14 İyul 2015 16:33
7 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərşad Əzimzadə: "Qidada ləzzət yox, fayda axtarmalıyıq"

Düzgün qidalanma hesabına sağlam yaşamaq qaydaları haqqında Azərbaycanda yazılmış ilk kitabın müəllifi yazıçı-publisist Ərşad Əzimzadədir. 1996-cı ildə qələmə aldığı "Möcüzəsiz möcüzə" kitabı günü bu gün də oxucuların marağındadır. Həmin kitabı arayıb-axtaran, onun göstərişlərinə əməl etməyə çalışan insanlar indi də tapılır.

Ötən dövrün nəticələri nəyi göstərir? Sağlam həyat tərzi aşılayan kitabın müsbət təsiri haqda nələri demək mümkündür? Hərçənd bəziləri həmin göstərişlərə əməl edib qidayla müalicə olunmağa çalışsa da, nicat tapa bilməyib. Buna səbəb nədir?

Bu kimi suallarla hazırda "Ana Təbiət" Natural Gigiyena Mərkəzinə rəhbərlik edən, həkimdən, dava-dərmandan asılı olmadan sağlam yaşamağı xoşbəxtlik sayan Ərşad Əzimzadə ilə Bakıda yerləşən "Fitoklub"da görüşdük.

"Cəhənnəmdən cənnətə bir addım var"

1995-ci ildən yapon alimi Katsudzo Nişinin sistemi ilə tanış olandan sonra özü-özünü 8 ağır xəstəlikdən xilas etdiyini bildirən Ərşaq Əzimzadə deyir ki, elə o vaxtdan belə bir nəticəyə gəlib: düzgün qidalanmayan adam xəstə olacaq, düzgün qidalanan isə sağlam həyat sürəcək. Onu məşhurlaşdıran kitabındakı pəhrizin əhəmiyyətindən bəhs edən fikirlərin vaxtilə mətbuatda, televiziyada geniş rezonans doğurduğunu və cəmiyyətdə müsbət qarşılandığnı deyən Ərşad Əzimzadə o vaxtdan sağlam həyat tərzi ilə bağlı təəssübkeşlərin artdığını, qidalara münasibət müsbət mənada xeyli dəyişdiyini bildirir: "Şəfa verən həkim xəstə ola bilməz. Prinsipinə əməl edib özünü düzgün qidalanma ilə sağaldan, xəstələrini də bu yolla müalicə edən həkimlər indi çoxalıb. "Möcüsəsiz möcüzə"dən sonra mən "Rədd olsun eynəklər" kitabını yazdım. Orada əsas xətt odur ki, insan eynək gəzdirməli deyil, o, göz nurunu özü bərpa etməyə qadirdir. Təzəlikdə isə rus dilində "Cəhənnəmdən cənnətə bir addım var" adlı kitab yazmışam.

Öncə adını "Bəşəriyyətin xoşbəxtlik düsturu" qoymuşdum, sonra gördüm rəsmi alınır, dəyişdim. Kitabda cənnət-cəhənnəm nədir, cəhənnəmlə cənnət arasındakı bir addım nəyi ifadə edir, onu göstərmişəm".


Həmsöhbətimiz son kitabını rusca yazmasını qoyulan mövzunun daha bəşəri olması ilə əlaqələndirdi: "Bu mövzuya dünyanın diqqətini cəlb etmək istəyim var. İmkanım olan kimi kitabı ingiliscəyə də çevirməyi nəzərdə tutmuşam. Onu Azərbaycan dilinə çevirməyi isə təəssübkeş tərcüməçilərə həvalə edirəm".

Canlı qida sağlam qan, sağlam qan isə sağlam candır

"Bəs bəşəriyyətin xoşbəxtlik düsturunu necə ifadə etmisiz?" sualımıza naturalist maarifçi belə cavab verdi: "Düstur sadədir - sağlam olmadan xoşbəxt olmaq mümkün deyil, sağlamlığı isə bizim əlimizdən pis vərdişlər alır. O vərdişlərin siyahısını vermişəm. Fikrimcə, tək narkotik alüdəçiləri narkoman adlandırılmamalıdır. Pis vərdişlərin narkomanları çoxdur. Çörək narkomaniyası, çay narkomaniyası, dəb narkomaniyası... Bəzən deyirik ki, filan şeyi nənə-babalarımız edibsə, düz edib. Nağıllarımızda, dini kitablarda bu, varsa, qorxusu yoxdur. Ancaq düşünək: nənəmiz, babamız düz yolla getməyiblərsə, niyə bu yolu biz də seçməliyik?

Biz ənənəçilikdən qurtarmalıyıq, dəyərləri saxlamaq şərti ilə. Yəni hər bir nüansa sağlam düşüncə ilə yanaşıb, saf-çürük edib, faydalı olanı özünüzə götürməliyik. Yaradanın mənə verdiyi ömrü faydalı yaşayıb, başqaları üçün də fayda vermək - mənim həyat prinsipim budur.

Təbiətə münasib yaşamalıyıq, təbiət yatanda yatmalı, oyananda oyanmalıyıq. Həyat üçün zəruri olan suyu, meyvə-tərəvəzi çiy şəkildə, canlı qida kimi qəbul etməliyik. Çünki canlı qida sağlam qandır, sağlam qan isə sağlam candır.

Nə qədər ki, biz təbiət qanunlarına zidd gedirik, təbiət bizi cəzalandıracaq. Çünki biz təbiətin tərkib hissəsiyik, ona qarşı necə çıxa bilərik?"

Hazırda çoxlarının təbib adlandırdığı publisistin sözlərinə görə, "Sağlam bədəndə sağlam ruh olar" deyiminə uyğun, həyatımız ilk növbədə materiya ilə bağlı olduğuna görə, sağlam qidaya önəm verilməlidir. Bu halda düşüncəmiz də sağlam olacaq: "Hippokrat çox gözəl deyib: Biz nə yeyiriksə, oyuq. Mən də deyirəm, qulaqda sırğa et qızıl qaydanı, qidada ləzzət yox, axtar faydanı. Düşüncəni formalaşdıran yoğun bağırsaqdır. Yapon alimi Nişi beyinlə yoğun bağırsaq arasında birbaşa əlaqəni kəşf etdi. Əgər biz çürük qida yesək, çürük düşüncə sahibi olacağıq, sağlam qida qəbul eləsək, düşüncəmiz düzələcək.

Yoğun bağırsaqdakı zəhərli qida şüurumuzda zəhərli düşüncə, mənəviyyatımızda zəhərli, çürük əxlaq formalaşdırır. Kitabda bütün bunlar açılıb".

Şirədə cüzi miqdarda zəhər qalır

İnsanların sağlam qida axtarışı probleminə toxunan Ərşad Əzimzadə bir neçə tövsiyə də verdi: "Ekoloji sağlam qida problemi təzə deyil. Hazırda insan əməli hər şeyin zəhərlənməsinə səbəb olub. Bunun da cəzası var. Biz həmin qidaları qəbul edirik və xəstələnirik. Amma işin bir vacib tərəfi də var. Kolbasa dərmanlı almadan 10 qat artıq ziyandır. Dərmanlı olsa da, alma canlıdır, amma bişmiş qidalar ölüdür.

Bir məsələni unutmayın ki, şirəsi çəkilən meyvə-tərəvəzin tərkibindəki zəhər onun kütləsində qalır. Şirədə cüzi miqdarda zəhər olur ki, bu da ziyanlı deyil. Ona görə də mən xəstələrin hamısına məsləhət görürəm ki, gün ərzində meyvə, yaxud tərəvəz şirəsi için. Şirə həm zəhərsizdir, həm də daha çox vitaminlərlə zəngindir".

İnsan özünün ya həkimidir, ya qənimi

"Kitabınız təzə çıxanda ona kütləvi maraq vardı, amma son illər bu marağın azaldığı müşahidə olunur. Vaxtilə böyük ümidlə Nişi sisteminə pənah aparanlar tezliklə sağalacaqlarını güman edirdilər, amma bəzilərində nəticə ürəkaçan olmadı. Hətta erkən həyatını itirənlər də olub. Buna səbəb nədir?"

Suala Ərşad Əzimzadə belə cavab verdi: "Nicat tapmayanlar möcüzə axtaranlardır. Onlar zənn edir ki, kimdəsə möcüzəli çubuq var, qaldırıb, endirəcək və onlar sağalacaqlar. Kütlə təfəkkürü ilə yaşayan həmin insanlar məndə sehrbazlığı görmədilər və məyus olub, geri qayıtdılar. Mənim fikrim belədir: "İnsan özünün ya həkimidir, ya qənimi".

30 il Rusiyadan, Bolqarıstandan belə gəzmişəm, nəticədə öz iradəm gücünə sağalmışam. Bunun üçün ağıl və iradə lazımdır".

O şey ki, sağlam həyat tərzini təbliğ edir...

Sonda Ərşad Əzimzadənin fikrincə, sağlam həyat tərzinin təbliğinə, yayılmasına dövlət də, cəmiyyət də, ayrı-ayrı fərdlər də maraqlı olmalıdır: "Bu gün cəmiyyətdə dini xurafat, fanatizm, kriminal proqramlar daha çox reklam olunur, nəinki sağlam həyat tərzi. Fanatizm istər din sahəsi olsun, istər alternativ təbabət, yaxud idman, cahillikdir. Ona görə də hesab edirəm ki, idman sağlamlığa nə qədər böyük ziyan vurursa, bədən tərbiyəsi bir o qədər fayda verir.

Bu gün mən 3-4 adam qəbul etdim, onlara faydalı məsləhət verdim, onlar da gedib öz-özlərinin həkimi olacaqlar. O şey ki, sağlam həyat tərzini təbliğ edir, biz onu geniş yaymalıyıq".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər