Amerika və Fransa bölgədə məsələlərin sülhlə bitməsini istəmirlər. Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasına Amerikanın reaksiyası ciddi təəssüf doğurur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Dövlət Departamentinin nümayəndəsi bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə mənfi tərzdə şərh etməsi Amerikanın riyakayarlığının göstəricisidir:
"Bu, bir daha onu göstərir ki, Amerika və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır və onlar münaqişənin bitməsini istəmirlər”.
Deputat bildirib ki, indiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu: “Əslində, Amerika münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, Amerika regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür”.
Deputat Musa Qasımlı isə vurğulayıb ki, bu gün ərazilərimizdə başqa ölkənin hərbçiləri yoxdur:
"Bu, dövlət başçısının qonşularla ən düzgün münasibət qurmasının təzahürüdür. Bunun səbəbini başqa yerdə axtaranlar 10 noyabr sənədini oxusunlar. Görsünlər ki, sülhməramlılar nə üçün gəlmişdilər. Hazırda da Azərbaycanın maraqları üçün də çıxırlar”.