"Məktəblərin idman zallarında baş verən neqativ halları bir qurumun üzərinə atmaq olmaz".
Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Elm və təhsil naziri Emin Əmirullayev deyib.
Onun sözlərinə görə, məktəblərdə olan idman zallarının mahiyyəti peşekar idmançı yetişdirmək deyil:
“Sadəcə uşaqların asudə vaxtlarını daha səmərəli keçirilməsi üçündür. Onların arasından çıxacaq peşəkar idmançıları federasiyalar yetişdirməlidir".
Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.