9 İyun 2015 16:29
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatı rəhbərinin başçılığı ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 10-dək şirkət nümayəndələrinin daxil olduğu heyət 9-12 iyun tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilən "Inotex 2015" beynəlxalq yüksək texnologiyalar sərgisində iştirak edir.

Teleqraf.com xəbər verir ki, sərgi kompleksində Azərbaycan Pavilyonu üçün ayrılmış sahədə nümayəndə heyəti üzvləri öz məhsul və xidmətləri ilə sərgi iştirakçılarını tanış edəcək, sərgidə iştirak edən İran və digər ölkə şirkətləri ilə əməkdaşlıq imkanlarını dəyərləndirəcək.

Azərbaycan Pavilyonunda “Sinam” MMC, “Cybernet”, "Baktelekom" şirkətlərinin məhsulları, “Azərkosmos” ASC-nin göstərdiyi xidmətlər, “Yüksək Texnologiyalar Parkı” MMC-nin və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, habelə Teleradio İB-nin həyata keçirdiyi layihələr, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyət daşıyan TASİM layihəsi haqqında məlumat və təqdimatlar keçiriləcək.

Sərginin ilk günü olmasına baxmayaraq, iştirakçıların Azərbaycan Pavilyonuna hədsiz marağı hiss olunur. Açılış mərasimində iştirak edən İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər Azərbaycan Pavilyonuna baş çəkib. Nümayəndə heyətimizin rəhbəri Vidadi Zeynalov vitse-prezidentə Azərbaycan İKT sektorunda həyata keçirilən işlər və sərgidə təqdim olunan xidmət və məhsullar barədə ətraflı məlumat verib. Məsud Soltanifərə hədiyyə edilən Azərbaycanın yerli istehsalı “Azpad” planşeti də maraqla qarşılanıb.

İranın elm və texnologiyalar naziri Məhəmməd Fərhadinin iştirakı ilə keçirilən tədbirin açılış mərasimində və sərgidə dünyanın 100-dən çox müxtəlif dövlətindən yüksək texnologiyalar sahəsində son nailiyyətlər əldə etmiş təsisatlar iştirak edir.

Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İrandakı Səfirliyində görüş keçiriblər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər