8 Aprel 2015 20:35
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmi Şuranın növbəti iclası keçirilib

Bu gün BDU Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti üzvləri, ali təhsil müəssisələrinin rektorları, BDU Elmi Şurasının üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

İclasda 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb. Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 127 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.

Professor A.Kazımzadə qeyd edib ki, ümumiyyətlə 2014-cü ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 197 mövzu üzrə 1071 elmi iş yerinə yetirilib. Hesabat ilində Universitetdə fəaliyyət göstərən Dissertasiya Şuralarında 113 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 61 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə etmişdir. Ümumiyyətlə BDU əməkdaşları, doktorantı və dissertantları tərəfindən müxtəlif ixtisaslar üzrə 13 elmlər doktoru və 89 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilib.

Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 59 monoqrafiya, 74 kitab, 81 dərslik, 127 dərs vəsaiti, 2567 məqalə, o cümlədən 1952 məqalə respublikada, 615 məqalə xaricdə, 1321 tezis, o cümlədən 721 tezis respublikada, 600 tezis xaricdə, 28 metodik göstəriş, 404 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 25 doktorluq və 169 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik etmişlər. 17 doktorluq və 109 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy veriblər.

Xaricdə nəşr olunmuş 615 məqalədən 138-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 23 %-i Tomson Reuter, Scopus və digər beynəlxalq agentliklər tərəfindən indekslənən impakt faktorlu jurnallarda nəşr olunub:


BDU əməkdaşları tərəfindən 14, o cümlədən BDU-nun sahibliyi ilə 8 patent alınıb.
Professor 2014-cü ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Bu kitablar kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, biologiya, tarix, filologiya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrinin əməkdaşları tərəfindən yazılıb və ABŞ, İngiltərə, Almaniya, Rusiya, Türkiyə və İran İslam Respublikasının nəşriyyatlarında nəşr olunub. Hesabat ilində Universitetin əməkdaşları tərəfindən 86 (45 beynəlxalq və 41 respublikadaxili) elmi layihələr həyata keçirilib, çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanıb.

Bakı Dövlət Universitetində 2007-ci ildən «Gənc istedadlar» liseyi fəaliyyət göstərir. Beş buraxılış üzrə liseyi 179 şagird bitirib və onların hamısı nüfuzlu ali məktəblərə (o cümlədən 44-ü BDU-ya) daxil olub.

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə universitetdaxili “50+50” qrant proqramı təsis edilib. Bakı Dövlət Universitetində 30 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır.

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 36 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb.

S.HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər