31 İyul 2015 17:36
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə iyulun 20-29-da Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vuruldu. Bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə, 250-dən artıq kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər və qrup rəhbərləri iştirak ediblər.

Teleqraf.com azərtac-a istinadən xəbər verir ki, iyulun 28-də Heydər Əliyev Mərkəzində bu ümumdünya bilik yarışmasının bağlanış mərasimi keçirilib. Mərasimin əvvəlində Olimpiadanın gedişini, imtahanları, iştirakçıların əyləncə saatlarını əks etdirən film nümayiş etdirilib. Olimpiadanın Elmi Komitəsinin sədri, professor Fikrət Quliyevin imtahanların keçirilməsi ilə bağlı hesabatı dinlənilib.

Ən yaxşı Olimpiada

Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li Olimpiada barədə təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüb. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yüksək təşkilatçılıq fəaliyyətini qeyd edərək, Olimpiadanın keçirilməsində əməyi olan hər bir kəsə, xüsusilə yarışmanın prezidenti, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirib. Bakıda təşkil olunan tədbiri indiyə kimi iştirak etdiyi "Ən yaxşı Olimpiada" kimi qiymətləndirib.


190 medal sahiblərini tapdı

Tədbirdə Olimpiadanın qaliblərinə medal və mükafatlar təqdim edilib. İlk olaraq medal almağa çox yaxın göstəricilər əldə etmiş 10 məktəbli "Fəxri fərman"a və hədiyyələrə layiq görülüb. Daha sonra ən böyük medalçı qrupu - bürünc medal sahiblərinin adları açıqlanıb. Bürünc medallar Olimpiadanın təşkilat komitəsinin üzvləri, akademik Akif Əzizov, YUPAC Beynəlxalq kimya təşkilatının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Nataliya Tarasova, BKO-nun elmi komitəsinin həmsədri, Moskva Dövlət Universitetinin kimya fakültəsinin professoru Aleksandr Qladilin tərəfindən təqdim olunub. Ümumilikdə 92 nəfər bürünc medala layiq görülüb. Bürünc medalçılar arasında 51 ölkənin təmsilçiləri vardı.

Gümüş medalçılara isə mükafatı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Tofiq Nağıyev təqdim ediblər. 33 ölkədən 63 nəfər Ümumdünya Kimya Olimpiadasının gümüş medalını qazanıb.

Nəhayət, Olimpiadada ən yüksək nəticə göstərərək qızıl medal əldə edən məktəblilərin adları açıqlanıb. Onlara mükafatı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayeva və Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li təqdim ediblər. Bakıdakı yarışma 22 ölkədən olan 35 iştirakçıya qızıl medal bəxş edib.

Birincilərin birincisi

Ən yüksək bal toplayan məktəbliyə "Birincilər birincisi" mükafatını Bakıdakı Dünya Kimya Olimpiadasının bütün təşkilat yükünü öz çiyinlərində daşıyan, bu 10 gün ərzində gənc kimyaçıların doğma evinə çevrilən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva təqdim edib. Nəticələrə görə, Çin komandasının üzvü Yifu Ouyanq həm "Birincilər birincisi", həm də "Ən yaxşı nəzəriyyəçi" adına layiq görülüb. ABŞ təmsilçisi David İ-Hsuan Vanq "Ən yaxşı təcrübəçi" adını qazanıb.

Azərbaycanlı şagirdlər medalçılar sırasında

Azərbaycan komandası üzvlərindən də yüksək nəticə göstərən şagirdlərimiz olub. Akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və "İstək" liseyinin 10-cu sinif şagirdi Hüseyn Babayev bürünc medala yiyələniblər.

Rəsmi mərasimdən sonra səhnəyə "Natiq" ritm qrupu, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxıb. Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov və "Eurovision" təmsilçimiz Səbinə Babayevanın dueti maraqla qarşılanan musiqi nömrələrindən birinə çevrilib. "Chemical Boys" qrupunun çıxışı, Səbinə Babayevanın məşhur "Sway" mahnısını ifası mərasimin bədii hissəsinə xüsusi rəng qatıb.


Müəllif:

Oxşar xəbərlər