Hazırda Azərbaycan boksunun vəziyyəti heç ürək açan deyil. Azərbaycandakı boksun vəziyyəti onu sübut edir ki, Azərbaycan Boks Federasiyasında nələrsə düz getmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında boks üzrə məşqçi Ramil Məmmədzadə deyib.
Onun fikrincə, buna səbəb idarəetmə və kadr seçimi ilə bağlıdır: “Belə təsəvvürlər var ki, dünya çempionu və ya Avropa çempionu olmuş şəxs hazırda professional idmanda olmasa belə hansısa komandada baş məşqçi və yaxud da onun köməkçisi işləməlidir. Bu, çox yanlış yanaşmadır. Bu o demək deyil ki, yaxşı boksçudursa, güclü məşqçi də olacaq. Hazırda Elbrus Rzayev Azərbaycan Boks Federasiyasının ən uğurlu baş məşqçisidir. Onun karyerasında nəzər salsaq, ciddi bir nəticəsi olmasa da, Azərbaycan boksuna dünya çempionları qazandırıb. Ağası Məmmədov kimi Azərbaycan boksunun canlı əfsanəsi yeniyetmələr arasında baş məşqçi köməkçisi vəzifəsində çalışır. O, daha yüksək vəzifələrdə çalışa bilər”.
Ramil Məmmədzadə dünya çempionatında yarışmaq üçün komandaya çağırılmadıqlarını söyləyib.
O, narazılığını Gənclər və idman naziri Fərid Qayıbova da çatdırdığını deyib: “Nazirlə görüşdən sonra onun göstərişi ilə Boks Federasiyasına dəvət olundum. Boks Federasiyasının prezidenti Sahil Babayevin tapşırığı ilə vitse-prezident Vüsal Nəsirli mənimlə görüşdü. Görüşdə təkliflərimi səsləndirdim, eyni zamanda soruşdum ki, Pedro Roke uğursuz məşqçidir, nəticələri də göz qabağındadır, nə üçün hələ də onunla əməkdaşlıq edilir?
Vüsal Nəsirli bildirdi ki, onunla 2024-cü ilədək müqavilə imzalanıb və vaxt başa çatandan sonra digər variantlar üzərində düşünüləcək”.
Məşqçi hesab edir ki, hələ bir də il də uğursuz nəticələr gözləməkdənsə, sözügedən baş məşqçi ilə müqaviləyə xitam verib milli komandaya ölkəmizdən olan perspektivli məşqçilər gətirilə bilər: “Kişi boksçulardan ibarət milli komandanın baş məşqçisi Pedro vaxtilə Olimpiya, dünya çempionları yetişdirib. Lakin artıq formadan düşüb, Pedronun 80-ə yaxın yaşı var, onun gedib dincələn vaxtıdır. Hazırda onun nə işlə məşğul olduğu bəlli deyil. Azərbaycanda Olimpiya çempionu olacaq idmançılarımız da, onu yetişdirən məşqçilərimiz də var.
Dünya çempionatına hazırlıq zamanı artıq yarışda iştirak edəcək heyətdəki boksçuların adları bəlli idi. Çünki Avropa Oyunlarında iştirak edən idmançılar dünya çempionatına da yollanırlar. Problem budur ki, onların alternativləri yoxdur. Boksçu hiss etməlidir ki, yaxşı mənada onun yerində gözü olan başqa bir boksçu var. O zaman daha əzmkar olacaq, özünə əziyyət verib daha yaxşı məşq eləməyə başlayacaq.
Amma boksçu yarışlara namizədin təkcə özünün olduğunu biləndə heç vaxt ciddi məşq edə bilməz. Bu nəinki boks, hər sahədə belədir. Rəqabət olmayan yerdə inkişaf heç vaxt olmur”.
Məşqçi onu da əlavə edib ki, sözügedən problemlə əlaqədar bir neçə idmançısı xaricə üz tutmalı olub: "Həmkarlarımla məsləhətləşib belə qərara gəlmişik ki, idmançılarımız xarici ölkələrdə döyüşüb ən azından formada qalsınlar. Onların hər birinin arzusu Azərbaycanı təmsil etməkdir. Məcburiyyətdən çıxıb gediblər ki, idmançı karyeraları məhv olmasın. Çünki burada nə milliyə çağırırlar, nə də yarışlar var.
Elə idmançım var, ölkə üçüncüsü olub. İrad və şikayətlərimizə baxmayıb, millinin təlim və məşq toplantılarına çağırmırlar. Ötən il keçirilən Azərbaycan çempionatında iştirak edən boksçuların sayı onu göstərir ki, ölkəmizdə boks artıq bitib. Düzgün şəkildə komanda heyəti qurulmalıdır. Bəxtimiz gətirib ki, biz güclü iradəyə sahib olan millətik. Boksumuzu qaytarmaq üçün əlimizdən gələni edəcəyik".