23 İyun 2015 20:38
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət ümumi təhsil müəssisələrində və peşə liseylərində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başa çatıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, müsabiqədə iştirak üçün elektron ərizəsi təsdiqlənmiş 1308 nəfərdən 907-si birinci mərhələdə - test imtahanında iştirak edib.

Test imtahanının nəticələrinə əsasən 197 nəfər seçdiyi vakant yerə iş yerini dəyişmək hüququ əldə edib və müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılıb. Müsahibənin nəticələrinə görə, nazirlik tərəfindən 175 nəfərin iş yerini dəyişməsinə razılıq verilib. İş yerini dəyişənlərdən 172-si Azərbaycan, üçü rus bölməsində çalışan müəllimlərdir.

Fənlər üzrə təsnifata görə, iş yerini dəyişənlərdən 36-sı tarix, 34-ü Azərbaycan dili və ədəbiyyatı, qalanları isə digər fənn müəllimləridir.

İş yerini dəyişmək hüququ qazanan 175 müəllimdən 50-si Bakı, üçü Gəncə, üçü Mingəçevir, ikisi Şirvan, biri Sumqayıt, 116-sı isə digər rayon və şəhərlərdəki təhsil müəssisələrini seçib.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşdıqdan sonra qalan vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün elektron ərizə qəbulu iyulun 1-dən 15-dək aparılacaq.


Müəllif:

Oxşar xəbərlər