29 Dekabr 2015 17:54
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il bayramı münasibətilə Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirlikləri və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığıyla paytaxtda ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir. Dekabrın 26-dan 31-dək davam edəcək bayram yarmarkaları Bakının 5 ünvanında - Dərnəgüldə, “Bakı” kinoteatrının yanında, Keşlə bazarı yaxınlığında, Badamdar və Əmircan qəsəbələrində təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) nümayəndələrinin verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyi ilə birgə ümumi bazarlarda monitorinqlər aparılıb, qiymətlər müəyyənləşdirilib və bazarla müqayisədə bu nəticəyə gəlinib ki, yarmarkada qiymətlər 20-30 faiz ucuzdur.

Alma, heyva 3 kiloqramı 1 manata

Yarmarkalardakı vəziyyətlə tanış olmaq üçün Dərnəgül yarmarkasına üz tutduq, qiymətlərlə maraqlandıq, alıcı, satıcı və KTN-nin nümayəndələri ilə söhbət etdik.

İlk baxışda bazarda seyrəklikdi. Meyvə-tərəvəzin qiyməti belədi: kartof-soğanın kiloqramı 60 qəpik-1 manat, balqabağın kilosu 30-40, kələminki 25, turp 30-40, kök 40, göyərtinin dəstəsi 10-20 qəpikdir. Meyvələrin qiyməti də növlərinə görə müxtəlifdir. Məsələn, 3 kiloqramı 1 manat olan alma da vardı, 1 kiloqramı 1 manata olan da. Qızıləhmədi almasının kiloqramı 1-2 manatdı.

Onu da deyək ki, əmtəə görünüşü gözəl olan, keyfiyyətli Qızıləhmədi almasına rast gəlmədik. Armud 1 manat 50 qəpik - 2 manat 50 qəpik, naringi 1-1 manat 50 qəpik, heyva 50 qəpik - 1 manat (bəzi yerlərdə 3 kiloqramı 1 manat), narın qiyməti 1-2 manat arasında dəyişir. Yerli xurma isə 50 qəpikdir.

Ət məhsullarına gəlincə, kənd toyuğu 2,5-4 manat arası, hinduşka ətinin kiloqramı 9, mal və qoyun ətininki isə 5-6 manatadır. Diri hinduşkanın 15-20 manata satışına rast gəldik. Kənd yumurtasının biri 15 qəpikdən təklif edilir. Balıqların da qiyməti növündən asılı olaraq dəyişir, ən ucuz balıq 1 man 20 qəpik, ən bahası 6-7 manatadır.

Südün litri 1 manata, qatığınkı 1 manata, şor-pendirinki isə 5 manata qədərdi.

Yerli düyü 1 manat 70 qəpikdən 5 manata qədər...

Şəki düyüsünün bir kiloqramı: yumru - 1 manat 70 qəpiyə, uzun - 2 manata, Astara düyüsü: yumru - 3 manat, uzun - 5 manatadır.

Çərəzlərdən qoz-fındığı 3-6 , şabalıdı 5-6, badamı kiloqramı 7 manata almaq mümkündür. Hind qozunun kiloqramını 4 manat 80 qəpiyə rast gəldik.

Bazarda yerli məhsulla yanaşı ixrac məhsulları da var. Banan 2 manat 50 qəpik, portağal 2 manat 20 qəpiyə, armud 2-3 manata satılır.

Fransız yağının kiloqramı 10 manatadır. Xaricdən idxal olunan xurma və çərəzlərin qiymətində də hələ ki artım yoxdur. Xurma 4 manata, alça turşusu 4-6 manat, qoz-fındıq ləpəsinin kilosu isə 10-11 manatdır.
Ordubaddan olduğunu deyən quru meyvə satıcısı bildirdi ki, satdığı məhsullar içərisində yalnız badam və alça qurusu yerli məhsuldur, yerdə qalanlar xaricidən gətirilib: “Hələlik quru meyvələrdən heç birinin qiymətində artım etməmişəm. İran xurması da, İraq xurması da başqa bazarlarda 6-7 manatdırsa, mən 4 manata satıram. Onsuz da alıcı azdır, baha desəm, heç yaxın duran olmaz”.

Sabirabaddan göyərti gətirdiyini deyən satıcı isə bildirdi ki, hər həftənin 6-cı və bazar günləri yarmarkaya öz məhsulunu gətirir, həmişə 10 qəpiyə satıb, indi də eyni qiymətdir: “Alver zəifdir. Ötən il bayram bazarlığına gələnlərin əlindən bazarda tərpənmək olmurdu, bu il bir az seyrəklikdi”.

Satıcıların problemləri ilə də maraqlandıq. Dedilər ki, yarmarkanın işıqlandırması yoxdur, hava tez qaraldığına görə problem yaranır.

Nazirliyin nümayəndəsi Fariz Əliyev işıqlandırma ilə bağlı dedi ki, satış mərkəzinə elektrik xətti çəkilməkdədir: “Uzaqbaşı sabah burada işıqlar yandırılacaq”.

“Biz qiymət qoya bilmərik”

Qiymətlərə nəzarətin necə təmin olunması ilə maraqlandıq. Fariz Əliyev dedi ki, istər Kənd Təsərrüfatı, istərsə də Sənaye və İqtisadiyyat nazirliklərinin nümayəndələri olsun, onların qiymət qoymaq səlahiyyətləri yoxdur: “Sadəcə, başqa bazarla müqayisə aparıb, satıcılara öz tövsiyələrimizi verə bilirik. Əlbəttə, indiki şəraitdə fermerlərin də istehlak tələbatları nəzərə alınmalıdı, onların da maraqları təmin olunmalıdı ki, növbəti il üçün məhsul yetişdirə bilsinlər. Amma qiymətdə insafsızlıq edənləri, əlbəttə, özbaşına buraxmaq olmaz.

Digər bir məsələni də deyim ki, yarmarkaları gözdən salmaq istəyən qüvvələr var. Bura yaxınlıqda bazar yerləşir, o bazarın adamları gəlib burada dolanır, qiymətlərin bahalığından gileylənib, adamları buradan iraq salırlar. Devalvasiya problemi bütün dünya ölkələrində yaşanır. Bizdəki vəziyyət göz önündədir. Əhalinin alıcılıq qabiliyyəti müəyyən qədər aşağı düşüb. Aztəminatlı ailələr gəlib buradan bazarlıq edir, ehtiyaclarını qismən də olsa ödəyirlər. Ona görə insafla danışmaq lazımdır ki, əhalinin yarmarkalara inamı qırılmasın. Qiymətlər bazarlardakından 20-30 faiz ucuzdur".

“Əti mən də buradan alıram”

Fariz Əliyev onu da dedi ki, bazardakı yarmarkada satılan bitki və heyvan mənşəli məhsullar fitosanitar və baytarlıq nəzarətindən keçirildiyi üçün məhsullara təminat verilir: “Biz özümüz də burdakı mal-heyvan ətindən alıb evimizə aparırıq. Mal-qoyun əti satılan istənilən piştaxtaya yaxınlaşıb, onların baytarlıq şəhadətnaməsi ilə maraqlana bilərsiniz”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyevin sözlərinə görə, bu il yarmarkalara çıxarılan məhsulların qiymətində da heç bir artım yoxdur, süni şəkildə qiymət artımına yol verənlər yarmarkadan uzaqlaşdırılır. Gətirilən məhsulların keyfiyyəti yoxlanıldıqdan sonra yarmarkaya buraxılır: “Hazırda yarmarkaya Quba, Salyan, Cəlilabad, Ağdaş, Masallı, Sabirabaddan kənd təsərrüfatı məhsulları gətirilib. Dekabrın 31-dək onların çeşidi artırılacaq. Həmçinin İqtisadi İnkişaf Nazirliyinin razılığı ilə yerli şirkətlər də öz məhsullarını təqdim edir.

Ötən illərdən fərqli olaraq bu il həm də sənaye istehsalı məhsulları bazara çıxarılıb və heç bir süni artım olmadan, öz qiymətinə satılır. Vətəndaşlardan xahişimiz odur ki, qiymətlərlə bağlı hər hansı bir problemlə qarşılaşdıqda bizə müraciət etsinlər".

Qeyd edək ki, bu il Sumqayıt şəhərində də kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər