2 İyul 2015 13:42
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin bu ali mükafatı bizi bir daha ölkəmizə məsuliyyətlə və vicdanla xidmət etməyə çağırır. Mən şəxsən öz adımdan və rəhbərlik etdiyim kollektiv adından cənab Ali Baş Komandanı əmin edirəm ki, onun bütün tapşırıqlarını əsl Azərbaycan generalı kimi yerinə yetirəcəyəm.

Bunu bu gün Trend-ə 2 iyul – polis işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla general-mayor ali xüsusi rütbəsinə layiq görülmüş Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov deyib.

S.Əzimov xidməti ilə ölkə başçısının bu etimadını doğrultmağa çalışacağını bildirib: “Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin verdiyi bu ali mükafat bizi həm sevindirir, həm də bir daha məsuliyyətə çağırır ki, xalqımıza daha yaxşı xidmət edək, qarşımıza qoyulan tapşırıqları, öz vəsifə borcumuzu vicdanla yerinə yetirək, Ali Baş Komandanın göstərişlərini onun siyasətinə uyğun həyata keçirək. Mən söz verirəm ki, bu etimadı yüksək səviyyədə doğruldacaq, cənab Ali Baş Komandanın qarşımıza qoyduğu bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirəcəyəm”.

S.Əzimov həmçinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə yeni planların olduğunu qeyd edib: “Bütün sahələrdə olduğu kimi bizim də qarşımıza yeni tələblər qoyulub. Biz də çalışırıq ki, o tələblər çərçivəsində işimizi və tədbirləri daha səmərəli həyata keçirək. Görülən işlərin nəticələri də göz qabağındadır. Görülən səmərəli tədbirlər nəticəsində ölkədə mütəşəkkil cinayətkar dəstələrin sayı azalıb”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov dünən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla polis general-mayoru ali xüsusi rütbəsinə layiq görülüb.


Müəllif:

Oxşar xəbərlər