30 Sentyabr 17:01
5 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident Aşıq Ələsgərin heykəlinə müsbət rəy verdi. Bu, çox vacib məsələlərdən biridir. İnsanların heykələ reaksiyalarına diqqət edirəm, çox xoşdur ki, işə dəyər verirlər.

Bu sözləri Teleqraf.com-a bu gün açılışı olan Aşıq Ələsgərin abidəsinin müəllifi xalq rəssamı Natiq Əliyev deyib.

"Dövlət başçısının, açılışda iştirak edən hörmətli qonaqların müsbət fikirləri bir müəllif kimi mənim üçün çox dəyərli idi. Kompozisiyanı Aşıq Ələsgərin nəticəsi də bəyəndi", - o bildirib.

Natiq Əliyev heykəlin boyu ilə bağlı iradlarla razılaşmayıb: "Aşıq Ələsgər hündürboy, nəhəng insanmış - hardasa boyu 2 metrdən artıq olub. Abidə hazırlanarkən bu, nəzərə alınıb. Qaya və saz da daxil olmaqla abidənin ümumi hündürlüyü 4 metrdir. Heykəli görən yaxınları dedilər ki, təsəvvür etdiyimiz kimidir..."

Aşıq Ələsgərin sazı sinəsində yox, havada tutmasına gəlincə, heykəl müəllifi bunu belə əsaslandırıb: "Burada bir neçə məqam var. Birincisi, Aşıq Ələsgərə yalnız aşıq kimi baxmamalıyıq, ona həm də filosof-şair kimi yanaşmalıyıq. Aşıq Ələsgərin bədii dilini indi də rahatca anlayırıq. Onu tək aşıq kimi götürməyək, ona dar çərçivədə baxmayaq, bu mənada aşıq öz sözünü demək üçün sazı o cür tutub hayqırır...

Hesab edirəm ki, gələcəkdə Aşıq Ələsgərin abidəsini öz vətənində, qəbri üzərində bərpa etməliyik. Onun ifa və yaşam tərzi sazla bağlıdı. Sıravi bir aşıq deyil ki... Heykəldə aşıq sazı başı üzərinə qaldırıb çağırış edir.

Kompozisiyada Aşıq Ələsgərin obrazı hərtərəfli əks olunub. Onu da qeyd edim ki, solaxay olub deyə sazı sağ tərəfdə tutub".

Heykəlin rəngi barədə isə Natiq Əliyev vurğulayıb ki, heç bir əlavə boyadan istifadə edilməyib, heykəl təmiz bürüncdən hazırlanıb: "Materiala rəng qatqısı olmayıb. Ümumiyyətlə, bürüncə rəng vurmaq olmaz. Heykəlin rəngi yavaş-yavaş tündləşməyə doğru gedəcək. Vaxtaşırı qulluq tələb olunur ki, keyfiyyətini saxlasın. Bütün hallarda, nə qarda, nə yağışda rəngi qaralacaq, minilliklərdir istifadə olunan materialdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər