İyulun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Nəsimi Rayon Yeni Azərbaycan Partiyası ilə birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdən öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun rəhbərliyi ilə universitetin professor-müəllim heyəti Fəxri Xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib. ADNSU kollektivi, eləcə də görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini böyük ehtiramla yad edib.
Universitetin Akt zalında tədbir başlamazdan əvvəl ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşklatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və universitetin professor-müəllim heyəti üzvlərinin iştirakı ilə ulu öndərin abidəsi önünə əklil qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
Filmin nümayişindən sonra ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov 14 iyul 1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlməsinin tarixi əhəmiyyətindən danışıb. İstər 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi, istərsə də 1982-1987-ci illərdə SSRİ rəhbərliyində olduğu dövrdə Azərbaycan və azərbaycançılıq üçün misilsiz xidmətlərindən bəhs edib. O, həmin illərdə ulu öndərin təhsil, mədəniyyətlə yanaşı sənaye və iqtisadi sahədə apardığı islahatların gələcək müstəqil Azərbaycan Respbulikasının inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb. SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Azərbaycanın yaşadığı fəlakətlərə toxunan dosent Vazeh Əskərov 1993-cü ildə xalqın təkidi ilə ulu öndər heydər Əliyevin respublika prezidenti seçilməsindən sonra ölkəmizin inkişafının dönməz xarakter aldığını qeyd edib. O, bu prosesin hazırda president İlham Əliyev tərəfindən davam etdirildiyini və hazırda Azərbaycanın beynəlxalq miqyasda güclü iqtisadiyyata və etibarlı tərəfdaş reputasiyasına sahib regional dövlət kimi tanındığını vurğulayıb.
Tədbirdə çıxış edən YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov ADNSU rəhbərliyinə onların təşəbbüsünü dəstəkləyərək Ulu öndərin 100-illiyinə həsr olunmuş təbdirin təşkilatçılığına görə təşəkürünü bildirib. Ulu öndər Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz rolunun hər zaman ehtiramla xatırlandığını qeyd edən Azər Süleymanov müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolunu, zəngin və çoxşaxəli irsini tükənməz xəzinə adlandırıb.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Ulu Öndər Heydər Əliyevin ölkəmizin tarixində misilsiz xidmətlərini qeyd edərək Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin Azərbaycan xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə apardığını deyib.
ADNSU-nun Tələbə Gənclər Təşkilatının sədri Cavanşir Abdullayev gənclərin Ümummilli liderin digər sahələrdə olduğu kimi gənclər siyasətinə göstərdiyi xüsusi diqqət və qayğıdan, onun bu günkü nəticəsindən danışıb.
Tədbirin sonunda ADNSU-nun Nəsimi rayon YAP-ın ictimai-siyasi həyatında fəal iştirak etmiş ADNSU fəalları təltif olunublar.