23 Fevral 19:12
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balacalıqdan dəfələrlə eşitdiyim “Uşaq ailənin güzgüsüdür” ifadəsi heç vaxt yadımdan çıxmır. Ən çox məktəbdə eşidirdik bu ifadəni. Onda bu cümləni hərfən başa düşürdüm. Elə anlayırdım ki, ailə üzvlərimiz bir-birinə necə davranırsa, sabah məktəbdə bütün olanları müəllim üzümdən hərfbəhərf oxuyacaq.

Bəzən bacımla aramızda gəlincik üstündə olan mübahisələrimizdən sonra "sabah məktəbdə bütün bunları müəllim üzümdən oxuyacaq" düşüncəsi içimi yeyib bitirirdi. Bəzənsə atamın, anamın bizə sevgi dolu sözlərindən sonra, necə deyərlər, sanki mədəmdə kəpənəklər uçuşurdu. Düşünürdüm ki, sabah həmin sözləri müəllim və şagirdlər üzümdən biləcəklər. Bu ifadənin nə demək oluğunu sonradan anladım. Yaşa dolduqca başa düşdüm ki, ailədə gördüyümüz xoş münasibət, sözlər zamanla bizim xarakterimizdə öz əksini tapır.

Ailə hər bir şəxs üçün bünövrədir. Bir uşağın bünövrəsi sevgi ilə qurulursa, o uşaq həmişə ətrafına sevgi saçacaq. Yox, əksinə aqressiv böyüyəcəksə, o da ətrafına aqressiya yayacaq. Uşaqların sevgisiz, aqressiv böyümələrinin ən böyük günahkarı ailədir. Bəzən məclislərdə, tədbirlərdə uşaqları seyr edirəm. Əksəriyyəti üst-başı səliqəli, hər biriöz cizgi qəhrəmanının emblemi əks olunmuş geyimdə, ayaqqabıda. Düşünürəm ki, bəs görəsən, bu uşaqların mənəvi dünyası, beyni üst-başları kimi ürək açandırmı?!

Onları yaxşı yedizdirib, geyindirmək üçün yaxşı mənada əlimizdən gələni əsirgəmirik. Ancaq bəzən onların daxili dünyası ilə məşğul olmağı unduruq. Bəzən onlarla oynamağımızı istədikdə boyun qaçırır, bəzən isə başımız-qulağımız sakitl olsun deyə mobil telefonda istədiklərinə icazə veririk deyə səhv edirik bəlkə də. Ailə üzvlərinin bir-birinə, eləcə də uşaqlara qarşı münasibətinin də təsiri olduqca böyükdür. Necə deyərlər, uşaqlarla necə davranırıqsa, uşaqlar da öz oyuncaqlarına o cür davranır.

Ancaq bu, oyuncaqlara münasibətlə məhdudlaşmır. Öz aqressiyası üçün oyuncaqları obyekt seçən uşaqlar indi oyuncaqları dostları, sinif yoldaşları, ətrafındakı şəxslərlə əvəz edir. İçindəki sevgisizliyi, aqressiyanı kimlərinsə üzərinə yükləməklə mənən rahatlıq tapırlar. Və bir gün bu rahatlıq o həddə çatır ki, öz doğmalarını incitməkdən belə çəkinmir.

Son zaman baş verən olaylar da bunun əyani sübutudur. Bizim uşaqlıq dövrümüzlə bu günkü uşaqları, gəncliyi müqayisə edərkən nə qədər böyük fərqlərin yarandığını aydınca görmək olur. Biz məktəbdə Şərəf lövhəsinə şəklimizin vurulmasıyla qürurlanırkən indi uşaqlar “tik-tok” hesablarıyla qürurlanır, biz aldığımız təltiflərdə, fəxri fərmanlarda görərkən üstünlüyümüzü indiki uşaqlıq, gənclik sosial şəbəkələrdəki izləyici sayı, izləyici bəyənmələrində görür.

Əlbəttə, danılmaz faktdır ki, bu gün fəxr ediləcək şagirdlərimiz də var. Öz savadı, təhsli, elmi naliyyətləri ilə bizi başqa ölkələrdə təmsil edən və qürurlandıran uşaqlarımız, gənclərimiz də var.

Bəs kimdir günahkar? Aİlə? Məktəb? Yoxsa ağıllı telefonlar, sosial şəbəkələr? Qriqori Petrovun dünyaca məşhur "Ağ zanbaqlar ölkəsi" əsərində bir neçə epizod yadıma düşür. O əsərində deyirdi ki, uşaq ağlını və ruhunu xam torpaq kimi saxlasaq, onu alaq otları, qanqallar basar. Əsərdəki Snelmanın gənclərlə bağlı diqqət çəkən düşüncələri də əks olunub.

Snelman gəncləri linç etmək yolunu tutmur. Söhbət zamanı onları tənbeh edib danlasa da, daim gənclərin yaramazlığından, xeyirsizliyindən bəhs edən qocaların, ağsaqqalların yanında onları müdafiə edir. Deyir ki, gəncləri günahlandırmayın, günahkar sizsiniz, gəncləri necə tərbiyə etmisinizsə, gənclik də o cürdür. Gənclik sizin əxlaq-təhsil-mədəni durumunuzun aynasıdır: "Hər nəsil özüylə yeni bir nəğmə, yeni bir yaşam şəkli, yeni mədəniyyət gətirir".

Snelman sonda məqsədinə çatır. Nəticədə cəmiyyətin bütün təbəqələri arasında dialoq yaranır, hərə öz məsuliyyətini dərk edir, üzərinə düşən işin ağırlığına dözür və öhdəsindən gəlir.

Əsərdən bu epizodları nümunə gətirməkdə məqsədim odur ki, bəzi ürək açmayan faktlara, hadisələrə görə gəncliyimizin ünvanına xoşagəlməz ifadələr işlətmək əvəzinə, ailədən başlamaqla, bütün sahələrdə əlaqə yaratmaqla, hərə öz öhdəsinə müəyyən məsuliyyət götürməklə öz işini görməlidir. İstər müəllim, istər psixoloq, istər hüquq-mühafizə orqanın işçiləri, istərsə də media əməkdaşları olsun, bu mübarizədə birlik nümayiş etdirməlidir. O zaman biz də istədiyimiz nail olacağıq. Ağıllı gənclər yetişdirməklə daha gözəl gələcək quracağıq.

Daha gözəl gənclik, daha gözəl gələcək naminə...

Cəmilə Əbülfət Kərim


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər