Bu gün qardaş Türkiyə Cümhuriyyətində Zəfər Bayramıdır. Mustafa Kamal paşanın öndərliyində Türk millətinin başlatdığı Qurtuluş Savaşı 30 avqust 1922-ci ildə Dumlupınar qələbəsi ilə nəticələnmiş, 9 sentyabrda İzmirin azad edilməsi ilə öz missiyasını yerinə yetirmişdir.
Bu tarixi hadisələrin şahidi olan Əhməd bəy Ağaoğlu 1939-cu ildə “İkdam” qəzetində qələmə aldığı “Birlik simvolu” adlı məqaləsində zəfərin əldə edilməsində Mustafa Kamal Atatürkün sahib olduğu məziyyətlərin önəmindən bəhs edib.
Həmin yazını dilimizə uyğunlaşdıraraq təqdim edirik.
***
Əhməd bəy Ağaoğlu
Birlik simvolu
Niyə Atatürk məfhumuna yanaşıldığı zaman hər türkün ruhu elektrik cərəyanına yanaşmış bir filiz kimi dimdik qabarır?
Çünki o, Türk varlığının və Türk vəhdətinin ifadəsi və simvoludur.
Həqiqətdə Qurtuluş Savaşını kimsə şəxsən nə açmış, nə də qapatmışdır. Onu açan da, qapatan da Türk millətidir.
Mən bu həqiqəti hələ Ankara hüquq məktəbində hüquqi-əsasiyyə dərsi verərkən izah etdim və nəşr etdiyim qeydlərimdə də dərc eylədim.
Atatürkün və hər hansı generalın Anadoluya keçməsindən və işə başlamasından çox əvvəl zillət və həqarətə artıq təhəmmül və səbri qalmamış olan Türk yurdunun hər tərəfində “ya şərəf, ya ölüm” fəryadı ilə başlamış olan ayaqlanma hərəkatı Qurtuluş Savaşının birinci və həqiqi başlanğıcı olmuşdur.
Atatürk Samsuna çıxdığı zaman Anadolu və Rumelinin hər tərəfində müxtəlif yerlərdə hissə-hissə təşəkküllər vücuda gəlmiş, xalq İstanbul hökumətinə və müstəvlilərə qarşı feilən üsyan eyləmiş və xalqca yeni çətə döyüşlərinə başlanmışdır. Bir çox yerlərdə işin başına xalq qəhrəmanları olan efelər keçmişdilər və yanılmıramsa, bugünkü qiymətli xariciyyə vəkilimiz Saracoğlu və onun o zamanlar yaxın dostu olan və sonra yenə bir neçə dəfə nazir olmuş Mahmud Əsəd Bozkurt və hətta sabiq Baş vəkil Cəlal Bayar da bu efelərlə bərabər çalışmışdılar.
Ona görə də bu millətin hər hansı bir qamçı altında sürü halında aparılmış olduğu şəklində orda-burda deyilən iddialar qədər həqiqətə zidd və müxalif bir dava olmaz. Bu millət bilərək ölməyi şərəfsiz yaşamağa tərcih eyləmiş və bu iradəsini də feilən göstərmişdir.
Fəqət hərəkətlər o qədər dağınıq, bir-birindən uzaq, ahəngsiz və nizamsızdı ki, bu tərzdə uzun zaman davam etsə də, məqsədi təmin edəcəyi çox şübhəli idi.
Atatürkün ən birinci qiyməti bu dağınıq qüvvətləri birləşdirmək, nizam və intizam altına almaq, müəyyən və müştərək hədəfə doğru göndərmək xüsusunda göstərmiş olduğu dühası idi.
Bu əməliyyat göründüyü qədər asan deyildi.
Bir kərə, ozamankı yoxsulluq və vasitəsizlik xatırlanmalıdır. O zamanlar yaradılmış bir xalq şərqisi bu yoxsulluğun ümidsizlik dərəcəsini çox canlı bir tərzdə ifadə edir:
Ankaranın daşına bax
Gözlərimin yaşına bax
Yunan bizə meydan oxuyur
Qəhbə fələyin işinə bax!
Gözyaşları və Ankaranın quru daşları arasında müntəzəm bir ordu qurmaq, onun ləvazımını təmin eyləmək və eyni zamanda da Birinci Millət Məclisi kimi çox çətin, çox ciddi bir məclisi idarə eyləmək hər ağlın, hər zəkanın, hər qabiliyyətin işi deyildi. Heç şübhə yoxdur ki, ona yardım edən çox dəyərli arkadaşlarının da hümmət və qeyrətləri əsirgənilməmişdir. Fəqət başda nazim və qurucu o idi. Atatürkün o zamanlar göstərdiyi səbrə, təhəmmülə və qüdrətə heyran olmamaq qabil deyildir! Unudulmamalıdır ki, hər yerdə və hər zaman olduğu kimi bu oluş dövründə də ehtiraslar, şəxsi qısqanclıqlar, intriqalar, hiylələr, İstanbuldan xilafət, səltənət, Babialidə və məşixət tərəflərindən gələn propaqandalar, təlqinlər mühiti zəhərləməkdə idi.
Fəqət o, bütün bunlara qarşı çıxa bilmək, işin ta sonuna qədər arkadaşları ilə birliyi mühafizə etmək və bütün məmləkəti tək bir vücud kimi hədəfə doğru yürütmək dühasını göstərdi!
Məncə, Atatürkün dühası hərbçilikdən ziyadə bu milli vəhdət quruluşu sahəsində özünü göstərmişdir. Orduya gəlincə bu vəhdət o dərəcəyə gəlmişdi ki, Dumlupınar müharibəsindən altı ay əvvəl Qazi ilə bərabər cəbhəyə getmiş rus səfiri Aralov qayıtdıqdan sonra eynilə mənə dedi ki: “Qalib gələcəyinizə zərrə qədər şübhə etməyin. Mən komandan ilə nəfər arasında bu qədər vəhdətə təsadüf etmədim. Sonra hər iki tərəf də zəfər imanı ilə eyni dərəcədə doludur. Emalatxanalarda hər çəkic sanki “Zəfər!” deyə bağırır və hər örs də cavabən: “Zəfər!” deyə bağırır!”.
Budur, Atatürk belə milli birlik simvolu olmuşdur və bu vəhdətin mühafizəsini özü üçün bir həyat məsələsi tələqqi edən millət simvola hər hansı bir tərzdə toxunar-toxunmaz ciddiləşir, əsəbi bir həssasiyyət əlaməti göstərir. Hamımızın da səlaməti oradadır.