28 Sentyabr 2023 22:20
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Konsensus Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Erkən nikahlar erkən ölüm riskidir” layihəsi çərçivəsində dəyirmə masa təşkil edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə millət vəkilləri, dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nərgiz Cavadzadə erkən nikahların nəinki Azərbaycanda, elə də dünyada olduqca aktual problem olduğunu diqqətə çatdırıb və layihə çərçivəsində həyata keçirilən tele-debatlarda mövzunun bir çox aspektdən araşdırıldığını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik informasiya şöbəsinin sektor müdiri Zəminə Səfərova bildirib ki, Azərbaycanda aktuallıq kəsb edən problemlərdən olan erkən nikah özündə bir çox faktorları birləşdirir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı statistik göstəricilərdə faiz dərəcəsinin ildən-ilə azaldığını görsək də, bunun heç də həqiqəti tam əks etdirmədiyini yaxşı bilirik:

“Çünki 18 və istisna hallarda 17 yaşdan aşağı qurulan ailələr rəsmi qeydiyyata alınmır. Belə olan halda təxmin etmək olar ki, erkən nikaha cəlb olunanların sayı çoxdur və onun miqyasını dəqiq müəyyən etmək mümkün deyil. Erkən nikahların qarşısının alınması və effektiv nəticələrin əldə olunması üçün bu halın daha çox rast gəlindiyi bölgələri, əraziləri müəyyənləşdirmək lazımdır.

Həmin ərazilərdə maarifləndirmə işləri həyat keçirilməlidir. Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu istiqamətdə işlər görürük, belə ki, qabaqlayıcı və profilaktik tədbirlər həyata keçiririk. Komitənin nəzdində fəaliyyət göstərən regional uşaq və ailələrə dəstək mərkəzləri bir çox hallarda erkən nikahların qarşısının alınmasında əhəmiyyətli rol oynayır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hesab edir ki, ailələri erkən nikaha məcbur edən bir çox amillər mövcuddur. Onun fikrincə, bu məsələdə iqtisadi problemlərlə yanaşı əhalinin sosial, psixoloji problemləri mühüm əhəmiyyət kəsb edir:

“Sosial şəbəkələrdə qadınların mənfi obrazının yaradılması, mediada istifadə olunan başlıqları da gözardı etməməliyik. Biz hər hansı məsələ ilə mübarizə aparanda onun kök səbəblərini axtarmalıyıq. Bu kök səbəblərdən biri də qadınların təhlükəsizliyi, onların iş yerlərində seksual qısnanması haqqında rəvayətlər, söhbətlər, real hadisələr və bu fonda yaranan mühit qızların təhsildən yayınması, erkən ərə verilməsi, selektiv abortlara gətirib çıxarır. Bunlar hamısı bir-biri ilə bağlıdır və təəssüflər olsun ki, biz qadınlar barədə xəbərlərin, faktların yayılmasına təkan veririk.

Məktəbdə hadisə olur, mətbuat bunu yazır və şişildilmiş başlıqla manşetə çıxarılır. Görün bu hadisədən sonra kim monitorinq keçirib və nə qədər qız təhsildən yayındırılıb?.. Bu gün valideyn həm də bu cür məsələlərə, təhlükəsizliklə bağlı narahatlıq yaşadığı üçün övladını təhsildən yayındırır. Nə etmək lazımdır? Biz təhlükəsizlik mühiti yaratmalıyıq.

Erkən yaşlarında nişanlanma müəyyən mənada şəxsin gələcəyinin məhdudlaşdırılması üçün proqramlaşmadır.

Bu da qıza “sənin həyatın yalnız ərə getməkdir” fikrini təlqin edir. Erkən nikahların da sonrakı fəsadları çox ağır olur və biz onların hamısını pula hesablasaq, bu, milyardlarla pul deməkdir. Ona görə də hökumət bu problemin qarşısını almaqdan ötrü mühüm proqramları artırmalıdır. Mütəmadi monitorinqlərin aparılması, yerində cəza tədbirlərinin görülməsi, bəzi qurumların da bu istiqamətdə işlərini məsuliyyətlə həyata keçirməsi problemlərin qarşısını ala bilər”.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, erkən nikah yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində problem olaraq qalır: “Azərbaycanda bu gün erkən nikahların baş verməsi qanun pozuntusu hesab olunur. Dövlət qurumları, ictimai birliklər bu məsələdə maarifləndirmə işlərini həyata keçirir. Maarifləndirmə işləri məktəbdə yeniyetmə qızlar, gənclərlə aparılır, bu yaxşı haldır, amma nəzərə almalıyıq ki, uşaqlar müstəqil deyil, onlar öz talelərini özləri həll etmir. Çox hallarda bu qərarları valideynlər verir. Erkən nikahların səbəbləri haqda danışarkən maddi, sosial vəziyyətin çətin olması, eyni zamanda da mühitdə hansı dəyərlərin, streotiplərin mövcudluğunu diqqətdə saxlamalıyıq. Əgər qonşuluqdakı qızlar çox erkən ərə gedirsə, deməli, bu, bir normaya çevrilir.

Müasir gənc qadın obrazının yaradılması Azərbaycan üçün vacibdir. Bu obraz necə olmalıdır? Azərbaycanın vitse –prezidenti Mehriban xanım Əliyeva bu istiqamətdə ən gözəl nümunədir. Həm ailə xanımı, həm də respublika və dünyada tanınan xanım olaraq... Bu gün həm siyasətdə, həm iqtisadiyyatda, həm biznes strukturlarında, həm media sahəsində kifayət qədər uğurlu xanımlarımız var.

Düşünürəm ki, bu məsələdə yenə təhsilə üz tutmalıyıq və ən əsası maarifləndirmə işlərini həyata keçirməliyik, yanlış streotiplərdən uzaq durmağa çalışmalıyıq, düzgün müasir xanım obrazını gənclərimizə təlqin etməliyik”.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə vurğulayıb ki, 2018-dən bəri davamlı olaraq bu mövzunu gündəmə gətirərək çox sayda toyun, nişanın qarşısı alınıb:

“Çox böyük konfliktlər də yaşandı, amma bütün bunlar ona gətirdi ki, Milli Məclisdə bu məsələ müzakirəyə çıxarıldı və ciddi problemimiz olan istisna hallar üçün nəzərdə tutulan 17 yaşla bağlı müddəanın aradan qaldırılmasına nail olduq, yəqin ki, bu, gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Hər şeyi ailələrin üzərinə qoymaq düzgün deyil. Burada kifayət qədər sosial, iqtisadi problemlər və mental dəyərlərimiz rol oynayır.

17 -18 yaş arasında olan müddətin yeri gələndə təbliğatını dövlət nümayəndələri olan məmurlar da "çox gözəl" həyata keçirir. Çünki həmin o toylarda, nişan mərasimlərində iştirak edənlər yeri gələndə o məmurlar olub və “burda nə var ki” deyib məsələnin ciddiliyini önəmsəməyiblər. Nənə streotipi hələ də davam edir. "Əşi, nənələrimiz də belə ərə gedib və bacılarımız da bunu davam edə bilər" fikriylə... Bu baxımdan düşünürəm ki, bir məmur məsuliyyətini daha çox önə çəkmək lazımdır.

Erkən nikahların erkən cinsi münasibətlərin cinsi zorakılığa və bununla da erkən ruhun ölməsinə səbəb olması, bu, çox ciddi problemdir. Biz erkən nikahların qarşısını almaqla cəmiyyətimizi sağlamlaşdıra bilərik.

Bu gün bizim sığınacaqda 67 uşaq var. Sığınacağımız çox kiçikdir və bununla yanaşı gələn qızlara yox deyə bilməməyimizin səbəbləri var. Əsas kontingentimiz qızlar və 10 yaşdan yuxarı yerləşdirilən qızların əksəriyyəti cinsi zorakılıq qurbanları olanlardır. Hazırda bir qadınımız var, 14 yaşında onu anası qumar qarşılığında bir kişiyə verib və ondan iki uşağı olub. Qadın 14 yaşında da ilişib qalıb, baxmayaraq ki, indi 21 yaşı var və o yaşadığı insandan yalnız bir söz eşidib: “Sən mənim malımsan, anan səni satıb və mən səninlə istədiyimi edəcəm”. Və bu o qızın timsalında bir uşağın həyat hekayəsidir. Bu cür uşaqlar çoxdur.

Mən artıq bilmirəm ki, biz hansı formatdan istifadə edək ki, məmurları məlumatlandıraq. Ki, onlar erkən nikah faktlarına göz yummasınlar. Axı bunun qarşısını almaq sizin əlinizdədir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin məsləhətçisi Təranə Piriyeva qeyd edib ki, erkən nikah-uşaq nikahında əsas məqamlardan biri icbari təhsil məsələsidir:

"Çünki icbari təhsil bildiyimiz kimi, 15 yaşa qədər dövrü əhatə edir və bu dövrdən sonra artıq uşaqların həyatında bir boşluq yaranır və müəyyən səbəblərdən erkən nikah halları baş verir. 16, 17,18 yaş, amma daha öncəki yaşlarda da biz bunu müşahidə edirik və bu, uşaq evliliyi adlanır. Bu istiqamətdə təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş aparmaq məqsədilə Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edirik.

2022-ci il üzrə belə uşaqların siyahısını götürdük. Yerli icra hakimiyyəti orqanları səviyyəsində məsələnin araşdırılması, uşaqların təhsilə nə üçün cəlb olunması və onların sosial təhlükəli vəziyyəti araşdırıldı. Bizə geri dönüşlərdən məlum olur ki, bu uşaqların əksəriyyəti risk qrupuna aid olan ailələrdən, eyni zamanda natamam ailələrdən olan uşaqlardır və bu da Kəmalə xanımın vurğuladığı kimi cinsi zorakılığa, eyni zamanda erkən nikah hallarına gətirib çıxarır.

Komitə olaraq biz bu məsələlərlə daim mübarizə aparırıq. Sizə Uşaq Səfirlər Məclisi barədə məlumat vermək istəyirəm. Bu, 2020-ci ildən Komitənin yanında yaradılmış bir qurumdur və burada liderlik bacarıqlarına, ictimai nüfuza malik olan uşaqlar birlik ətrafında yığışır və mütəmadi olaraq biz regionlarda “Qızlar müzakirəyə qoşulur” adlı tədbirlər təşkil edirik. Bu, həm də onlayn xarakter daşıyır. Bu layihədə uşaqlar öz ətrafına digər uşaqları yığaraq, erkən nikahın fəsadlarından, insan alveri məsələlərindən, uşaqların öz hüquqlarını dərindən bilməsi istiqamətində təlimlər, müzakirələr keçiririk. Yəni uşaq digər uşağa daha yaxşı təsir edir. Çünki bu problemləri yaradan səbəblərdən biri də uşaqların öz hüquqlarını bilməməsidir.

Eyni zamanda, bu yaxınlarda Komitənin Uşaq məsələləri şöbəsi tərəfindən tibb müəssisələrindən kənarda baş verən doğuş faktları və bu faktlar əsasında uşaq nikahlarının aşkar edilməsi adlı bir analitik təhlil üzərində iş aparılıb. Yaxın günlərdə nəticə ictimaiyyətə təqdim olunacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev fondun bu sahədə fəaliyyəti və məsələnin dini motivlərinə diqqət çəkib:

“Komitə mütəmadi olaraq Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlarla birgə erkən nikah problemləri ilə bağlı məsələlərdə çox aktiv fəaliyyət göstərir. Çalışırıq ki, müxtəlif maarifləndirmə tədbirləri istiqamətində məsələyə töhfə verək.

Ancaq, əlbəttə ki, məsələnin ən həssas nöqtələrindən biri bəzən erkən nikahın dini motivlə əlaqələndirilməsidir. Bir ilahiyyatçı kimi qeyd edim ki, ümumiyyətlə, İslam dinində hansısa formada qız uşaqlarının erkən ərə verilməsi, onların öz iradəsindən kənar məcburi formada, bioloji, mənəvi yetişkənliyi nəzərə alınmadan evləndirilməsi məsələsi ilə bağlı hər hansı bir təşviq yoxdur. Tam əksinə, bu məsələdə birmənalı şəkildə İslam dininin mövqeyi ondan ibarətdir ki, insan həm bioloji, fiziki, həm də mənəvi inkişafını tamamladıqdan sonra ailə qurmağa təşviq olunmalıdır. Bəzi şəxslərin qeyd etdiyi hədis qaynaqları uydurmadır. Bilirsiniz ki, İslam dininin təməl nöqtələrindən biri hədislərdir, Peyğəmbərin çox erkən yaşda ailə qurduğu, yəni ən yaxın dostu Əli Bəkir Siddiqin qızı Ayişə xanımla ailə qurması ilə bağlı hədislər var ki, onların 99 faizi uydurmadır.

Eyni zamanda İslam səhabələrinin, İslamın tanınmış simalarının çox erkən yaşda evlənmələri barədə fikirlərin bir çoxu yalandır, yaxud da uydurma olmayan fikirlər belə əsaslandırılmamış formada cəmiyyətə çatdırılır. Birincisi, təəssüflə qeyd etmək lazımdır ki, mənfi hal nümunə ola bilməz.

Ola bilər ki, bəzən erkən nikaha president qazandırmaq istəyənlər bizim nənələrimizin o vaxt erkən ailə qurduğunu iddia edirlər. Bu kimi fikirləri yayan düşüncələr var və onun da təməlində əlbəttə ki, maarifçiliyin zəifliyi, intellektual səviyyənin aşağılığı dayanır. Çünki erkən nikah mənim şəxsi fikrimə qalsa, məsələnin nəticəsidir, yəni biz nəticəni meydana gətirən səbəblərin nələr olduğunu bilməliyik.

Biz cəmiyyət olaraq xurafatla, cəhalətlə ciddi şəkildə mübarizə aparmalıyıq. Xüsusilə qeyd etmək istəyirəm ki, qonşumuz İran İslam Respublikasında olan dini təbliğatın təməlində xurafat elementləri daha çoxdur, o cümlədən radikal vəhabilikdə də bu tendensiya var.

Biz erkən nikahla bağlı danışanda mən həmişə bir şeyi də xatırlayıram. Bir dövr Suriyadakı müharibəyə Azərbaycandan bəzi şəxslər öz övladlarını, erkən nikahla evləndiyi qadınları götürərək gedirdilər. Özləri öləndən sonra həmin qadınlar başqa bir ərəbin başqa bir millətin nümayəndəsinin əlinə düşürdü, onun əlindən başqa ələ düşürdü və s. Azərbaycan dövləti çalışırdı ki, onları ordan xilas eləsin. Amma məsələ odur ki, biz görürdük, erkən nikahlar erkən ölüm riskidir, yəni insanın mənəvi cəhətdən də itməsinə səbəb olur. Ola bilər ki, biz o qadını bioloji, fiziki olaraq xilas edirdik. O qidalanırdı, yemək yeyirdi və yaşayırdı, amma cəmiyyət üçün itirilmiş adam idi. O, cəmiyyətin heç bir təbəqəsində, heç bir fəaliyyətdə aktiv, sağlam iştirak edə bilmirdi.

Fürsətdən istifadə edib, onu da demək istəyirəm ki, erkən nikahlar qədər gecikmiş nikahlar da bizim üçün bu gün problemə çevrilir. Eyni zamanda bu gün cəmiyyətimiz LGBT tendensiyası ilə üz- üzədir. Bu reallıq bizim cəmiyyətimizdə artıq var. Bununla da mübarizə aparmalıyıq. Dövlət başçısımız həmişə çıxışlarında deyir ki, biz ənənəvi ailə dəyərləri, ənənəvi dəyərlərin təbliğatçısıyıq və bunu təşviq edirik. Ailə modelimiz, ailə institutu zədələnməməlidir, biz ailə institutunu qorumalıyıq”.

Teleqraf.com saytının redaktoru Qurban Yaquboğlu qeyd edib ki, bu gün erkən nikahlarla bağlı mübarizədə yeni yanaşmalara ehtiyac var:

“Çıxışçılardan biri haqlı olaraq məni də bir insan kimi narahat edən məsələyə toxundu, gecikmiş nikahların çox ciddi problem olduğunu vurğuladı. Heç bir tendensiya, ocümlədən nə erkən nikahlar, nə də gecikmiş evlənmələr ailələrin dağılmasına, ailə institutunun məhv olmasına aparıb çıxarmamalıdır. Yəni bu məsələlər kompleks şəkildə həll olunmalıdır.

Nəzərə alsaq ki, cinslərarası münasibətlər xeyli dərəcədə dəyişib. İnternet əsridir, münasibətlər tezləşib. Bu kontekstdə məsələyə tamamilə yeni baxış formalaşmalıdır və bütün bunların hər biri ailə institutunun, əxlaqın, insan istəklərinin qorunmasına xidmət etməlidir. Biz sağlam nəslin qorunmasına çalışmalıyıq".

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədri Aynur Camalqızı müzakirədə iştirak edən hər kəsə təşəkkür edərək, erkən nikahların qarşısının alınmasında hər kəsin vicdanla, məsuliyyətlə işə yanaşmalı olduğunu bildirib:

“Fikirləriniz bizim üçün çox önəmlidir. Mən inanıram ki, deyilən hər bir sözün, işlədilən hər bir fikrin gənclərimizin, gənc qızlarımızın formalaşmasında, onların öz gələcəklərini müəyyən etmələrində mühüm rolu var. Təbii ki, problemin təsvirindən daha çox çıxış yolları axtarmaq, onu tapmaq çox önəmlidir. Biz nələr edə bilərik?

Çox təəssüflər olsun ki, Azərbaycanda qanunvericilik bazası yüksək səviyyədə olsa da, məsələn, “Uşaq hüquqları”, “Gender” haqqında qanunumuz var, amma bu qanunlar nə dərəcədə işləkdir? İşləmə mexanizmləri varmı? Sözün açığı, mən buna o qədər də inanmıram. Məsələn, uşaq hüquqları ilə bağlı hansı işlər görülür, onun hansı maddələri icra olunur? Bax, bu məndə çox ciddi suallar doğurur.

Mən sizə bir nümunə deyim. Bunu mənə Almaniyada yaşayan bir azərbaycanlı ailə danışıb. Deməli, evdə ana öz uşağına məktəbin verdiyi proqramdan əlavə müəyyən dərslər keçib. Məktəbin müəllimi baxıb ki, uşaq onun verdiyi dərslərdən əlavə şeylər bilir və bununla bağlı uşağı sorğu- suala çəkib. Uşaq ona deyib ki, bunu mənə anam öyrətdi. Siz təsəvvür edin ki, həmin gün onların evinə polis gəlib, valideynlərlə ayrıca danışıblar, uşaqla söhbət ediblər. Soruşublar ki, valideynlər bunu niyə edib? Və valideynlərə xəbərdarlıq olunub, bildirilib ki, uşağın hüququnu pozmaq, ona normadan artıq nəyisə öyrətmək olmaz.

Və yaxud evdə hansısa bir səs-küy olursa, mütləq qonşu dərhal polisə zəng eliyir ki, qonşu evdə münaqişə var. Amma bizdə belə deyil. Bu, həm təfəkkür məsələsidir, həm dünyagörüşü məsələsidir, həm də mentalitetdən irəli gələn məsələlər var ki, biz düşünürük, qonşunun işinə qarışmaq olmaz, qadını öldürsələr belə heç kəs səsini çıxarmır, hətta heç kəs şahidlik belə etmək istəmir. Yəni qadınların hüquqlarının pozulması çox təəssüflər olsun ki, bir çox hallarda bizdə norma kimi qəbul edilir. Məsələn, əridirsə onu döyə də bilər və ya atası…Onun hüquqları ilə istədiyi kimi oynaya bilər. Sanki qız övladının sahibidir. Qız övladı ailədə sanki bir quldu, əri, atası, qardaşı tərəfindən istənilən cür yönləndirilə bilər.

Təbii ki, bir çox səbəblərdən danışmaq olar. Dünyagörüşü, psixoloji amillər, mentalitet və s. Amma mən bunu birinci növbədə təhsillə bağlayıram. Valideynlər savadlı olanda onlar yaxşı, həyat üçün hazırlıqlı övladlar yetişdirirlər.

Hörmətli millət vəkilimiz Sevinc xanım dedi ki, çox gözəl nümunələrimiz var. O nümunələr vaxtaşırı təbliğ olunmalıdır. Bizdə çox gözəl, fədakar ana obrazları var. Məsələn, bizim şəhidlərimizin, milli qəhrəmanlarımızın anaları, onların valideynləri, fədakar əsgərlərimizi yetişdirən analar var…

Düşünürəm ki, media olaraq biz də həmin ana obrazlarından, fədakar qadın obrazlarından istifadə etməliyik.

Sosial şəbəkələrin rolu məsələsinə toxunuldu. Kəmalə xanım, sizin fikirlərinizlə razıyam. Sosial şəbəkələr indi bir rentgen kimi bizim cəmiyyətin problemlərini ortaya qoyur. Və biz o problemlərin, istər müzakirə, istərsə də həll yollarını tapmaq üçün sosial şəbəkələrin imkanlarından geniş bəhrələnməliyik. Məsələn, feysbukda “Hüquqşünaslar” adlı qrup var. Yəqin siz də orada gedən müzakirələri izləyirsiniz. Bir çox hallarda həddindən artıq biabırçı bir vəziyyətlə qarşı-qarşıya qalırsan…Məsələn, bəzən gənc qızlar və yaxud da gənc oğlanlar hüquqşünasa sual verirlər ki, mən evlənməyə hazırlaşıram, adımda da ev var, gələcəkdə biz boşansaq necə edə bilərəm ki, qadına ondan pay düşməsi və yaxud kişiyə pay düşməsin. Yəni bu dəhşətli bir mənzərədir. Evliliyə hazırlaşan bir gənc artıq boşanma haqqında düşünür.

İnanın ki, mən hər dəfə bunu çox ürək ağrısı ilə izləyirəm. Axı insanlar bunun üçün boşanmaq üçün ailə qururlar və yaxud uşaqlardan imtina eləmək üçünmü ailə qururlar? Bunun günahı nədir? Bunun səbəbləri və çıxış yolları nədir? Təsəvvür edin, sonra o uşaqlar faktiki olaraq ortalıqda qalır. Lazımı ailə qayğısı, tərbiyə, təhsil ala bilmirlər və sonra da Kəmalə xanımın dediyi problemlər ortaya çıxır.

Qeyri-hökumət təşkilatının sədri kimi deməliyəm ki, uzun illərdir bu məsələlərlə bağlı araşdırmalar aparırıq, layihələr həyata keçiririk və çox təəssüflər olsun ki, erkən nikahlar məsələsi bizim ölkəmizdə hələ də aktuallığını saxlayır.

Sözümün əvvəlində dediyim kimi, yorulmadan, ruhdan düşmədən maarifləndirmə işlərini davam etdirməliyik. Var gücümüzlə cəmiyyətə vaxtaşırı elan etməliyik, bəyan etməliyik. Bütün imkanlardan istifadə edərək biz də bu layihə çərçivəsində işlər görmüşük və düşünürəm ki, prosesə zərrə qədər də köməyimiz dəyibsə, bu, bizi qürurlandırır. Gələcəkdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova