12 May 2014 14:35
1 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin bilik keyfiyyətinin artırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) iyunda paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçirəcək. BŞTİ müdirinin birinci müavini vəzifəsini icra edən Elnur Əliyevin Teleqraf.com-a bildirdiyinə görə, sınaq qiymətləndrilmə 3 istiqamətdə - fənn, metodika və kommunaktiv qabiliyyətə dair sorğu əsasında aparılacaq.

Sınaq qiymətləndirilməsi Bakıda 30 min müəllimi əhatə edəcək və 4 zona üzrə və 19 ixtisas üzrə aparılacaq. Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcək.
Nazirlik rəsmisi bildirib ki, qiymətləndirilmə ilə bağlı sual bankı yaradılıb. Bu prosesdə yalnız müəllimlər iştirak edəcək, məktəb direktoru, direktor müavini, laborant və psixoloqlar sınaq qiymətləndirilməsindən kənarda qalacaq.

Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin mükafatlandırılması da nəzərdə tutulub.
Elnur Əliyev bildirib ki, sınaq qiymətləndirilməsinin fənn istiqaməti -müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək.

BŞTİ rəsmisi onu da qeyd edib ki, sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.

Qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin peşə fəaliyyəti, stimullaşdırıcı meyarlar dəyərləndiriləcək, yeni yanaşmaya uyğun yeni təlim proqramları hazırlanacaq: “Bu proses həmçinin müəllimlərin ixtisasartırması və yenidən hazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edəcək, əmək fəaliyyəti və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaq”.

Qeyd edək ki, Mikayıl Cabbarov müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə əmr imzalayıb. Əmrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılıb ki, paytaxtın ümumi təhsil müəssisələrində işləyən müəllimlərin ixtisaslar üzrə siyahılarının bir həftə müddətinə hazırlanmasını təmin etsin, mayın 25-dək hər bir ixtisas üzrə test bankının hazırlanması, ekspertizadan keçirilməsi, müəllimlərin sayına uyğun sual kitabçaları və cavab kartlarının çapı ilə əlaqədar tədbirləri görsün, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq mərkəzi, hər bir mərkəz üzrə rəhbər və nəzarətçiləri müəyyənləşdirsin.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

NİGAR


Müəllif: