“Zəlzələnin özündən çox onun yaratdığı ajiotaj daha güclü oldu. Buna sosial mediada zəlzələ ilə bağlı çoxsaylı fikirlərin səsləndirilməsi rəvac verdi. Ən mühüm faktor isə bu ilin fevral ayında qardaş Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələ idi. İnsanlar həmin an o zəlzələ ilə eyniləşdirmələr apardılar. Və düşündülər ki, bizdə də eyni gücdə zəlzələ baş verə bilər”.
Bunu Teleqraf.com-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.
O, 2000-ci ildə Bakı şəhərində baş verən zəlzələni də xatırladıb.
“O vaxt Bakıda baş verən zəlzələnin balı dünənki zəlzələyə nisbətən daha artıq idi. İnsanlar o vaxt da panikaya düşmüşdülər. Ancaq dünənki zəlzələnin göstəricisi 2000-ci illə müqayisə olunmayacaq dərəcədə az idi. Bununla yanaşı panika çox idi. Burda da bayaq dediyim məsələ- Türkiyədə yaşanan o dəhşətli zəlzələ çox önəmli rol oynayır. Bunu da başa düşmək olar. Çünki hələ də o yaşanan hal insanların düşüncəsindən getməyib. Düşünürlər ki, bu bir siqnaldır və evimizi tərk etsək, daha təhlükəsiz yerə çıxsaq özümüzü, yaxınlarımızı xilas etmiş olacağıq. Bu onların yanaşmasıdır, ancaq bunun üzərindən hansısa proqnoz vermək, spekulyasiya aparmaq doğru deyil. Çünki hər birimizin ətrafında həssas, narahat, gərgin insanlar var. Hansı ki, onlar o xəbərləri yalnış olsa belə doğru kimi qəbul edirlər. Ona görə də biz birinci növbədə bu məsələdə diqqətli olmalıyıq. Panikaya düşməməliyik. Digər insanların psixoloji durumunu nəzərə almalıyıq.
Respublika Seysmoloji Mərkəzindən zəlzələnin episentrinin harda olduğu, nə qədər davam etdiyi haqda detallı məlumatlar verilib. Və əgər hər hansı təhlükə gözlənilirsə bununla bağlı əlaqədar qurumlar da narahat olacaqlar, lazımi xəbərdarlıqları edib, tədbirlər həyata keçirəcəklər. Biz isə lazım olmayan məlumatları tirajlamaqla ümumi psixoloji abu-havanı daha da gərginləşdiririk. İnsanlarımıza bir qədər diqqətli olmağı tövsiyə edirəm. Bəzən elə xəbərlər paylaşırlar ki, bu yumor xarakteri daşıyır. Amma hər kəs də ötürülən mesajı eyni cür qəbul etmir. Sənin zarafata dediyini başqası ciddi qəbul edə və halı pisləşə, gərginliyə düşə, narahat ola bilər. Bu cür xəbərlərlə həyatımızı daha da yaşanmaz hala gətirməyək. Çünki dünənki zəlzələ elə də güclü zəlzələ deyildi.
“Zəlzələnin yaratdığı qorxu, narahatlıq hissini necə dəf edə bilərik?” sualımıza Elnur Rüstəmov belə cavab verib:
“Müasir dünya stress, gərginlik, narahatlıqla doludur. Buna təsir göstərən faktorlar var. Mütəxəssislər sürəti buna misal göstərirlər. Bu gün hər şey sürətlə dəyişir. Onunla yanaşı informasiya əsrində yaşayırıq. İnsan beş dəqiqə yeni informasiyasız qalanda özünü narahat hiss edir. Həmin an sosial şəbəkələrdən xəbər axtarışına çıxır, halbuki, o xəbər heç ona lazım da deyil.
Fərd, toplum olaraq biz psixoloji dayanıqlığımızı qorumaq üçün tədbirlər görməliyik. Bizim stressə qarşı müqavimətimiz, öz emosiyalarımızı idarəetmə səviyyəmiz nə qədər üstün olarsa həyat keyfiyyətimiz bir o qədər artacaq. Bunun üçün də dünyada qəbul olunan praktika var. Araşdırmalar onu göstərir ki, insan boş zamanında nə qədər mütaliə edib, səhər erkən oyanıb, yürüyüş edərsə bir o qədər psixoloji gücü də artacaq, proses və hadisələrə qarşı dayanıqlılığı, emosiyalarını idarə etmə səviyyəsi də artacaq. Biz qəbul etməliyik ki, psixologiya bizim həyat tərzimizə çevrilməlidir. Yəni biz bunu həyatımızda tətbiq etməliyik. Bunun üçün də insanın özünə yatırım etməsi vacibdir. Yəni mənəvi yatırım...O halda insan çağdaş dövrün çağırışlarına qarşı adekvat olacaq”.