Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı qəbul edilib.
Teleqraf.com-un məlumatına görə, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.
Qeyd edilib ki, Azərbaycanda 2022-ci ildə qeydə alınmış cinayət hadisələri üzrə 25449 zərərçəkmiş şəxsin 7455-i qadınlar olub. Zərərçəkmiş qadınlardan 2945-i xəsarət alıb, 309-u isə ölüb. Onlardan 24-ü yetkinlik yaşına çatmayan olub. Azərbaycanda 2022-ci ildə 15 nəfər qadının cinsi zorakılığa məruz qalması ilə bağlı təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Məişət zorakılığı ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175(2021-ci ildə 1196), xəsarət alan qadınların sayı 1132( 2021-ci ildə 1150) olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb. Belə ki, 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 olub ki, onlardan 2-si yetkinlik yaşına çatmayan şəxslərdir. “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı” səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
***
Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı dinlənilir.
Teleqraf.com xəbər verir ki, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.
Qeyd edilib ki, Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.
Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir. Hesabat ili ərzində erkən evliliyin qarşısının alınması ilə bağlı mərkəzi və yerli icra orqanları tərəfindən maarifləndirici tədbirlər keçirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iclasda erkən nikahların artdığını deyib:
"Uşaqların doğulanadək cins seçiminə məruz qalması ilə bağlı problem hələ də qalmaqdadır. Erkən nikahların dinamikasında da nisbi artım var. 269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik”.