14 Yanvar 2016 12:26
5 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyada tullantısız, az tullantılı sənaye məhsulları və təkrar istehsal aktual məsələlərdən hesab olunur. Mütəxəssislərin fikrincə, istehsalatın demək olar ki, bütün sahələrində istifadə edilən kağız məhsullarını əldə etmək üçün ən əlverişlisi təkrar istehsaldır.

Elm və təhsil ocaqlarında, nəşriyyatlarda, mətbu orqanlarda, məişətdə, həmçinin yüngül və yeyinti sənayesində kağız və ondan hazırlanan məhsullara böyük ehtiyac var. Ölkəmizdəki mövcud meşə sahəsi kağız istehsalı üçün zəruri olan ağacdan əsas xammal kimi istifadə etməyə imkan vermədiyinə görə xammal əsasən Rusiyadan gətirilir.

1 ton kağıza 17 şam ağacı qurban verilir

Statistikaya görə, 1 ton kağız istehsalı üçün 17 şam ağacı kəsilməli, 36 ton karbon qazı atmosferə atılmalı, 4100 kilovat elektrik enerjisinin sərf olunmalı, 267 kq çirkli qaz atmosferə buraxılmalı, 1750 litr yanacaq nefti sərf olunmalı, 3-4 kvadratmetrlik anbarlama sahəsindən istifadə edilməli, 85 kvadratmetr meşə ərazisi məhv edilməli, 38,8 ton su sərf olunmalıdır.

Ona görə də ekoloqlar ən münasib yolu təkrar emalda görürlər.

3 fevral 2014-cü ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC ilə birgə həyata keçirilən “Hər kağızı bir yarpağa dəyişək” layihəsini icra edir.
“ASAN” Könüllüləri təşkilatının mətbuat əlaqələndiricisi Nicat Əmiraslanovun verdiyi məlumata görə, “Yaşıl ASAN” təşəbbüsçüləri özündə 200-dən çox könüllünü birləşdirən “Yaşıl ASAN”çılar tərəfindən “ASAN xidmət” mərkəzlərilə yanaşı universitet, məktəb, bağça bir sıra müəssisələrdə kağızların toplanılması üçün qutular yerləşdirib: “Bütün bunlarla yanaşı, müxtəlif vaxtlarda Sumqayıt, Sabirabad, Bərdədə təşkil olunmuş ”Yaşıl Dağ" aksiyaları da daxil olmaqla “Yaşıl ASAN” təşəbbüsü tərəfindən 200 tondan çox kağız toplanılıb".

Nicat Əmiraslnovun sözlərinə görə, layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.

Tualet kağızı, mətbəx dəsmalı, nəm salfetlər...

Bakı şəhəri və ayrı-ayrı regionlardan toplanmış kağız tullantıları Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatına gətirilir. “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan kombinat 1997-ci ildə yaradılarkən illik istehsal gücü 2 milyon qutu olub.

“Azərsun Holding”in saytında kombinatın fəaliyyəti haqqında məlumatda göstərilir ki, kağız istehsalı müəssisəsi hazırda hər növ kağız dəsmalı, tualet kağızı, qutu və mətbəx dəsmalları, nəm salfetlər istehsal edir. Müasir texniki avadanlıqlarla təchiz olunmuş bu müəssisə postsovet məkanının lideridir.

Müəssisənin istehsal etdiyi məhsullar bütün seqmentləri əhatə edir və yüksək standartlara cavab verir.
“Azərsun Holding”in İctimaiyyətlə Əlaqələr Departamentindən Rza Məmmədovun sözlərinə görə, 2014-cü ildə Azərbaycan Kağız və Karton İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabriki istismara verilib. Müəssisənin illik istehsal gücü 50 min tondur. Fabrikin başlıca özəlliyi xammalın 90 faizinin tullantı kağızlarından əldə edilməsidir ki, bu da ekoloji tarazlığın qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və enerji resurslarının qorunmasında mühüm rol oynayır: “Fabrik ölkənin karton tələbatını 100 faiz qarşılayan yeganə müəssisədir. Fabrikdə istehsal olunan məhsullar Gürcüstan, İran, Türkmənistan, Türkiyə, Qazaxıstan kimi ölkələrə ixrac edilir. İxracat istehsal olunan məhsulların 10 faizini təşkil edir ki, 2016-cı ildə bu rəqəmin 20-25 faizə qaldırılması nəzərdə tutulub”.

Bakıda tullantı kağızların toplama məntəqəsi Ziya Bünyadov küçəsi, 20/97 ünvanında yerləşir. Toplanan tullantı kağızlar əvvəlcə yad maddədən təmizlənir. Daha sonra təxminən 600 və 800 kiloqram ağırlığında olan kağızlar preslənərək təkrar istehsala verilir.

İlkin mərhələdə kağız tullantılar su ilə qarışdırılaraq xəmir halına salınır. İçərisinə müxtəlif kimyəvi maddələr əlavə olunaraq aparatlar vasitəsilə qurudulur və hazır hala gəldikdən sonra xüsusi laboratoriyada standartlara uyğun olub-olmadığı yoxlanılır.

Əgər istifadəyə yararlı deyilsə, yenidən emal olunaraq proses təkrarlanır. Tullantı kağız məhsulları beş-altı dəfə təkrar emal olunduqda, tərkibindəki liflər öz keyfiyyətini saxlaya bilir. Bu proses bir neçə dəfə təkrar oluna bilər. Bu zaman isə kağızın keyfiyyətini artırmaq üçün daha çox nişasta və digər maddələr əlavə olunmalıdır.

Mütəxəssislərin bildirdiyinə görə, Türkiyə və İran kimi qonşu ölkələrdə kağız on dəfədən artıq emal edilir. Bu zaman təbii ki, kağızın tərkibindəki lazımi maddələr öz funksiyasını itirir və əlavə olunacaq kimyəvi maddələrin miqdarını artırmaq lazım gəlir.

Ancaq tullantı kağızın normal emalı 5-6 dəfə olarsa, keyfiyyətli məhsul əldə etmək mümkündür.
“Azərsun Holding” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərovun sözlərinə görə, IDEA və “ASAN” xidmətin birgə reallaşdırdığı “Yaşıl ASAN” layihəsi olduqca əhəmiyyətli effekt verib: “Bu layihə xüsusən maarifləndirmə baxımından ictimai dəyəri daha yüksəkdir”.
Afiq Səfərov dedi ki, gələcəkdə çap mətbuatı üçün qəzet kağızı istehsal etmək də nəzərdə tutulub.

Ağac tullantılarından da xammal kimi istifadə oluna bilər

Ekoloq Fəqan Əliyevin sözlərinə görə, kağız istehsalı üçün tullantı kağızların təkrar istehsala yönləndirilməsi ilə yanaşı, Rusiyadan ölkəyə gətirilən ağac məhsulları arasında kağız istehsalına yarayan ağacların da kağız istehsalına yönləndirilməsi məqsədəuyğundur: “Ölkəyə idxal olunan ağac və şalban materialları müxtəlif sahələrdə emala yönləndirlir. Amma bu məhsullar tullantıya çevrildikdə xammal olaraq kağız istehsalına da cəlb oluna bilər ki, bu da kağız toplantısında əməyi yüngülləşdirər”.

Sevil Hilalqızı


Müəllif: