Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 2 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3-ü azyaşlı olmaqla 9 nəfər, o cümlədən avtoqəzalar zamanı deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalan 3 nəfər xilas olunub. Həmçinin, Gəncə şəhərində bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.