1 Avqust 2015 21:44
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarif Şurası həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiymətini təsdiq edib. Şuradan verilən məlumata görə, həmin dərman vasitələrinin qiymətləri, eləcə də, rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək.

Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib.

Dərmanlar yenə ucuzlaşacaq

Qeyd edək ki, İqtisadiyyat və Sənaye naziri, Tarif Şurasının sədri Şahin Mustafayev dekabrın sonuna kimi mütəmadi dərmanların qiymətində ucuzlaşma gedəcəyini bildirib. Nazir mətbuata müsahibəsində bu barədə məlumat verib: “Ölkədə 4500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsi var. Bu dərman vasitələrinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı müxtəlif olduğundan qiyməti tənzimlənəcək dərman vasitələrinin sayı qeyd olunan rəqəmdən də çoxdur”.

Şahin Mustafayev bildirib ki, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur: “Hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsinin aparıldığını nəzərə alsaq, bu işin vaxt və məsuliyyət baxımından uzun proses tələb etdiyi məlum olur. Qeyd olunan məsələlər nəzərə alınaraq, qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılıb”.

Onun sözlərinə görə, hər dəfə dərman vasitələrinin qiymətləri təsdiqləndikcə Tarif (qiymət) Şurasının müvafiq qərarı, qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək.

Şahin Mustafayev bildirib ki, Tarif (qiymət) Şurasının bu məsələ ilə bağlı ilk qərarı ilə qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb: “Ümumilikdə, hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enib, qalan hissəsinin qiyməti isə dəyişməyib”.

Tibbi sığortada dönüş

Bu arada Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi könüllü tibbi sığortaya da təsir edib-etməyəcəyi mövzusunu gündəmə gətirir. Bu barədə məlumat verən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyir ki, dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləməsi birmənalı şəkildə tibbi sığortaya müsbət təsir göstərəcək: “Çünki sığorta ödəmələri dərmanların qiymətlərindən asılıdır. Qiymətlər qalxırsa, müvafiq olaraq, ödəmə həcmləri də artır. İndi isə qiymətlərin süni artımının qarşısı alınacaq ki, bu da tibbi sığortada ən azı zərərin artmasına imkan yaratmayacaq”.

Qeyd edək ki, tibbi sığorta təminatının tərkib hissələrindən biri dərmanlardır. Yəni vətəndaşın tibbi sığortasına dərman vasitələri ilə təminat da daxildir. İndiki halda əczaçılıq məhsullarının qiymətləri həddən artıq fərqli olduğundan sığorta şirkətləri ödənişin hesablanması zamanı yanlışlıq baş verdiyini bildirir.

Orxan Bayarmovun sözlərinə görə, dərmanların qiyməti konkret bəlli olduqdan sonra bu problem də aradan qalxacaq: “Tənzimlənən qiymət olduqda sığorta şirkətləri də əvvəlcədən həm riskini, həm də sığorta haqqını çox rahatlıqla hesablaya bilir. Bu isə risklərin qarşısının müəyyən qədər alınması deməkdir. Bu, həm də vətəndaşla sığorta şirkəti arasında mübahisələrə son qoya bilər. Şirkətin hansısa apteklə əməkdaşlığı ehtimalı da aradan qalxır”.

Xatırladaq ki, dərman bazarında araşdırma aparılması və qiymət siyasətinə yenidən baxılması barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında göstəriş vermişdi.

Naibə


Müəllif:

Oxşar xəbərlər