Son illər yerli telekanallara baxanların sayı bir neçə dəfə azalıb.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, bayağı məzmunlu verilişlər televiziyaların əsas hissəsinə çevrilib:
“Bayağı şou proqramların artması, şou əhlinin əsas simalar kimi təqdim olunması Zəfərimizə, məqsədimizə də uyğun deyil”.
Deputat Ceyhun Məmmədov qeyd edib ki, əsas diqqət maarifləndirici verilişlərə yönəlməlidir:
“Azərbaycan telekanallarının artıq bir neçə dildə yayımlanmasına ehtiyac var. Bu gün ənənəvi media sosial şəbəkələrə uduzur. Ona görə sosial media siyasətinə də yenidən baxmalıyıq. Bəzən bir televiziya verilişinə min adam baxırsa, sosial mediada həmin verilişə milyonlarla insanın baxdığını görürük”.
Deputat Sabir Rüstəmxanlı isə İctimai Televiziyaya təşkilatlar tərəfindən iki namizəd irəli sürməsini yanlış sayıb: “Adətən, birinci namizəd kimdir, ona səs verilir. Deputatları belə seçim qarşısında qoymaq düzgün deyil. Bəlkə, ikinci namizəd daha layiqlidir? Həmin namizədləri o təşkilatlar tanıyırlar və iki deyil, bir namizəd irəli sürsünlər ”.
Sabir Rüstəmxanlı televiziyaları tənqid edib: “Heç bir insan çirkli paltarda küçəyə çıxmaz. Amma televiziyaya çirkli paltarlarla, çirkli dillə çıxırlar. Onların buna nə haqqı var?..".