Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda “Tələbələr arasında Fərdi Oyun Liqası” intellektual oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, “İdeyanı reallaşdır-2023” qrant müsabiqəsinin qalibi olan layihədə gənclər fərdi olaraq öz qüvvələrini sınayıb.
Layihənin rəhbəri Əhməd Əliyev oyunlardan əvvəl intellektual oyunların önəmindən bəhs edərək gənclərin asudə vaxtlarında bu cür tədbirlərdə iştirak edərək şəxsi inkişafa nail olacaqlarına ümid etdiyini söyləyib.
Əvvəlcə seçim oyunları baş tutmuş oyunlarda sonda qaliblərin müəyyənləşdiyi final mübarizələri keçirilib. Burada müxtəlif mövzular ətrafında suallara doğru cavablar verərək bütün mərhələləri uğurla adlamış iştirakçılar ən güclü adı uğrunda bir-biri ilə qarşılaşıb. Maraqlı mübarizənin qeydə alındığı “Tələbələr arasında Fərdi Oyun Liqası”nın finalında Qurban Quliyev qalib adını qazanıb. Eldar Həsənli ikinci, Uluxan Uluxanlı isə üçüncü pillənin sahibi olub.
Ümumilikdə 100-dən çox gəncin iştirak etdiyi layihənin keçirilməsində məqsəd məqsəd intellektual potensialının, dünyagörüşünün artırılması, onlarda vətənpərvərlik hissinin intellektual yarışlar yolu ilə təbliği, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili olunmasıdır.