23 Dekabr 2015 11:48
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Problemləri İnstitutu (TPİ) dünən “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası və təhsildə metodik xidmət” mövzusunda elmi-praktik konfrans keçirdi.

TPİ-nun direktoru Qulu Novruzov bildirdi ki, tədbir strategiyadan irəli gələn aidiyyəti tələblərin metodkabinetlər vasitəsilə səmərəli reallaşdırılması, hesabatların nəticələri, pedaqoji kadrların peşəkar inkişafı, metodkabinetlərin fəaliyyətinin gücləndirilməsi və digər bu kimi vacib məsələlərə həsr olunub.

TPİ-nin illik fəaliyyət planı və gələcəkdə gerçəkləşdiriləcək tədbirlər haqqında məlumat verən Qulu Novruzov ümumi təhsil sahəsində köklü islahatların aparılması, metodiki işin məzmunu və formalarının təkmiləşdirilməsi, rayon, şəhər təhsil şöbəsi metodiki kabinetlərin, metodik mərkəzin fəaliyyətinin daha səmərəli təşkilindən söz açdı. Metodik mərkəzlərdə çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və metodik xidmət sahəsində bacarıqlarının artırılması, metodik xidmətin təşkilində müasir texnologiya və mexanizmlərin tətbiq edilməsi zərurətinin vacibliyini dünya təcrübəsinin öyrənilməsi və tətbiqindən irəli gəldiyini vurğuladı.

TPİ direktoru qeyd etdi ki, mövcud metodik sistemin təşkilati struktur baxımından yenilənməsi və məzmununun təkmilləşdirilməsinə ehtiyac var: “Dünya son 10 ildə çox dəyişib, bu da təhsilin xarakterində, mahiyyətində öz əksini tapıb. Ona görə də müəllim özündə yenilik axtarmalıdır. Azərbaycanda olan 150 min müəllimdən söhbət gedirsə, bu, kifayət qədər böyük rəqəmdir. Müəllim hər gün öz biliyini yeniləməlidirsə, təhsildə metodiki xidmət də xarakterini dəyişməlidir”.

Qulu Novruzov qeyd etdi ki, 2015-ci ilin iyun ayında institut tərəfindən rayon təhsil şöbələrinin metodiki kabinetlərinin fəaliyyətinin gücləndirilməsi və strategiyada nəzərdə tutulan məsələləri müzakirə etmək məqsədilə Göy-göl, Masallı, Sumqayıt, Şamaxı və Şəki şəhərlərində zona müşavirələri keçirilib: “Müşavirələrdə yerli təhsil şöbələrinin rəhbər şəxsləri, metodiki kabinetlərin müdirləri, metodistlər, müəllimlər, məktəb rəhbərləri iştirak ediblər”.

Konfransda TPİ-nin əlavə təhsilin kurrikulumu şöbəsinin müdiri Afaq Əliyevanın mövzu ilə bağlı elektron təqdimat-məruzəsi dinlənildi. O, hazırda metodiki xidmət sahəsində mövcud vəziyyətdən danışdı. Bildirdi ki, ölkə üzrə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 73 şəhər və rayon təhsil şöbələri fəaliyyət göstərir və 73 komanda metod kabinetlərin fəaliyyəti ilə bağlı üzərində böyük məsuliyyət daşıyır. TPİ-yə metodkabinetlərin fəaliyyəti ilə bağlı təqdim olunan hesabatlar araşdırılıb, şəhər və rayonlar üzrə metodiki kabinetlərdə görülmüş işlərin vəziyyəti ümumiləşdirilib: “Araşdırma zamanı məlum olub ki, metodiki kabinetlər fəaliyyətlərini öz əsasnamələrinə uyğun qurmaqda çətinlik çəkiblər. Ümumiyyətlə, təhsil sahəsində ən aşağı maaşı metodistlər alır. Bu gün metodistlərin əmək haqlarının artırılmasına ehtiyac var”.

Onun sözlərinə görə, fənn kurikulumlarının yeni təlim-texnologiyalar əsasında tədrisində ən böyük problem əslində müəllimlərin peşəkarlığı ilə bağlıdır: “Yaxşı olardı ki, yerlərdə metodik resurslarla bağlı müəllimlərin tələbləri ödənilsin. Azərbaycanda 2007-ci ildən fənn kurrikulumunun tətbiq olunmasına baxmayaraq, fənn kurrikulumlarını lazımınca dərk edən müəllim, məktəb rəhbərləri, metodistlər azdır. Müəllimlər, məktəb rəhbərləri, metodistlər bu işdə kifayət qədər çətinliklə üzləşirlər”.

O bildirdi ki, 2011-ci ildən Azərbaycanın bütün məktəblərində fənn kurrikulumları ilə bağlı seminarların keçirilməsinə baxmayaraq, bu sahədə problem hələ də qalır: “Eyni zamanda, artıq 4 ildir ki, Təhsil Nazirliyi çox şəffaf şəkildə imtahanlar keçirir və bu imtahanlar vasitəsilə müəllimlər işə qəbul edilir, vakant yerlərə təyin olunurlar. Gəlin baxaq, imtahanlarda yüksək nəticə göstərən müəllimlərin doğrudanmı hamısı fənn kurrikulumlarının tətbiqində, yaxud innovativ metodların reallaşdırılmasında özünü doğruldur?!”

Şöbə müdiri əlavə etdi ki, məktəb rəhbərləri metodistlərin daim məktəbdə olmasına maraq göstərməlidirlər.

TPİ-nin Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov dedi ki, hesabatlılıq idarəetmənin 3 vacib faktorundan biridir. Metodistlərin hesabat qabiliyyətinin aşağı olması acınacaqlı faktdır: “Pedaqoji elmin üzərinə böyük vəzifə düşür. Təhsil strategiyasında qeyd olunur ki, yeni texnologiyalar müəllimlərə öyrədilməlidir. Bu işdə metodkabinetlərin ən başlıca funksiyası qabaqcıl təcrübəni öyrənib yaymaqdır. Bu gün müəllimin inkişafını metodiki kabinetlər təmin etməlidir. Belə kabinetlərin fəaliyyət planında məktəbin necə idarə olunması əks olunmalıdır. Ona görə də metodiki işin sistemi yenilənməlidir.

Hazırkı təhsil sistemində artıq inspektor anlayışı yoxdur, mütəxəssis sözü işləkdir, yəni demokratik təhsilin funksiyasında öyrədicilik, daim öyrənmək əsasdır. Müəllimə hərbə-zorba ilə, cəza üsulu ilə, inzibati qaydalarla yox, müasir informasiyalarla, yeni fikirlərlə təmin etməklə öyrətmək olar. Bu gün təhsil texnologiyalarının mərkəzində dayanan əsas nüans məhəbbətdir, sevgidir. Metodiki işin də mahiyyətində bu məsələ dayanmalıdır".

Konfransda TPİ-nin “Təhsil Texnologiyaları Mərkəzi”-nin mətbəəsində nəşr olunmuş 20-yə qədər metodiki vəsait, müəllimlərin tədrisdə istifadə edə biləcəyi resurslar və digər elmi nəşrlərin yer aldığı kitablar da sərgiləndi.

Konfransda ölkənin bütün yerli təhsil şöbələrinin, metodkabinetlərin nümayəndə və rəhbərləri, ümumtəhsil müəssisələrinin inzibati rəhbərləri, müəllimlər, TPİ-nin alim-professor heyəti, o cümlədən qabaqcıl elm və təhsil xadimləri, KİV nümayəndələri iştirak etdilər.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər