8 May 20:47
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov mayın 8-də bu ölkənin enerji keçidi və davamlı inkişaf naziri xanım Leila Benali ilə görüşüb.

Ölkəmizin Mərakeşdəki səfirliyindən Teleqraf.com-a bildiriblər ki, görüş zamanı iki ölkə arasında enerji, ətraf mühit və davamlı inkişaf kimi mövzularda ikitərəfli əməkdaşlıq, eləcə də Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələləri müzakirə edilib.

Bu xüsusda, 2023-cü ilin noyabrında keçirilmiş Azərbaycan-Mərakeş Birgə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində enerji və ətraf mühit sahəsində imzalanmış sənədlərin icrasının vacibliyi vurğulanıb, tərəflər arasında bu sənədlərdən irəli gələn müvafiq işçi mexanizmlərin fəaliyyətinin təmin olunmasının önəminə istinad edilib.

Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlığın cari vəziyyətini və perspektivlərini daha detallı müzakirə etmək məqsədilə tərəflər arasında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfər mübadiləsinin təşviqinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq prosesinə dair qarşı tərəfə məlumat verilib, bu kontekstdə 2016-cı ildə COP22-yə ev sahibliyi etmiş Mərakeşin təcrübəsini bölüşmək, eləcə də bu ölkənin Azərbaycanda keçiriləcək sözügedən mötəbər tədbirdə iştirakına dair geniş fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com