Yolçu Xanvəli: "Yarım tondan çox heyvan əti satışdan çıxarılıb"
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) son 6 ay ərzində bu qurumun nəzdində fəaliyyət göstərən baytarlıq sanitariya ekspedisiya laboratoriyaları tərəfindən aparılan analizlərin nəticələrini açıqlayıb.
"Yararsız məhsullar yandırılıb"
DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin qəzetimizə bildirdiyinə görə, ərzaq məhsullarının təhlükəsizliyinin təmin olunması məqsədilə ticarət bazarlarında və kənd təsərrüfatı məhsulları yarmarkalarında aparılan araşdırmalar nəticəsində insan qidası üçün zərərli olan məhsullar satışdan çıxarılıb: "Belə ki, 395 kiloqram iribuynuzlu, 233 kiloqram xırdabuynuzlu heyvan əti, 315 kiloqram donuz əti, 159 kiloqram quş, 1775 kiloqram süd və süd məhsulları, 1598 ədəd yumurtanın insan qidasına yararsız olduğu aşkar edilərək utilizasiya göndərilib, zərərsizləşdirlib. O cümlədən, heyvanların 2038 kiloqram daxili orqanı satışdan çıxarılaraq utilizasiya göndərilib. Heyvanların daxili orqanlarının yararsız vəziyyətdə olması ən çox xırda kəsim məntəqələrində qeydə alınıb. Kəsim məntəqələrində 1443 kiloqram yararsız iribuynuzlu heyvan əti, 712 kiloqram daxili orqan aşkar olunaraq insan qidasına yararsız olduğu üçün yandırılıb".
Y.Xanvəli dedi ki, digər məhsullarla yanaşı balıq məhsullarına da nəzarət aparılır və neqativ hallar aşkar olunan kimi bazardan çıxarılaraq zərərsizləşdirilir: "Dövlət xidmətinin laboratoriyalarında mal-qara, qoyun və quş ətlərinə deyil, balıq və balıq məhsulları da analiz edilir. Son 6 ay ərzində 179 kiloqram yararsız balıq əti aşkarlanıb".
"Balıq köhnə olduqda şişir"
Broylerlərdə və balıq vətəgələrində toyuq və balıq ətlərinin süni şişirdilməsi ilə bağlı əhali arasında yaranan narahatlıqlarla bağlı Yolçu Xanvəli dedi ki, belə bir texnologiya Azərbaycanda olmadığı üçün narahatlığa heç bir əsas yoxdur: "Balıq və toyuq ətlərinin uzun müddət saxlanması üçün yüksək sürətlə işləyən texnologiya var ki, Almaniyada, Amerikada, Rusiyada bu, tətbiq olunur. O məqsədlə ki, əti uzun müddət saxlamaq mümkün olsun. Yüksək sürətlə işləyən bu texnologiya ilə fizoloji məhlul ətə vurulur, bu da 50 qramdan artıq olmamalıdır. Amma belə bir texnologiya bizdə hələ yoxdur. Balıqda şişmə o halda ola bilər ki, köhnə olsun. Adətən, balıq köhnə olduqda qarın və bel nahiyəsində şişmə baş verir. Onu da barmaqla yoxlamaq mümkündür. Barmağı basdıqda əgər balığın əti içəri batır və əvvəlki formasını almadan, belə vəziyyətdə qalırsa, deməli, köhnədir. Bundan başqa, balığın köhnə olması qəlsəmələrindən də bilinir. Qəlsəmələri qırmızı deyil, bulanıq bozarmış rəngə çalırsa, köhnədir. Balıqlar əgər bazar və yarmarkalarda baytarlıq laboratoriyalarının nəzarəti altında satılırsa, bu məhsullarda saxtakarlıqlar edilməyinə imkan verilmir".
"Quş əti idxalına hələ də qadağa var"
Qeyd edək ki, may ayından Türkiyənin on üç, iyun ayından isə İranın bir əyalətində yetişdirilən quş ətlərinin ölkəyə idxalına müvəqqəti məhdudiyyət qoyulub. Bu məhdudiyyət davam edirmi?
Y.Xanvəli bildirdi ki, bəzən yanlışlıqla bu məhdudiyyətin Türkiyə və İrandan gətirilən bütün toyuq və toyuq məhsullarına aid olduğu deyilir: "Halbuki Türkiyənin Balıkəsir bölgəsində və İranın Mazandaran əyalətində quş qripi ilə əlaqədar neqativ hallar aşkarlanıb. Məhdudiyyət o zaman götürüləcək ki, Beynəlxalq Epizodik Büro həmin ərazinin sağlam olması barədə məlumat versin".
Quş qripi ilə əlaqədar indiyədək 3 dəfə monitorinq aparıldığını deyən DBXN rəsmisi qeyd etdi ki, 6 mindən artıq qan və patoloji materiallardan götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında quş qripinin müxtəlif tiplərinə görə müayinə edilib və bu xəstəlik aşkarlanmayıb: "Növbəti monitorinq isə payız miqrasiyası dövründə keçiriləcək".
"Mal-qarada təhlükəli xəstəlik qeydə alınmayıb"
Mal-qarada ötən il nodulyar dermodid, inşil bünyavirus aşkarlandığını vurğulayan Y.Xanvəli bildirdi ki, bu il belə təhlükəli vəziyyət qeydə alınmayıb: "Azərbaycanda qeydə alınan modulyar dermodid virusunun ştampına uyğun vaksinlər bu il cənab Heydər Əsədovun nəzarəti əsasında alındı və may ayınadək bütün təsərrüfatlarada tətbiq edildi və hələlik nə bu xəstəlik, nə də bünyavirus qeydə alınmayıb".
Balıq sənayesi müəssisələrinin də nəzarətdə olduğunu deyən Yolçu Xanvəli dedi ki, balıqlar arasında da hər hansı xəstəlik aşkarlanmayıb: "Balıqlar arasında adətən invazion xəstəliklər olur. Balığın bağırsaq və üst qatlarında qurda təsadüf olunur. Belə hal aşkarlandıqda bu balıqlar satışdan çıxarılmalıdır. Amma biz balıqlar arasında insan qidası üçün təhlükəli olan belə hala təsadüf etməmişik. Doğrudur balıqdan insanlar daha çox zəhərlənir, çünki balıqda botulizm xəstəliyinin törədicilərinə çox rast gəlinə bilər. Ona görə də insanlarımız balıq alarkən yalnız satışına qanuni icazə verilən yerlərdən almaları tövsiyə olunur”.