14 Noyabr 2023 16:45
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində və bu il sentyabr ayının 19-da 24 saatdan da az vaxt ərzində başa çatan antiterror tədbirləri sayəsində respublikamızın bütün ərazisini işğaldan azad etdi. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına Böyük Qayıdış başlayıb. Bu ərazilərdə ölkə Prezidentinin təşəbbüsü ilə “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” və digər müasir layihələr çox yüksək sürətlə həyata keçirilir. Gələn il də bu istiqamətdə işlər davam etdiriləcək və bunun üçün dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Hazırda bu ərazidə aparılan işlər onu deməyə əsas verir ki, yaxın vaxtlarda məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdıb daha əlverişli şəraitdə yaşayıb fəaliyyət göstərəcək, bu bölgə isə Azərbaycan iqtisadiyyatına öz layiqli töhfəsini verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin Hesablayıcı komissiyanın sədri, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, dövlət büdcəsinin gəlir və xərclərinin formalaşması ölkədə istehsal olunan ümumi daxili məhsulun səviyyəsindən çox asılıdır:

“Hazırda dünya qlobal siyasətində baş verən geosiyasi gərginliyin və qarşıdurmaların olması iqtisadiyyatda qeyri-müəyyənlik yaratmaqla iqtisadi artım tempinin zəifləməsinə səbəb olur. Buna baxmayaraq respublikamızda uzun müddətdir aparılan düşünülmüş iqtisadi siyasət sayəsində ölkəmizdə gələn il gözlənilən ümumi daxili məhsul istehsalının artımı qanun layihəsində qeyd edilən dövlət büdcəsinin gəlir və xərclərinin də artımına səbəb olacaq. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan tədbirlər öz bəhrəsini verir. Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı neft sektorunun payını üstələyir. Bu da iqtisadiyyatın bütün sahələrində uğurlu nəticələrin əldə edilməsi ilə əlaqədardır. Məhz buna görə qeyri-neft sektorunun inkişafı dövlət büdcəsinin gəlirlərində Dövlət Neft Fondundan transfertin xüsusi çəkisinin aşağı düşməsinə səbəb olur”.

Deputat bildirib ki, hər bir ölkənin gələcək inkişafı onun təhsil sistemindən asılıdır:

“Təhsilin inkişafına olan diqqət həmişə olduğu kimi 2024-cü ilin dövlət büdcəsində də öz əksini tapıb. Cari ilə nisbətən gələn il təhsilə nəzərdə tutulan xərcin 3,2 faiz artımı bu vacib sahənin inkişafına müsbət təsir edəcək. Bununla yanaşı bəzi məsələləri hörmətli hökumət üzvlərinin nəzərinə çatdırmağı zəruri hesab edirəm. İlk növbədə bildirmək istəyirəm ki, Bakı və ətraf qəsəbələrdə demək olar ki, bütün orta məktəblərdə hər sinifdə 35-40 şagird olmaqla iki, bəzən də üç növbədə oxumalı olurlar. Bu da təhsilin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Ona görə də yaxşı olar ki, 2024-cü ilin dövlət büdcəsində Bakıda və qəsəbələrdə yeni məktəb binalarının və sinif otaqlarının tikintisi nəzərə alınmasını xahiş edirəm. Deputatı olduğum seçki dairəsinin əhatə etdiyi Maştağa, Zabrat, Nardaran və Bilgəh qəsəbələrində daxili yollarda təmir işlərinin aparılması və qəsəbələrin içməli su ilə təminatı üçün 2024-cü ilin dövlət büdcəsindən vəsait ayrılması həmin ərazidə əhalinin rahatlığını təmin edərdi. Habelə, Maştağa və digər qəsəbələrdə yerləşən, ətraf yaşayış məntəqələrinin 150 mindən çox əhalisinə xidmət edən təcili yardım stansiyasının cəmi 3 nasaz maşını var ki, və buda tələbatı ödəmir əhalinin narazıçılığına səbəb olur. Səhiyyə nazirliyi və TƏBİB dən xahiş edirik 2 yeni təcili yardım maşınları ayrılması və köhnə maşınların təmirinə köməklik göstərsinlər. Uzun müddətdir istifadəsiz qalmış Maştağa qəsəbəsindəki kinoteatr binası və Zabrat qəsəbəsindəki mədəniyyət evi və kinoteatr binalarının təmiri və istifadəyə verilməsi də nəzərdə tutulmalı və dövlət büdcəsindən vəsait ayrılmasını xahiş edirik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər