6 Aprel 2015 11:48
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Sən də qoşul-2” adlı xeyriyyə aksiyası keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə qeyd edilib ki, layihənin əsas məqsədi belə bir xeyriyyə aksiyası keçirməklə əldə olunan vəsaitlə cəbhə bölgəsində yerləşən orta məktəblərdəki şagirdlər üçün lazım olan ləvazimatları alıb onlara çatdırmağa yönəlib.

Daha sonra çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bu cür aksiyalar əslində mənəvi dəyərlərin qorunmasına xidmət edir və insanları xeyirxahlığa səsləyir. Onun sözlərinə görə, insanlar belə aksiyalarda fəal olmalı və öz mənəvi borcunu yerinə yetirməklə dövlətə dəstək olmalıdırlar.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli xeyriyyə aksiyasında iştirak edənlərə təşəkkürünü bildirərək qeyd edib ki, təşkilata hər zaman dəstək verən Türkiyə səfirliyinin din xidmətləri müşaviri Sadıq Erarslan Azərbaycandakı fəaliyyətini başa vurur: “Biz də Sadıq bəyə öz təşəkkürümüzü ona təşkilatımızın diplomu ilə təltif etməklə bildirəcəyik”.

Türkiyə səfirliyinin din xidmətləri müşaviri Sadıq Erarslan ona göstərilən diqqətə görə təşəkkürünü bildirib və qeyd edib ki, sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd “Allah qulun yanındadır, qul qardaşlarının yanında olduğu müddətdə” vurğulayardı: “Bizdə fəaliyyətimiz dövründə əlimizdən gələni etməyi özümüzə borc bildik. Bu təşkilatın sayəsində cəbhə bölgəsində olduq, orada yaşayan insanların vəziyyətindən xəbərdar olduq. Hər zaman qeyd edildiyi kimi Türkiyə-Azərbaycan qardaşlığı daim var olacaq və xeyirsevər insanların sayəsində daha da irəliyə gedəcək”.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Anar Kazımov “Yeni Üfüq” təşkilatının həyata keçirdiyi işlərdən danışaraq qeyd edib ki, dövlət komitəsi bu ictimai birliyin fəaliyyətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, dövlət qurumu bundan sonra da təşkilata öz dəstəyini əsirgəməyəcək.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, bu gün bəzi yerlərdə eyni din daşıyıcılarının bir-birinə qarşı çıxdığı bir məqamda “Yeni Üfüq” böyük işlər görür. Onun sözlərinə görə, bu işin çətinliyi var, amma bunun öhdəsindən gəlmək böyük inam tələb edir.

TİKA –nın Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Polat deyib ki, Əhli-beyt mənsubu sədəqə almaz, əksinə öz imkanları daxilində sədəqə verər: “Şahidiyəm ki, bu təşkilat əlindən gələni edir. TİKA olaraq, biz bu xeyirxah işlərə müxtəlif layihələr çərçivəsində dəstək verə bilərik. Bu il Zeynalabdin Tağıyev adına bir xeyriyyə məktəbi açmaq istəyirik. Çünki Azərbaycanda bir xeyriyyəçilik ənəsi var və bizdə bu işin genişlənməsinə yardımçı olacağıq”.

Tədbirdə Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Xalq artisti Mənsum İbrahimov, Qafqaz Universitetinin rektoru, professor Ahmed Saniç, ilahiyyatçılar Ağa Hacıbəyli, Elşad Mahmudov iştirak ediblər.

BƏXTİYAR


Müəllif: