İman təsadüfən Metexdən çıxdığı zaman kəndinə qayıtmış və bu zaman Stalinin torpağı kolxozlara - ümumi təsərrüfat islahatına tabe etdiyi günlərə rastlamışdır. Bu sistemə qiyam edən kəndlilərlə birləşən İman Borçalı dağlarına çəkilmiş və qırmızı kommunist qüvvətlərlə savaşa başlamışdır. İmanla əvvəlcə Azərbaycan üçün qanlı keçən bu zamanın xatirələrini yada saldıq. Biz Metex qalasından ayrıldıqdan sonra 1927-ci ilin son ayları ilə 1928-ci ilin başlarında tutularaq Çekadan Metexə gətirilən və Mirzəbalanın xarici ölkələrə çıxması ilə Azərbaycan Müsavat partiyasının yeraltı təşkilatının mərkəzi komitəsinin rəisi olan Dadaş Həsənzadə ilə İman Metexdə tanış olmuş və dostlaşmışlar. Azərbaycanın bu çox qiymətli övladı digər dostları kimi güllələnərək öz qanını istiqlal mübarizəsinin təməlinə axıtmışdır.

İmanın partizan savaşında özünəməxsus fikirləri və taktikası vardır. “Mən heç bir zaman başımda 25 nəfərdən çox, 12 nəfərdən az partizan saxlamadım. İstəsə idim, mövcudu yüzlərə çıxarardım, fəqət o zaman silah-sursat təmini, iaşə, geyim və kontrol məsələləri gücləşirdi. Bir partizanın ətrafında daima tanıdığı və inandığı şəxslər olmalıdır” deyirdi.

İman danışarkən bəzən dayanır, fikrə gedir, şəhid yoldaşlarını xatırlayaraq gözləri dolurdu. Savaşlarda daima rusları hədəfə aldığını, yerli türk kommunistlərlə məcbur olmadıqca uğraşmadığını söyləyirdi. İmanın partizanları bir gün bir neçə yerli türk kommunisti tutaraq gətirmişlər və “bunları öldürəcəyik!” deyə dirənmişlər. İman yoldaşlarına belə demişdi: “Bu zavallı xalqı bir tərəfdən rus qırsın, bir tərəfdən də biz qıraq, bu, Allaha rəvamıdır? Xeyr, mən bunların öldürülmələrinə icazə vermirəm, buraxın getsinlər”. Bu şəkildə əmr vermişdir. Bu vəziyyəti görən kommunistlər İmanın ayaqlarına qapanmışlar. Bu adilanə taktikası sayəsində İman öz kəndi olan Faxralıya istədiyi zaman sərbəst şəkildə gedib-gələ bilmişdir. Bəzən qırmızı ordu nəfərlərinin qiyafətini geyinərək yoldaşları ilə birlikdə qırmızı rus orduları arasından müəyyən məntəqəyə sıza bilmişdir. Borçalı elinin Lüksemburq (alman koloniyası), Cəlaloğlu, Şuləvər, Marnuel, Başkeçid, Aşağı Saral, Sadaxlı və Aşağı İrmasan bucaqlarında sərbəstcə dolaşdığı zamanlar olmuş və bu bölgədəki gürcü, alman, türk və hətta erməni kəndlilərindən yardım görmüşdür.
İmanın dəstəsinə mənsub partizanlar bir gün meşəbəyini mühasibi və qoruqçusunu pul dolu heybələri ilə tutub gətirirlər. Bu adamlar meşədə çalışan işçilərə pul paylamaq və maaşlarını ödəmək üçün atla yola düşüblərmiş. Dəstə üzvlərinin gözü heybədəki pulda idi. İman bu pulların işçilərə aid olduğunu anlayınca “buraxın getsinlər, işçilərin pulunu qəsb etməyə haqqımız yoxdur” deyə partizanlara əmr etmişdir. Bu hadisə Gürcüstanda Hopret kəndi civarında olan Lalver – Allahverdi taxta fabrikinə yaxın bir yerdə cərəyan edir. O zaman Tiflisdə olan Lavrenti Beriya bu hadisəni eşidincə: “Kaş ki İman o pulu alardı, bizim üçün daha yaxşı olardı, işçilər və xalq ondan nifrət edərdi” deyə deyinir.

İman bunları gözləri dolaraq danışır və deyir ki, mənim partizanlıqda təqib etdiyim yol atalarımın və xalqımın mənə öyrətdiyi yoldur. Xalq deyimində olduğu kimi:

Əzizim Ordubada
Yol gedər Ordubada
Qoşunda sərkar gərək
Verməyə ordu bada.
Bir gün Çekanın öndə gələn vəzifəlilərindən biri İmanla görüşmək və onu mücadilədən vaz keçirmək istəyir.
(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər