13 Aprel 2023 11:04
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir təhsil müəssisəsi qarşısında cəmiyyətimiz, dövlətimiz və onun davamlı inkişafı üçün müxtəlif sahələri əhatə edən ixtisaslı kadrlar yetişdirmək və elmi inkişaf etdirmək kimi çox ciddi fundamental məqsədlər durur. Bu baxımdan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) son illər ərzində Elm və Təhsil Nazirliyi ilə birlikdə aparılan islahatlar, təhsil və tədris prosesinin yenilənərək müasir meyarlar əsasında formalaşması, elmi potensialın yüksəlməsi istiqamətində atılan addımlar müsbət nəticəsini verməkdədir.

Hələ bir neçə il əvvəl universitetdə yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya yönümlü biznes strukturuna çevirə bilməsi, inkişafı məqsədilə Startap məktəbi faəliyyətə başladı, çox keçmədən bu layihəyə cəlb olunan gənclərimizin uğurlarının şahidi olduq. Keçən müddət ərzində bir neçə Startap layihəmiz nəinki ölkə daxilində, dünyanın bir neçə ölkəsində keçirilən müsabiqlərdə ən yüksək yerləri qazandılar. Nümunə üçün qeyd edək ki, “Healwith” startap layihəsi Rusiya Federasiyasının Kazan şəhərində keçirilən müsabiqədə birinci yeri qazanıb, “HealthMentor” startap layihəsi isə Türkiyə, Sloveniya və İranda ən uğurlu startap kimi təqdim olunub.

Sadəcə bir neçə məqama diqqət yetirək: 2020-ci il fevralın ilk günlərindən başlayaraq ADNSU-da İsrail–Azərbaycan Təlim Mərkəzində veb proqramlaşdırma kurslarına start verildi. İsrailin İT və yüksək texnologiyalarla bağlı təcrübəsi əsasında təşkil olunan və təcrübəli əməkdaşlarımızın dəstəyi ilə fəaliyyət göstərən təlim mərkəzində bu gün yüzlərlə azərbaycanlı gənc, o cümlədən ADNSU tələbəsi İT və proqramlaşma ilə bağlı fundamental bilik qazanırlar. Bundan əlavə, ötən ilin ilk aylarında Elm və Təhsil nazirliyinin təşəbbüsü ilə universitetimizdə start verilən Alqoritmika İT kursları da tələbələrimizin hərtərəfli inkişafına xidmət edən uğurlu layihələrdəndir. Sözsüz, qeyd olunanlar icra edilən uğurlu layihələrimizin kiçik bir hissəsidir. Qeyd etdiyimiz kimi, tələbələrimizlə yanaşı, müəllim personalının özünü təkmilləşdirməsi üçün əsaslı proqram və layihələr arasında ADNSU-da ingilis dilinin tədrisinin daha da yüksəldilməsi məqsədilə “British Council” təşkilatı ilə bağlanmış müqavilə əsasında təşkil olunan kurs da həmçinin uğurlu əməkdaşlıq layihələrindən biridir.

Bütün bunlar onu göstərir ki, bu gün ADNSU-da tələbələrə təkcə təhsil aldığı ixtisas üzrə bilik verilmir. Onlar müasir çağırışlara uyğun hərtərəfli mütəxəsis kimi yetişdirilirlər. Bəli, tədrisin və təhsilin yüksəldilməsi, peşəkar mühəndis kadrların formalaşması üçün müasir texnologiya və metodologiyanın tədris prosesinə tətbiq edilməsi, müəllim personalının daha da təkmilləşdirilməsi tələbələrin bilik səviyyəsinin yüksəldilməsində və bundan irəli gələrək istehsalat müəssisələrində tələbə və məzunlarımıza artan tələbatda özünü daha aydın göstərir.

Bu gün ADNSU-nun qarşısında duran ən mühüm məsələlərdən biri həm də tədqiqat universiteti kimi formalaşmaq, elmi nailiyyətlərini daha da yüksəltmək, regional və dünya səviyyəli universitetlərin siyahısında yer almaqdır. Təbii ki, Azərbaycan müasir dövlət olaraq dünyada gedən elmi proseslərdən də kənarda qalmır. Xüsusilə son illər elmi innovasiyaların inkişafı, Azərbaycan elminin beynəlxalq aləmdə təbliği daha da genişlənib, dünyanın nüfuzlu təşkilatlarında çap olunan nəşrlərimizin sayı artıb. Hazırda ölkəmizdə riyaziyyat, kimya, neft-qaz, tibb və humanitar sahələrlə bağlı 15-ə yaxın jurnal "Scopus" və "Web of Science" kimi beynəlxalq elmi bazalarda mövcuddur. Son illər ölkədə texniki profilli universitet olaraq, təhsilin və tədrisin yüksəldilməsi ilə cəmiyyətin rəğbətini qazanan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti elmi nailiyyətləri, innovativ layihələri ilə fərqlənməyi bacarıb. Artıq 5 ildir ki, Universitetin təsis etdiyi “Azerbaijan Journal of High Performance Computing” elmi jurnalı dünyanın doqquz elmi bazasına daxil olaraq indeksləşib. 2017-ci ilin sonunda ADNSU-nun Elmi Şurasının qərarı ilə High Performance Computing (HPC) - Elmi Mərkəzi yaradılıb. HPC mərkəzi yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə oluna bilən müasir texnologiyadır. ADNSU-da belə bir mərkəzin yaradılmasında əsas məqsəd HPC-nin nəzəri və tətbiq sahələrində yeni və innovativ tədqiqat ideyalarını yaymaq, bu sahədə ixtisaslaşdırılmış kadrları yetişdirməkdir. ADNSU-da olan HPC dünyada mövcud olan 42 belə mərkəzdən biridir və universitetin son illər qazandığı ən uğurlu layihələrdən biridir. HPC mərkəzində çoxnüvəli paylanmış hesablama sistemlərinin hazırlanması istiqamətində elmi tədqiqatlar aparılır. Universitet HPC mərkəzinin imkanlarından istifadə edərək enerji sistemlərinin informasiya təhlükəsizliyi istiqamətində Horizon 2020 ELECTRON layihəsinin iştirakçısıdır, bu layihədə ADNSU ilə yanaşı, IBM, Schneider, Intrasoft International kimi təşkilatlar iştirak edirlər. Bununla yanaşı, süni intellekt sistemlərinin təkmilləşdirilməsi və müxtəlif sahələrdə tətbiqi istiqamətində Universitetin iştirakı ilə Avropanın məşhur universitetləri və təşkilatları ilə birgə hazırlanmış layihələr Horizon Europe proqramına təqdim olunmuşdur.

Hal-hazırda data analitika və maşın öyrənmə üsullarının elmin və sənayenin bütün sahələrində tətbiqinin populyarlaşması, həmçinin multidissiplinar tədqiqatların genişlənməsi ilə mühəndisliyin bütün istiqamətlərində mütəxəssislərin riyazi və kompüter modelləşdirilməsi biliklərinə yiyələnməsi vacib amillərdən birinə çevrilmişdir. Bu məqsədlə ADNSU-nun demək olar ki, bütün ixtisaslarında ali riyaziyyatın müxtəlif kursları geniş şəkildə tədris olunur və keçən ildən başlayaraq ixtisaslaşmış “Baku Mathematical Journal” jurnalı nəşr olunur. Jurnalın redaksiya heyəti ADNSU-da və ölkəmizin digər elmi mərkəzlərində çalışan tanınmış riyaziyyatçılarla yanaşı, riyaziyyat üzrə dünyada tanınmış və yüksək göstəricilərə malik alimlərdən təşkil olunmuşdur. Qısa müddətdə nəşr olunmasına baxmayaraq artıq jurnalda çap olunan məqalələr bir sıra nüfuzlu bazalarda indekslənir.

Universitetin professor-müəllim heyəti tərəfindən ərsəyə gələn elmi məqalələrin sayı dünyanın elmmetrik bazalarında sürətlə artır. Təkcə son 1 ildə əməkdaşlarımızın dünya səviyyəli elmi bazalar olan “Scopus” və “Web of Science”-da 350 elmi məqaləsi dərc olunub.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün ADNSU universitet olaraq həm təhsil və tədrisin daha da yaxşılaşdırılması, həm də elmi potensialın yüksəldilməsi istiqamətində ciddi uğurlara imza atıb və ən önəmlisi odur ki, bu tendensiya artan şkala üzrə davam edir. Elə ona görədir ki, bu gün ADNSU-ya təkcə təhsil və elmi ictimaiyyətiə deyil, bütövlükdə cəmiyyətdə böyük rəğbət formalaşıb.

Araz Əliyev,
ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri,
Azərbaycan Respublikasının Əməkdar elm xadimi,
riyaziyyat elmləri doktoru, professor


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər