Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Bu dahi insanın bir amalı var idi - Azərbaycanı tam, xoşbəxt, güclü görmək. Və bunun üçün də çalışırdı, hətta deyərdim ki, mübarizə aparırdı. Ulu Öndər tarixi varislik prinsiplərini əsas götürməklə, bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandırdı. Nümunələr saysızdır. Ordu quruculuğu, Azərbaycan dili, iqtisadiyyatda, diplomatiyada, insan hüquq və azadlıqlarının qorunmasında, dövlət atributlarının təbliğ olunmasında biz bu varisliyi görə bilərik. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu. Bu yolda heç bir çətinlikdən qorxub çəkinmədi. Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Biz onun fəaliyyətini davamlı olaraq təbliğ etməliyik. Xüsusi ilə yeni nəsil bilməlidir ki, Ulu Öndər dövlətimizi necə xilas edib. Biz hansı mürəkkəb dövrdə yaşamışıq. Ona görə də mən xanım sədr, sizə təşəkkür edirəm ki, Milli Məclisdə belə xüsusi iclaslar keçirirsiniz.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova deyib.
O qeyd edib ki, ulu Öndərin ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması sahəsində gördüyü işlər xüsusi ilə qeyd olunmalıdır:
“Baxmayaraq ki, çətin bir dövr idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan qadın və uşaq hüquqları ilə bağlı bütün zəruri beynəlxalq konvensiyalara qoşuldu. Mühüm qanunlar qəbul edildi. BMT Uşaq Fondunun və Əhali Fondunun, eləcə də beynəlxalq təşkilatların ölkəmizlə əməkdaşlığına şərait yaradırdı. Bu nə üçün lazım idi? İnformasiya blokadası vəziyyətində olan bir ölkə üçün bundan yaxşı fürsət ola bilməzdi. Həmçinin, dünya Azərbaycanın insan hüquq və azadlıqlarına hörmətlə yanaşdığını gördü. Gördü ki, Ermənistan tərəfindən işğala məruz qalmasına, 1 milyondan çox qaçqın və məcburi köçkün olmasına baxmayaraq, ölkəmiz və xalqımız beynəlxalq hüquq norma və prinsiplərinə əməl edir. Sülh üçün, inkişaf üçün, sabitlik üçün fəaliyyət göstərir. Bütün bunlar isə ölkəyə münasibəti dəyişdi. Onun siyasətini, arzularını ləyaqətlə davam edən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub".
Millət vəkili bildirib ki, 15 iyun- Azərbaycan tarixində xüsusi bir mahiyyət daşıyan gündür:
“30 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardı. 2 il əvvəl isə Azərbaycan qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladı. Və güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim etdi. Yenidən prezident seçilmiş Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində bildirməliyəm ki, Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Və bu Bəyannamə iki qardaş ölkənin daimi birliyini daha da gücləndirərcəkdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini özquruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir".