Mayın 15-də Bakıda “Bulvar Hotel” istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, bu, “Absheron Hotel Group”a daxil olan dördüncü oteldir. Ağ Şəhərdə yerləşən yeni otel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür.
Bakı buxtasında yerləşən beşulduzlu “Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.
Nəfis tərtibatla qurulan otelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Otelin yaradılması zamanı əsas meyar qonaqların rahatlığını yüksək səviyyədə təmin etməkdən ibarət olub. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var.
“Bulvar Hotel”də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün də əlverişli şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.
Otelin ziyafət zalı da müasirliyi ilə seçilir. Burada 1000-dən çox qonağın iştirakı ilə müxtəlif formatlı tədbirləri yüksək səviyyədə təşkil etmək mümkündür. Ziyafət zalının sahəsi 1300 kvadratmetrdir. Zal bütün zəruri avadanlıqla təchiz edilib.
Otelin sağlamlıq mərkəzi müasir tələblərə cavab verən fitnes və SPA xidmətləri təklif edir. Burada 25 metrlik qapalı üzgüçülük hovuzu və müasir avadanlıqla təchiz olunmuş idman zalı fəaliyyət göstərir. Oteldə 818 nömrə var. Otelin pəncərələrindən Xəzər dənizinə və Bakı bulvarına açılan möhtəşəm mənzərəni seyr etmək mümkündür. Otaqların interyeri məşhur memarlıq şirkətləri tərəfindən dizayn edilib.
Dövlətimizin başçısı və xanımı otelin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.
“Bulvar Hotel”də yaradılan 3 restoranda qonaqlara müxtəlif növ təamlar təqdim ediləcək. Restoranların nadir bədii konsepti tanınmış dizayn şirkəti tərəfindən yaradılıb. Ən xırda detalların belə nəzərə alındığı qeyri-adi interyer otelin tarixini, müasir dizaynla uyğunlaşdırılmış irsini və kosmopolit dinamikliyini özündə cəmləşdirir. “The White City Lounge”, “The Green House Kitchen” və “Black City Cafe” restoranlarında qonaqların zövqünə uyğun xidmət göstərmək üçün hərtərəfli şərait var. Fasiləsiz xidmət göstərən bu məkanların hər birinin ayrı-ayrılıqda açıq havada da xüsusi sahələri var.
Bütün sahələrdə olduğu kimi, turizm, o cümlədən bu sektorun əsas xidmət sahələrindən olan müasir otel sisteminin yaradılması istiqamətində son illər mühüm nailiyyətlər əldə edilib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində mümkün olub. Son illərdə ölkəmizdə bir çox məşhur otel brendləri istifadəyə verilib. Bu da təsadüfi deyil. Azərbaycanda yaradılan müasir otel idarəçiliyi və bu sahənin inkişafı həmin məsələdə mühüm əhəmiyyət kəsb edir.
Son illərdə ölkənin sosial-iqtisadi inkişafı sayəsində yaradılan müasir turizm infrastrukturunda bu otelin də xüsusi rolu olacaq. Azərbaycanda ictimai, siyasi və iqtisadi sahələrdə sabitlik, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, mətbəxi və ən əsası qonaqpərvərliyimiz dünyada böyük maraqla qarşılanır. Bu fakt son illərdə Azərbaycana gələn turistlərin sayındakı artımda da özünü aydın göstərir. Ölkəyə turistlərin cəlb olunmasında bu cür müasir otellərin yaradılmasının rolu danılmazdır. Belə müasir turizm obyektinin bütün dünyanın diqqət mərkəzində olan “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu cür layihələr ilk Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlərin rahatlığını təmin etməyə və paytaxt Bakının turizm potensialını nümayiş etdirməyə də imkan yaradır.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
Prezident İlham Əliyev dedi: “Bulvar Hotel”in açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Otellə tanış oldum, çox gözəl oteldir, ən müasir səviyyədə tikilib. Xarici görünüşü, daxili dizaynı ən yüksək səviyyədədir. Bu, Azərbaycanın, bəlkə də bölgənin ən böyük otelidir. Belə böyük otelin tikintisi əslində onu göstərir ki, Azərbaycana gələn qonaqların sayı gündən-günə artır. Baxmayaraq ki, son iki-üç il ərzində Bakıda 10-a yaxın müasir otel istifadəyə verilib, ən böyük otelin tikintisinə də ehtiyac var idi".
Dövlət başçısı qeyd edib ki, otelin yerləşməsi də çox gözəldir: "Ağ Şəhər bulvarında yerləşir. Bu da yenilikdir. Çünki bildiyiniz kimi, bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zövq oxşamayan digər tikililər olmuşdur. İndi isə bütün bu ərazi ictimai zona, bulvarın davamı kimi Bakının sakinlərinin sərəncamına verilir".
Prezident deyib ki, Ağ Şəhər bulvarı nadir bir memarlıq əsəridir, əslində Bakı bulvarının davamıdır: "Bu gün Ağ Şəhər bulvarı, köhnə bulvar, yeni bulvar, Bayraq Meydanı bulvarı və Bayıl bulvarı vahid bir kompleks təşkil edir. Uzunluğu isə 16 kilometrə bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, 100 il bundan əvvəl salınmış Bakı bulvarının uzunluğu cəmi 3,5 kilometr olub. Yəni, bütün bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zavodlar, hərbi təyinatlı müəssisələr var idi ki, onlar köçürüldü və bu gün dünya miqyasında Bakı bulvarı kimi ikinci gözəl yer, ikinci gözəl bulvar yoxdur. Çox şadam ki, yeni yaranan Ağ Şəhər bulvarında “Bulvar Hotel” tikilib və istifadəyə verilir. Bu, bir daha onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir. Ölkəmiz öz qapılarını bütün qonaqlarının üzünə açmışdır. Bakıya gələn turistlərin sayı artıq milyonlarla ölçülür. Əminəm ki, Avropa Oyunlarından sonra gələn qonaqların sayı daha da artacaq. Çünki Bakı gözəl şəhərdir. Mənim fikrimcə, dünyanın ən gözəl şəhəridir, bunu indi demək olar. Şəhərimizə gələn hər bir qonaq qeyd edir ki, Bakıdan getmək istəmir, yaxud da çalışır ki, sonra Bakıya qayıtsın. Çünki şəhərimizin tarixi memarlığı, ab-hava, təhlükəsizlik, yüksək xidmət sahələri, müasir otellər, istirahət zonaları əlbəttə ki, qonaqları cəlb edir. Ancaq biz Bakıda görülən işləri, ilk növbədə, Azərbaycan vətəndaşları, onların rahatlığı, istirahəti üçün edirik. Bu gün Bakı sakinləri bütün bu gözəl imkanlardan istifadə edirlər.
Bir daha demək istəyirəm ki, bölgənin, regionun ən böyük otelinin Bakıda tikilməsi, xüsusilə son illər ərzində “Hyatt”, “Sheraton” “Four Seasons”, “Marriott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, nəhayət, “İnturist” - bütün bu otellər tikiləndən sonra yenə də böyük otelin inşası inkişafımızın ən gözəl göstəricisidir. Mənə verilən məlumata görə, burada 700-dən çox iş yeri açılıbdır ki, onların əksəriyyəti Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Bu da çox gözəl əlamətdir. Həm yüksək maaş verilir, həm də ki, insanlar işlə təmin olunurlar. Görürəm ki, işləyənlərin əksəriyyəti gənclərdir və burada artıq gözəl təcrübə toplamısınız. Əminəm ki, gələcəkdə daha da yüksək vəzifələrdə çalışacaqsınız. Sizi bir daha ürəkdən salamlayıram və sizə uğurlar arzu edirəm".
Sonda xatirə şəkli çəkdirildi.